Bu gün cəmiyyətimizdə qadınların rolunun daha da artdığını görürük. Ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatında qadınlarımız fəal iştirak edirlər. Hansı sahəyə nəzər salsaq, onları orada öz peşəsini, ixtisasını dərindən bilən kadrlar arasında görürük. Respublikamızda həm kənd təsərrüfatının, həm də sənayenin inkişafında qadınlarımızın əməyi böyük və təqdirəlayiqdir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Heydər Əliyev 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə bağlı deyib: “Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız insan yoxdur, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar...”.
Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirilib. Prezident İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri daha da genişləndirilib, komitə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi statusunu alıb. Bu qurum həyata keçirilən sosialyönümlü dövlət siyasətinə uyğun olaraq qadınların işlə təmin olunması, məşğulluq strategiyasının həyata keçirilməsi, gender bərabərliyinin qorunması, uşaq hüquqlarının müdafiəsi və digər istiqamətlərdə mühüm işlər görür.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə istər ölkəmizdə, istərsə də Vətəndən uzaqlarda – ABŞ, Avropa, Müstəqil Dövlətlər Birliyi və İslam ölkələrində bir sıra sosial, elm və təhsil, İKT, mədəniyyət sahələrində layihələr həyata keçirilir. Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyəti və tarixinin dünyada tanıdılmasında böyük rolu olmuşdur. Sürətlə dəyişən, qloballaşan dünyada milli-mənəvi zənginliklərimizin, əxlaqi-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında qadınlarımızın rolu əvəzsizdir. Ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdığı yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar.
30 ilə yaxın davam edən işğala 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində və 2023-cü il 19-20 sentyabr antiterror tədbirləri ilə son qoyan, düşməni ağır məğlubiyyətə uğradaraq torpaqları əsarətdən xilas edən igid oğulların anaları da qəhrəmandırlar. Onlar zamanı gələndə Vətən üçün sinəsini düşmən güllələrinə sipər etməyi bacaran, dövlətinə dayaq, xalqına arxa olan oğullar böyüdüblər. Övladları müharibədə şəhid olan, sağlamlığını itirən və ən böyük təsəllini torpaqların azad edilməsində görən mərd, mətin, ləyaqətli analarımız hər cür sevgi və ehtirama layiqdirlər.
Bir məqamı da qeyd etmək lazımdır ki, bu gün qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğuna da sirayət etmişdir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın ləyaqətlə xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəflə yerinə yetirirlər. Cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən dövlət gender siyasəti qadınların cəmiyyətdə rolunun yüksəldilməsinə xidmət edir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Müstəqil Azərbaycanın qazandığı bütün böyük uğurlarda qadınların misilsiz xidmətləri var.
Elşən Əzizov
YAP Saatlı rayon təşkilatının sədri