8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Beynəlxalq Qadınlar Günü qadınların keçmişdə və bu gün əldə etdikləri uğurların qeyd edilməsi, eyni zamanda hələ də qarşılaşdıqları çətinliklərə diqqət çəkmək üçün bir fürsətdir. Tarixdə bu gün, 1908-ci ildə Nyu-Yorkda qadınların daha yaxşı iş şəraiti, bərabər maaş və səsvermə hüququ tələb etdikləri etiraz aksiyası ilə başlayıb. 8 mart Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən II beynəlxalq konfransında təsis olunub. Danimarkada keçirilən bu beynəlxalq konfransda bu günün bütün dünyada qadınlara həsr olunması qərara alınıb. Nəhayət, 1977-ci ildə isə BMT tərəfindən rəsmi olaraq Beynəlxalq Qadınlar Günü elan edilib. Mahiyyət etibarilə qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü kimi yaradılıb.
Azərbaycanda bu bayram 1917-ci ildən mütəmadi qeyd edilib. İnkişaf tariximizdə qadınların cəmiyyətdəki rolunun gücləndirilməsi və hüquqlarının qorunması məsələsi xüsusi önəm daşıyır. Azərbaycanda bu istiqamətdə mühüm addımlar atan şəxsiyyətlərdən biri də xalqımızın ulu öndəri Heydər Əliyev olmuşdur. Ulu öndər ölkəmizdə qadın siyasətinin əsasını qoymuş, qadınların cəmiyyətin bütün sahələrində fəal iştirakını təmin etmək üçün bir sıra mühüm qərarlar qəbul etmişdir. Ümummilli liderin qadın siyasəti gender bərabərliyinin qorunmasını, qadınların təhsil və məşğulluq imkanlarının artırılmasını, onların dövlət idarəçiliyində və ictimai həyatda daha geniş təmsil olunmasını hədəfləmişdir. O, qadınların ölkənin sosial-iqtisadi və siyasi həyatına inteqrasiyasını dəstəkləmiş, onların hüquqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə qəbul edilən qanunvericilik aktları, imzalanan fərmanlar və yaradılan institutlar Azərbaycan qadınlarının cəmiyyətdə daha fəal mövqe tutmasına şərait yaratmışdır. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə ölkəmizdə ilk dəfə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" sərəncam imzalanmışdır. Sözügedən bu sərəncam Azərbaycan qadınlarının hüquqlarının təmin olunması və onların müxtəlif sahələrdə irəliləməsi üçün böyük bir zəmin yaratmışdır.
Qadınlar ailədə ana, iş həyatında uğurlu mütəxəssis, cəmiyyətdə isə aparıcı qüvvə kimi öz dəyərlərini sübut edirlər. Amma qadın hüquqları uğrunda mübarizə hələ də davam edir. Bəzi ölkələrdə qadınlar hələ də bərabər imkanlardan məhrumdur, gender stereotipləri və ayrı-seçkilik kimi problemlərlə qarşılaşırlar. Məhz bu səbəblərdən 8 Mart təkcə bir bayram deyil, həm də qadın haqlarının daha geniş şəkildə qorunması üçün bir çağırışdır. Biz qadınların cəmiyyətin ayrılmaz və dəyərli bir hissəsi olduğunu unutmamalı, onlara hörmət etməli və onların uğurlarını dəstəkləməliyik. Qadınlar təkcə ailənin deyil, bütövlükdə cəmiyyətin sütunlarıdır. Onların əzmi, zəhməti və fədakarlığı sayəsində dünya daha gözəl və yaşamağa dəyər bir yerə çevrilir.
Bu gün Azərbaycanda qadınlar bütün sahələrində – elm, incəsənət, siyasət, idman və digər sahələrdə mühüm nailiyyətlər qazanırlar. Ulu öndər Heydər Əliyevin siyasi irsini davam etdirən Azərbaycan dövləti bu gün də qadınların inkişafına xüsusi önəm verir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkədə qadınların hüquqlarının qorunması və onların cəmiyyətdə aktiv iştirakının artırılması istiqamətində mühüm işlər görülməkdədir.
Bu əlamətdar gündə bütün qadınları təbrik edir, onlara sevgi, hörmət və sonsuz xoşbəxtlik arzulayırıq!
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini