Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bu günlərdə ölkəmizə rəsmi səfər etdi. Səfər bir daha ölkələrimiz arasında əlaqələrin dünəninə, bu gününə bir daha aydınlıq gətirdi. Azərbaycan-Pakistan əlaqələrinin zəngin tarixi vardır. Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri olub. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci il iyununda qurulub. Həmin dövrdən sonra iki ölkə arasında əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 1993-cü ilin martında Pakistanın Bakıda, 1997-ci ilin avqustunda isə Azərbaycanın İslamabadda səfirlikləri təsis edilib.
İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın ovaxtkı Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər edib. Bir il sonra - 1996-cı ilin aprelində isə Ulu Öndər Heydər Əliyevin dost və qardaş ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm amil olub. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksəksəviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci ildə Pakistana rəsmi səfəri, eləcə də 2017-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açdı, əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyənləşdirdi.
Pakistan İslam Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və bu ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Bakı-İslamabad əlaqələrini daha da möhkəmləndirdi, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə oldu. 2015-ci ildə Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verdi. Prezident İlham Əliyevin ötən il Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb etdi.
Pakistanın Baş nazirinin bu günlərdə ölkəmizə səfəri çərçivəsində keçirilən görüşlərdə iki qardaş ölkənin ayrı-ayrı sahələrdə qazandığı uğurlar fonunda münasibətlərin inkişafı üçün yaradılan möhkəm zəmin bir daha diqqətə çatdırılaraq hədəflər müəyyənləşdirildi. Bu hədəflər bütün sahələrin kompleks şəkildə inkişafına xidmət edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurlar dost ölkənin də diqqətindədir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji təhlükəsizliyinə verdiyi töhfələr Pakistan rəsmiləri tərəfindən böyük rəğbət hissi ilə vurğulanır. İki ölkə arasında digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğu xüsusi qeyd edildi. Nəqliyyat, müdafiə sənayesi, təhsil sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyi önə çəkildi.
Ümumilikdə hər bir səfər münasibətlərin inkişafında yeni bir mərhələnin başlanğıcıdır. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bildirdi ki, bugünkü müzakirələrimiz çox məhsuldar və faydalı olub, qardaşlığımızın və qardaş münasibətlərimizin ruhunu dərindən əks etdirir. Siz Pakistanı dəstəkləmisiniz, Siz Pakistan xalqını sevirsiniz, Siz bu möhtəşəm ölkəyə rəhbərlik etməyə başlayandan bəri sözlərinizi əməllərinizlə sübuta yetirmisiniz. Münasibətlərimizin təhlili fonunda Məhəmməd Şahbaz Şərif onu da qeyd etdi ki, dostluğumuz, qardaşlığımız Ərəb dənizinin isti sularından Xəzər dənizinə kimi uzanır. Biz birgə səylərimizlə bunu möhkəmləndirəcəyik, gücləndirəcəyik və İnşallah, bu qardaşlıq dünya var olduqca yaşayacaq.
Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri