PDF Oxu

Siyasət

  • 1 006

Gender bərabərliyinin təmin olunması istiqamətində təkmil hüquqi baza yaradılıb

image

Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamışdır. Sürətlə maariflənən qadınlarımız yüz illərdən bəri formalaşmış milli dəyərlərə sadiq qalmaqla ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.

Keçmişimizin unudulmaz səhifələrindəki möhkəm iradəyə malik görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqətinin, ağbirçək analarımızın müdrikliyinin daşıyıcıları kimi müasir Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınlarının mədəni və intellektual potensialından xəbər verir.
Dövlət müstəqilliyimizin bərpasından sonra da Azərbaycan qadınları milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılmasına dəyərli töhfələr vermişdir. Qadınlar tarix boyu müqəddəs ana şərəfini uca tutaraq öz mübarizliyi ilə tanınmış, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir. Ölkəmizdə gender siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoymuşdur.
Ümummilli Lider ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırmışdır. Ölkəmizdə dövlət səviyyəsində gender siyasətinin əsasını qoyan Ümummilli Lider qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu hər bir sahədə uğurla davam etdirən Prezident İlham Əliyev bu istiqamətdə də böyük işlər görmüşdür. Dövlət başçısı İlham Əliyevin 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Gender bərabərliyinin təmin edilməsi üşün kamil qanunvericilik bazası yaradılmışdır. Belə ki, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınlarının nüfuzunu daha da yüksəklərə qaldırır. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.
Qadınlarımızın aktiv fəaliyyəti həyatın bütün sahələrində olduğu kimi, ordu quruculuğunda xidmətləri də şərəf və qürur mənbəyidir. Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir. Bu, bir həqiqətdir ki, qadınların ölkənin tərəqqisində danılmaz payı var. Dövlət müstəqilliyimizin bərpasından sonra ötən dövr ərzində xanımlar milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilmiş, ölkəmizin sosial-iqtisadi, intellektual-mədəni potensialının artırılması üçün dəyərli töhfələr vermişdir.
Vətəndaş cəmiyyəti quruculuğu istiqamətində qadınlarımızın nailiyyətləri məmnunluq hissi doğurur. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Məlum olduğu kimi, qadın hüquqlarının müdafiəsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində inkişafın əldə olunmasına təkan vermişdir.
Azərbaycanda gender hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Azərbaycan qadınlarının I qurultayı 1998-ci il sentyabrın 25-də keçirilmişdir. Bu qurultay dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur.
8 Mart – Beynəlxalq Qadınlar Günü Azərbaycanda rəsmi bayram kimi qeyd olunur. Bu bayram ölkədə qadınların cəmiyyətdəki rolunu vurğulamaq və onların hüquq və azadlıqlarına diqqət çəkmək məqsədilə xüsusi əhəmiyyət daşıyır.

Arif Fərzəliyev
YAP Cəbrayıl rayon təşkilatının sədri

Digər xəbərlər