PDF Oxu

Siyasət

  • 914

Xarici əlaqələr dövlətçilik maraqlarına uyğun olaraq inkişaf edəcək

image

Həm Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri, həm də respublikamıza gələn dövlət və hökumət başçıları ilə keçirilən görüşlər təsdiqləyir ki, Azərbaycanın və onun liderinin nüfuzu gündən-günə yüksəlir. Bu günlərdə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevlə keçirdiyi görüşlərdə səslənən fikirlər də bundan xəbər verir. İki ölkə arasında xoş münasibətlər qarşılıqlı səfərlərin xronologiyasından da aydın görünür. Belə ki, artıq üçüncü ildir ki, ardıcıl olaraq Pakistan İslam Respublikasının Baş naziri ölkəmizə səfər edir.

Məhəmməd Şahbaz Şərifin ölkəmizə dövlət səfəri vacib məqamlarla yadda qaldı. Səfər zamanı Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniştərkibli görüşdə bir daha gələcək əməkdaşlığa dair mesajlar verildi. Bakıda imzalanan yeni sənədlər isə ölkələrimiz arasında əlaqələri daha da gücləndirəcək. Bir daha aydın oldu ki, dostluq, qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Pakistan münasibətlərinin ikitərəfli, o cümlədən çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün yaxşı potensial mövcuddur.
Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb. Həmin vaxtdan başlayaraq, ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıq xalqlarımızı biri-birinə daha da yaxınlaşdırmışdır. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində geniş əməkdaşlıq imkanlarına malikdir. Azərbaycan eyni zamanda ötən ilin sonunda Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatı - D-8-in üzvüdür.
Səfər çərçivəsində iki ölkə arasında imzalanan sənədlər gələcəkdə əlaqələrin daha da möhkəmləndirilməsində mühüm rol oynayacaq. Hökumətlərarası komissiyalarda və biznes-forumlarda qarşılıqlı investisiya imkanlarının müzakirə olunması ticari-iqtisadi münasibətlərin gücləndirilməsi baxımından gərəkli addımı ifadə edir. Önəmli məqam odur ki, səfər çərçivəsində mübadilə edilən sənədlər müxtəlif sahələri əhatə edir. Siyasi, iqtisadi, hərbi-müdafiə, humanitar və mədəni, energetika, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, təhsil və digər sahələrdə imzalanan sənədlər bu sahələr arasında əlaqələrin inkişafına yeni impuls verəcək, həmçinin ölkələrimiz arasında münasibətlərin dinamik inkişafını təmin edəcək. Bununla da Azərbaycan-Pakistan münasibətləri ən yeni mərhələyə qədəm qoyacaq. Beləliklə, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya dövlət səfəri onu deməyə əsas verir ki, tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasında münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edərək daha da genişlənəcək.

Anar Məmmədov
Milli Məclisin deputatı

Digər xəbərlər