Azərbaycanın xarici siyasətində Pakistan İslam Respublikasının da xüsusi yeri və əhəmiyyəti vardır. Qardaşlıq telləri ilə bir-birinə sıx bağlanan xalqlarımızın və dövlətlərimizin həmrəyliyi və birliyi tarixin sınaqlarından çıxmışdır. Bu birlik dövrümüzün yüksək təqdirəlayiq gerçəkliyi və gələcək qarşılıqlı əlaqələrimizin daha da genişlənməsinin etibarlı təminatıdır.
Ulu Öndər Heydər Əliyev ölkəmizin xarici siyasətində Pakistanla dostluq münasibətlərinin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət vermişdir. Prezident İlham Əliyev də Azərbaycan-Pakistan münasibətlərini diqqət mərkəzində saxlamış, bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün ardıcıl siyasət həyata keçirmişdir.
Xüsusilə vurğulanmalıdır ki, cari ilin fevral ayının 23-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Pakistanın Baş nazirinin təbirincə desək, bu səfər qardaşlıq əlaqələrində həlledici məqam və iki ölkə arasında yüksək səviyyəli əməkdaşlığın yeni dövrünün xəbərçisi oldu. Bundan başqa, imzalanmış sənədlərin Bakı ilə İslamabad arasında möhkəm dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişafı üçün yeni perspektivlər açacağı şübhəsizdir. Qeyd olunduğu kimi, əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar var və tərəflər ciddi şəkildə qarşılıqlı fəaliyyətin artırılmasına təkan verəcək.
Azərbaycan və Pakistan münasibətlərini qarşılıqlı dəstək, səmimiyyət və hörmət üzərində qurmuş iki dost, qardaş dövlətdir. Bu gün tərəflər bütün sahələrdə - siyasi, iqtisadi, enerji, hərbi, humanitar, mədəni sahələrdə əlaqələri gücləndirirlər. Münasibətlərin mühüm xüsusiyyəti Pakistanın da Türkiyə kimi həmişə ədalətin tərəfində olması, Azərbaycanın haqq işini daim dəstəkləməsidir.
Beynəlxalq əməkdaşlığın təşviqi və qlobal tərəfdaşlığın möhkəmləndirilməsində diplomatik münasibətlər əsas rol oynayır. Bu baxımdan, Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələrin qurulması sonrakı mərhələlərdə iki ölkə arasında əməkdaşlığın inkişafına şərait yaratmışdır. Bakıda səfirliyini açmış ilk dövlətlərdən biri olan Pakistan Ermənistanın Azərbaycana qarşı təcavüzünə hər zaman birmənalı münasibət bildirmiş, erməni işğalına etiraz əlaməti olaraq bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mənafeyini müdafiə etmişdir.
Ümumilikdə götürsək, Azərbaycan ilə Pakistanın hər zaman birgə addımlaması, iki dost dövlət arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsi ölkələrimizin inkişafına, xalqlarımızın rifahına böyük töhfələr verəcək, eləcə də, regionda və dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət edəcəkdir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri