Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” nə olunmuş fotoqraf Qismət Mehdiyevin “Dünya fotolarda” adlı fərdi yaradıcılıq sərgisi keçirilib.
Sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, fotoqraf Qismət Mehdiyev, YAP Yasamal rayon təşkilatının və Beynəlxalq Qalereyanın əməkdaşları, media nümayəndələri və Respublika ictimaiyyətinin nümayəndələri iştirak edib.
Fərdi yaradıcılıq sərgisində rəssam Qismət Mehdiyevin 30 ədəd xarici ölkələrə səyahəti zamanı çəkdiyi fotolar və Bakımızın gözəl abidələrinin fotoları nümayiş olunub.
Sərgidə çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev sərginin əhəmiyyətindən bəhs edərək qeyd edib ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır Prezident cənab İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” ilə bağlı imzaladığı Sərəncamda da qeyd olunduğu kimi müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olub. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi Zəfərlərlə doğma Qarabağımız işğaldan azad olundu, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi bütöv və suveren Azərbaycanda bərqərar oldu. Bəxtiyar Nəbiyev çıxışının sonunda fotoqraf Qismət Mehdiyevə gələcək fəaliyyətində uğurlar arzu edib.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərginin təşkilinə görə başda sədr Bəxtiyar Nəbiyev olmaqla YAP Yasamal rayon təşkilatına öz minnətdarlığını bildirib. Çıxışda rəssamın təqdim etdiyi əsərlər və sərginin yüksək səviyyədə təşkilindən bəhs olunub.
Qismət Mehdiyevin atası Qiymət Mehdiyev və anası Könül Mehdiyeva da çıxışlarında övladlarının uğurlu sənətkar olacağına öncədən inandıqlarını və hər zaman ona dəstək olduqlarını bildiriblər.
Sonda ilk fərdi yaradıcılıq sərgisinə görə fotoqraf Qismət Mehdiyev Beynəlxalq Qalereyanın diplomu ilə təltif olunub.
Sonda xatirə şəkli çəkdirilib.