Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 26 Fevral-Xocalı soyqırımına həsr edilmiş “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” mövzusunda rəsm sərgisi keçirilib.Əvvəlcə “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” mövzusunda əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin müdiri Nadir Quliyev bildiriblər ki, Azərbaycan xalqı iki yüz il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb, xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Ötən əsrin sonunda baş vermiş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Çıxışlarda Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, faciəyə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi, Heydər Əliyev Fondu tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğulanıb, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərdən danışılıb.
Qeyd edək ki, Xocalı faciəsinin 33-cü ildönümü münasibətilə YAP Sabirabad rayon təşkilatı tərəfindən 8 saylı şəhər tam orta məktəbində “Əsrin faciəsi - Xocalı” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Sabirabad rayon təşkilatının məsləhətçisi Tural Hüseynzadə, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin sektor müdiri Murad Həsənli faciənin başvermə səbəbləri, ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə danışıblar.
Məktəblilər Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndiriblər.