PDF Oxu

Siyasət

  • 660

Xocalı soyqırımı: tarixi ədalətin bərpası

image

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib.

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı (YAP) və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: tarixi ədalətin bərpası” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə tələbələrin rəsmlərindən ibarət “Xocalıya Ədalət” adlı sərgi ilə tanış olublar. Daha sonra Xocalı şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və faciənin dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.

Dəyirmi masanı giriş sözü ilə açan Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Xocalı soyqırımının tarixi və beynəlxalq aləmdə tanınması istiqamətində görülən işlər barədə məlumat verib.

Sonra çıxış edən Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Xocalı bizim ağrımızdır, bizim yaramızdır: “Amma bu yara bizi zəif salmır, əksinə, birləşdirir və gücləndirir. Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin, Mehriban xanım Əliyevanın və Leyla xanım Əliyevanın səyləri ilə Xocalı həqiqətləri dünya miqyasında səslənir. Biz susmayacağıq! Biz unutdurmayacağıq! Xocalıya ədalət gələnə qədər mübarizəmiz davam edəcək!”

Daha sonra Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Asif Əsgərov, Vüqar Rəhimzadə, Sevinc Fətəliyeva, eləcə də BSU-nun Azərbaycanşünaslıq ETL-nın müdiri Sadir Məmmədov, İbtidai təhsil kafedrasının müəllimi Dilbər Bəşirova və Magistratura və doktorantura şöbəsinin müdiri Elnur Kəlbizadə çıxış edərək Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması və tarixi ədalətin bərpası istiqamətində atılan addımlar barədə fikirlərini bölüşdülər.

Çıxış edənlər vurğuladılar ki, Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir və bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün Azərbaycan dövləti, ictimai təşkilatlar və gənclər birgə fəaliyyət göstərməlidir.

Dəyirmi masa mövzu ətrafında aparılan müzakirələrlə davam etdi və iştirakçılar Xocalı soyqırımının qurbanlarının xatirəsinin daim uca tutulmasının vacibliyini bir daha qeyd etdilər.

Tədbirin sonunda “Xocalıya ədalət” beynəlxalq kampaniyasının əhəmiyyəti vurğulanaraq, gənclərin bu istiqamətdə daha fəal iştirakı tövsiyə edildi.

Digər xəbərlər