Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: tarixi ədalətin bərpası” mövzusunda dəyirmi masa keçirilib.Əvvəlcə universitet tələbələrinin rəsm əsərlərindən ibarət “Xocalıya ədalət” adlı sərgiyə baxış keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Xocalı şəhidlərinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Xocalı dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Milli Məclisin deputatları Bəxtiyar Əliyev, Asif Əsgərov, Vüqar Rəhimzadə, Sevinc Fətəliyeva, eləcə də BSU-nun Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri Sadir Məmmədov, İbtidai Təhsil kafedrasının müəllimi Dilbər Bəşirova, Magistratura və doktorantura şöbəsinin müdiri Elnur Kəlbizadə və digərləri çıxış ediblər.
Çıxışlarda Xocalı soyqırımının xalqımızın qan yaddaşı olmasından, beynəlxalq ədalətin bərpası istiqamətində görülən işlərdən, 30 illik həsrətdən sonra məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışından danışılıb.
Xocalı soyqırımına ilk siyasi-hüquqi qiymətin Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisi tərəfindən verildiyi və 26 fevral tarixinin Xocalı Soyqırımı Günü elan olunduğu vurğulanıb.
Tədbir interaktiv formada davam edib.