PDF Oxu

Siyasət

  • 1 135

Azərbaycan və Pakistan arasında qardaşlıq və strateji tərəfdaşlığın yeni səhifəsi

image

Azərbaycan və Pakistan arasında uzun illər ərzində formalaşmış güclü qardaşlıq əlaqələri bu gün daha yüksək səviyyəyə çatmışdır. Bu gün ölkələrimiz arasında münasibətlər təkcə siyasi sahə ilə məhdudlaşmır, həmçinin iqtisadi, investisiya və müdafiə sənayesi kimi strateji sahələri də əhatə edir. Pakistan ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması, sərmayə qoyuluşu və birgə layihələrin icrası prioritet məsələlərdəndir. Pakistanın 44 günlük Vətən müharibəsində Azərbaycana göstərdiyi açıq siyasi və mənəvi dəstək bu münasibətlərin nə qədər güclü olduğunu, bir daha sübut etdi.

Azərbaycan və Pakistan beynəlxalq təşkilatlarda daim bir-birini dəstəkləyir. Dövlətlərimiz BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda eyni mövqedən çıxış edir. Pakistanın Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək və Azərbaycanın Pakistanın haqlı mövqeyini müdafiə etməsi münasibətlərin nə qədər yaxın olduğunu sübut edir.Xüsusilə, Ermənistanın 30 il ərzində Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxladığı dövrdə Pakistanın Ermənistanı tanımaması və Azərbaycanın haqq işinə birmənalı dəstəyi mühüm tarixi məqamdır.
Cari ilin 24 fevral tarixində Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifi ölkəmizə dövlət səfəri etmişdir. Səfər çərçivəsində Bakıda mühüm sənədlər imzalanıb, dövlət başçılarının görüşləri və Azərbaycan-Pakistan biznes forumu keçirilib.
Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü çərçivəsində mətbuata bəyanatla çıxışı iki ölkə arasında sıx münasibətlərin və strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərdi. Görüş zamanı iqtisadiyyat, müdafiə, nəqliyyat və digər mühüm sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.Azərbaycan və Pakistan arasındakı münasibətlər qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir və suverenlik, ərazi bütövlüyü məsələlərində vahid mövqedən çıxış edir.
Prezident İlham Əliyev və Baş nazir Şahbaz Şərif ticarət dövriyyəsinin aşağı səviyyədə olduğunu qeyd edərək, onu artırmaq üçün konkret addımlar atmağa razılaşıblar. Görüş zamanı iqtisadi əməkdaşlıq üçün yeni istiqamətlər müəyyənləşdirilib və sənədlərin imzalanması üçün aprel ayına qədər yekun müzakirələrin aparılması qərara alınıb.Pakistanın müdafiə sənayesinin istehsal etdiyi avadanlığın keyfiyyətindən məmnun qalan Azərbaycan bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir. Görüşdə müdafiə sənayesi məhsullarının birgə istehsalı və ixrac potensialının artırılması məsələləri də müzakirə edilib.
Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rolu müzakirə edilərək, Şimal-Cənub və Şərq-Qərb dəhlizləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi planları açıqlanıb. Bu istiqamətdə imzalanan müqavilələrin və planların həm iqtisadi inkişaf, həm də regional sabitlik üçün vacib olduğu vurğulanıb.Prezident İlham Əliyev Pakistanın Azərbaycanın ən yaxın dost və qardaş ölkələrindən biri olduğunu bir daha vurğulayıb. İki ölkə arasında mədəni və turizm əlaqələrinin inkişaf etdiyi, uçuşların sayının artırılması və xalqlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunub.
Daha sonra Prezident İlham Əliyev Azərbaycan-Pakistan biznes-forumunda çıxış edərək, iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Forumda ticarət, sərmayə, enerji, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.Azərbaycan və Pakistan arasında siyasi əlaqələr ən yüksək səviyyədədir. Lakin Prezident İlham Əliyev iki ölkə arasındakı ticarət dövriyyəsinin bu münasibətlərin səviyyəsinə uyğun gəlmədiyini bildirib. Forum çərçivəsində aparılan müzakirələr işgüzar dairələr üçün yeni imkanlar yaradaraq bu istiqamətdə informasiya boşluğunu doldurmağa kömək edəcək.
Ötən ilin yayında elan edilən 2 milyard dollarlıq sərmayə proqramı çərçivəsində konkret layihələr artıq müəyyən edilib. Dövlət başçısı iqtisadi sahəyə cavabdeh şəxslərə tapşırıq verib ki, bu layihələrin icrası sürətləndirilsin və bir ay ərzində bütün razılaşmalar əldə olunsun. Bu prosesin Novruz bayramından sonra əhəmiyyətli nəticələr verməsi gözlənilir.Azərbaycan enerji sahəsində Pakistanla əməkdaşlığın genişləndirilməsinə maraq göstərir. Bu çərçivədə neft və qaz infrastrukturuna sərmayə yatırılması və bir sıra enerji sənədlərinin imzalanması forum zamanı mühüm mövzulardan biri olub. Maye qaz tədarükü də bu əməkdaşlığın əsas istiqamətlərindən biridir.
Müdafiə sənayesi sahəsində əməkdaşlıq genişləndiriləcək. Artıq birgə istehsal müəssisələrinin yaradılması ilə bağlı müzakirələr aparılır. Pakistanın yüksək inkişaf etmiş əczaçılıq sənayesi də Azərbaycan üçün maraqlıdır. Hazırda Pakistanda istehsal olunan 90 adda dərman Azərbaycanda qeydiyyatdan keçib və bu sahədə də birgə müəssisələrin yaradılması planlaşdırılır.Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq biznes sahəsində də inkişaf etdirilməlidir. Prezident Əliyev Azərbaycanı ziyarət edən Pakistan nümayəndə heyətinə təşəkkür edərək, bu cür biznes forumların gələcək iqtisadi əlaqələrin möhkəmlənməsi üçün vacib olduğunu bildirib. Görüş zamanı qəbul edilən qərarların icrası üçün aprel ayına qədər sənədlərin tam hazır olması gözlənilir.
Azərbaycan-Pakistan biznes-forumu iki ölkə arasında iqtisadi əlaqələrin yeni mərhələyə keçidini təmin edəcək və bu əməkdaşlıq qarşılıqlı sərmayələrin artmasına, yeni iş yerlərinin yaradılmasına və iqtisadi inkişafın sürətlənməsinə töhfə verəcək.

Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini.

Digər xəbərlər