PDF Oxu

Siyasət

  • 1 633

Azərbaycan-Pakistan münasibətləri tarixi dostluq və qardaşlıq prinsiplərinə əsaslanır

image

Azərbaycan-Pakistan münasibətlərinin təməli tarixi köklərə söykənir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Pakistan Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 12-də tanıyıb. Qeyd edək ki, Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan müsəlman ölkələrindən biridir. 1992-ci il iyunun 9-da iki ölkə arasında diplomatik münasibətlər qurulmuşdur. 1993-cü il martın 12-də Pakistanın Azərbaycanda səfirliyi, Azərbaycan Respublikasının İslamabadda Səfirliyi isə 1997-ci il avqustun 24-də təsis edilmişdir.

Hazırda yüksək dinamika ilə inkişaf edən Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətləri hər iki ölkənin çoxtərəfli maraqlarının bariz nümunəsidir. Azərbaycan Respublikasının Pakistan İslam Respublikası ilə münasibətləri xüsusi əhəmiyyətə malikdir. Hər iki ölkə bu əlaqələrin bütün sahələr üzrə inkişafında və genişləndirilməsində maraqlıdır. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan-Pakistan arasında qardaşlıq və dostluq münasibətləri daha da inkişaf etmiş və möhkəmlənmişdir. Ümummilli Lider Heydər Əliyev Pakistan-Azərbaycan münasibətlərinə böyük önəm verərək deyirdi: "Pakistan ilə Azərbaycan arasında çox yaxşı əlaqələr, dostluq əlaqələri var. Bu əlaqələr keçmiş tarixi ənənələrimizin üzərində qurulub". Hazırda tarixi dostluq və qardaşlıq prinsiplərinə əsaslan bu münasibətlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.İki ölkə arasında humanitar sahədə əlaqələrin inkişafında Heydər Əliyev Fondunun da xüsusi rolu danılmazdır. 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Pakistan İslam Respublikasının ali ordeni olan “Hilal-e Pakistan” ordeni ilə təltif edilmişdir.
Pakistan İslam Respublikası Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü daima dəstəkləmiş, Ermənistanın işğalçılıq siyasətini isə pisləmişdir. Pakistan İslam Respublikası təcavüzkar Ermənistanı rəsmən tanımamış və bu ölkə ilə diplomatik əlaqələr qurmamışdır. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyanın Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etməsi, eləcə də İkinci Qarabağ müharibəsində Azərbaycanla həmrəylik nümayiş etdirməsi Pakistanın haqqın və ədalətin tərəfində olduğunun, ölkəmizə siyasi dəstəyinin, o cümlədən Azərbaycanla qardaşlıq və dostluq münasibətlərinin, eləcə də qarşılıqlı etimad və beynəlxalq hüququn prinsiplərini rəhbər tutmasının bariz göstəricisidir.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri bütün bu əməkdaşlıqların inkişafına və möhkəmlənməsinə öz töhfəsini verəcəkdir. Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü çərçivəsində mətbuata bəyanatla çıxış edərək bildirmişdir ki, bu gün biz ikitərəfli gündəliyə aid çox mühüm məsələləri müzakirə etdik və ölkələrimiz arasında sıx tərəfdaşlığın vacibliyini bir daha qeyd etdik, ölkələrimiz, xalqlarımız və təmsil etdiyimiz regionlar üçün əməkdaşlığımızın strateji əhəmiyyətini bir daha vurğuladıq. İki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.
Fevralın 24-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu, “SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavə, “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumu, “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında neft məhsullarının uzunmüddətli alqı-satqı Sazişi, “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında ilkin elektron məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Pakistanın Milli Müdafiə Universiteti arasında elmi-tədqiqat və əməkdaşlıq fəaliyyətləri sahəsində Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” kimi çox mühüm sənədlərin imzalanması iki ölkənin energetika, iqtisadiyyat, ticarət, mədəniyyət, ətraf mühitin mühafizəsi, kənd təsərrüfatı, elm, təhsil və digər sahələrinin inkişafına öz töhfələrini verəcəkdir.

Mövlan Məmmədov
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər xəbərlər