"Ukraynanın Prezidenti Vladimir Zelenski çalışır ki, ayrı-ayrı mənbələr hesabına ordunun döyüş qabiliyyətini gücləndirsin və əraziləri işğaldan təmizləsin". Bu sözləri SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.Politoloq bildirib ki, Zelenski çalışır ki, ərazi bütövlüyü və suverenlik təmin olunsun: "Lakin burada çox ciddi maneələr görülməkdədir. Xüsusilə, Zelenskinin ABŞ-a səfəri zamanı Donald Trampla keçirilən danışıqlar bu gün dünyada geniş keçirilən müzakirə mövzusudur. Belə görünür ki, Amerika Birləşmiş Ştatlarının prezidenti müharibəyə sərmayə yatırmaq istəmir. Ukrayna onun üçün cəlbedici deyil və müharibəni nə olursa-olsun dayandırmaq əsas məqsəddir.Bu da Zelenskini ayrı istiqamətlərə yönəldir və bunun nəticəsində Zelenski Trampla görüşdükdən sonra yalnız bir müsahibə verdi və Londona üz tutdu. Kir Starmerlə keçirilən görüş nəticəsində də 3,3 milyard məbləğində kredit razılaşması həll olundu. Bu isə əvvəlki dövürlərdən fərqli olaraq kredit şəklində Ukraynaya verildi. Bunun qarşılığı mütləq ödənilməlidir.Bu gün dövlətlər yalnız öz maraqlarını güdürlər. Ukrayna aktuallığını itirib. Ukrayna ərazisi dağılsa da, yarım milyona yaxın itkilər olsa da,10 milyona yaxın insan qaçqın düşsə də, bu, dünya liderlərini maraqlandırmır. Avropa liderləri siyasi və mənəvi dəstək verməklə kifayətlənirlər. Trampı tənqid edirlər. Ukraynanın daxilində də Zelenskiyə dəstək var. Amma bu dəstək sayəsində qarşıya qoyulan məqsədləri yerinə yetirmək mümkündürmü, bunu zaman göstərəcək. Bütün proseslər ona gedir ki, Ukraynanı məğlubiyyətlə barışdırmağa çalışırlar".
Müəllif: Söylü Ağazadə