PDF Oxu

Siyasət

  • 1 098

Qadınlar cəmiyyətdə aparıcı rola malikdir

image

Qadınlar həm cəmiyyətdə, həm də ailədə xüsusi rola malikdirlər. Ölkəmizin milli dövlətçilik ənənələrinin qurulmasında və inkişafında misilsiz xidmətləri olan Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınlarının ictimai-siyasi həyatda layiqli mövqe tutmasını, daim dövlətin mühüm vəzifələrindən biri kimi qarşıya qoymuş, xanımların bilik və bacarıqlarına görə irəli çəkilməsini, xüsusən elm və təhsil sistemində onların layiqli iştirakına dəstək göstərilməsini prioritet hesab etmişdir.

Ulu Öndər Heydər Əliyev demişdir: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiyyətdə aparıcı rol oynayırlar”.
Ölkəmizdə əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət gender siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qadınlara yüksək diqqət və qayğı göstərilir. Dünyəvi dövlət olaraq Azərbaycanda 8 Mart rəsmi bayram günü kimi qeyd olunur.
Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması qadınlarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları, həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü anlarda həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsində fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.
Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. Ümummilli Liderin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. Bu mənada 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Ölkəmizdə gender siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi və dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu Öndərin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. Ulu Öndərin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası qadın və kişilərin bərabər hüquqlarını təmin edib.
Böyük şəxsiyyət Heydər Əliyevin 1998-ci ildə “Azərbaycanda qadınların rolunun artırılması haqqında” imzaladığı Fərman qadınların fəallığına, cəmiyyətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Məhz Ulu Öndərin təşəbbüsü ilə 1998-ci ildə yaradılmış Qadın Problemləri üzrə Dövlət Komitəsi qadın hüquqlarının müdafiəsi istiqamətində müstəsna əhəmiyyətli işlər görmüşdür. Heydər Əliyevin iştirakı ilə 1998-ci il sentyabrın 25-də Azərbaycan qadınlarının I Qurultayı keçirilmiş və bu mötəbər tədbir dövlət gender siyasətinin tarixində mühüm hadisə olmuşdur. 1998-ci ildən başlayaraq hər beş ildən bir keçirilən bu qurultaylar dövlət gender siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.
Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmandan irəli gələn məsələlərin həlli istiqamətində məqsədyönlü işlər həyata keçirilib. Prezident İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri daha da genişləndirilib, komitə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi statusunu alıb. Bu qurum həyata keçirilən sosialyönümlü dövlət siyasətinə uyğun olaraq qadınların işlə təmin olunması, məşğulluq strategiyasının həyata keçirilməsi, gender bərabərliyinin qorunması, uşaq hüquqlarının müdafiəsi və digər istiqamətlərdə mühüm işlər görür.
Bu gün dekomratik ölkələrdən gələn xarici qonaqlarımız da Azərbaycan qadınlarının ölkənin inkişafina çox böyük töhfə veridiyini məmnunluqla ifadə edirlər. Azərbaycan qadınları 100 ildən artıqdır ki, seçib-seçilmək hüququna malikdirlər. Qadınlar Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışlar. Bir neçə il öncə Amerikanın “Foreign Policy News” xəbər portalında “Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir” sərlövhəli məqalənin yayımlanması heç də təsadüfi deyildir.
Azərbaycan qadınları son 30 ildə mühüm məsələlər ətrafında daim səfərbər olublar və gələcəkdə də bu istiqamətdə fəallıq göstərəcəklərinə əminik. Şübhəsiz ki, qadınlarımız ölkəmizin siyasi, iqtisadi və ekoloji gündəliyində duran vəzifələrin yerinə yetirilməsi üçün öz öhdəliklərinə əsl vətəndaşlıq məsuliyyəti ilə yanaşırlar. Xanımlar ictimai həyatın bütün sahələrində fəal vətəndaşlıq mövqeyi sərgiləyirlər. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadınları milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir. Xanımlar tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Elə bir sahə yoxdur ki, orada Azərbaycan qadınının rolu olmasın. Qadınlar ictimai-siyasi proseslərdə fəal olmaqla yanaşı dövlət qurumlarında da lazımi səviyyədə təmsil olunurlar. Qadınlar ictimai proseslərdə fəal iştirak edir, siyasətlə, sahibkarlıqla məşğul olur, orduda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında çalışır. Azərbaycan qadını dövlət qulluqçusudur, ictimai-siyasi xadimdir. Məhz bütün bunlar qadınlara göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Bu gün hüquq və azadlıqları tam təmin edilmiş Azərbaycan qadınının səsi dünyanın ən yüksək kürsülərindən gəlir. Xanımlar beynəlxalq tədbirlərə qatılır, öləmizin milli mənafeyini qoruyur, mədəniyyətimizi təbliğ edirlər. Bu baxımdan Azərbaycan qadınlarını beynəlxalq aləmdə layiqincə təmsil edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti və dövlət gender siyasətinin həyata keçirilməsinə verdiyi dəstək xüsusi vurğulanmalıdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaq və qadınların hüquqlarının müdafiəsi, aztəminatlı ailələrə dəstək, tibb, elm, təhsil, mədəniyyət, idman, ekologiya və digər sahələrdə həyata keçirilən irimiqyaslı layihələr insanların sosial rifahının yaxşılaşmasına xidmət edir. O, özünün həyat və fəaliyyəti ilə hər bir Azərbaycanlı qadını üçün nümunədir.
Bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu dövlət gender siyasəti həyata keçirilir, qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların daha da genişləndirilməsi dövlət siyasətində əsas istiqamətə çevrilib. Respublikamızın ictimai-siyasi həyatında qadınların rolu ildə-ilə daha da artır. Hazırda elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasın. Ən çətin və mürəkkəb sahələrdə qadınlar uğur qazanırlar. Bu isə Azərbaycan hökumətinin və Prezident İlham Əliyevin apardığı güclü qadın siyasətinin məntiqi nəticəsidir.

Vüqar İsayev
YAP Göygöl rayon təşkilatının sədri

Digər xəbərlər