PDF Oxu

Siyasət

  • 2 114

İğdır-Naxçıvan qaz kəməri Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək ANALİZ

İğdır-Naxçıvan qaz kəməri Azərbaycan-Türkiyə qardaşlığını daha da möhkəmləndirəcək ANALİZ

Bu gün dünyada elə bir fakt göstərilə bilməz ki, Azərbaycanla Türkiyə kimi bir-birinə yaxın, mehriban, səmimi, qardaşlıq münasibətlərinə malik iki dövlət olsun. Əlaqələrin yüksək səviyyədə inkişafı dünyanın əksər xalqları və dövlətləri üçün nümunəyə, misallara çevrilib. Təbii ki, iki qardaş ölkə arasında əlaqələrin möhkəm əsaslar üzərində qurulmasında və daha da möhkəmlənməsində təkcə eyni soykökünə, dilə, dinə, mədəniyyətə və dəyərlərə malik olmağımız kifayət etməyib, həm də bu münasibətlərin həqiqi qardaşlıq əlaqələri səviyyəsinə yüksəlməsində hər iki dövlətin işıqlı insanlarının, liderlərinin aydın zəkası, müdirik siyasətləri müstəsna rol oynayıb. Türkiyənin böyük öndəri Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri - kədərimiz, sevinci - sevincimizdir” və Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” çıxışlarında söylədiyi fikirlər Türki-Azərbaycan dostluğunu və qardaşlığını dönməz və davamlı edib. Bu gün Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq prinsipinə əsaslanır. İki dost, qardaş ölkə arasında siyasi, iqtisadi-ticarət, humanitar, hərbi və digər sahələrdə ən yüksək zirvədədir. Hər iki ölkə beynəlxalq müstəvidə də bir-birini birmənalı olaraq dəstəkləyir. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması əlaqələrin zirvə nöqtəsi oldu. Şuşa şəhərində məhz Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Təyyib Ərdoğan arasında Azərbaycanla Türkiyə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Şuşa Bəyannaməsinin özünəməxsus tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə, eləcə də Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanır.

Türkiyə və Azərbaycan milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər

İki dost, qardaş ölkələr arasında imzalanan Şuşa Bəyannaməsində qeyd olunduğu kimi, öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən qardaş dövlətlər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər. Bəyannamədə əks olunan "Türkiyə Respublikası və Azərbaycan Respublikası müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyən edirlər" prinsipi tarixin yenə təkrarlanmaması üçün iki ölkənin əməkdaşlıq proseslərinin sərhədlərini göstərir. "Tərəflər öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirirlər. Regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər" - bu, iki ölkə arasındakı münasibətləri pozmaq cəhdlərinin qarşısını almaqda hər iki ölkənin müstəqil dövlət olaraq öz seçimlərini etmə iradəsinə sahib olması kimi anlaşılmalıdır. Bəyanəmə də sülhə və daxili təhlükəsizliyə xüsusi önəm verilir. Qeyd olunur ki, tərəflər müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn şəxsi heyət mübadiləsini, birgə təhsil və təlimlərin keçirilməsini, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılmasını, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsini təşviq edəcəklər.

“Ümid” körpüsünün salınması Naxçıvanın sosial-iqtisadi həyatı üçün əhəmiyyətli rol oynadı

Mövcud faktlara istinadən demək olar ki, son illər Azərbaycan-Türkiyə arasındakı iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənib. 2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard ABŞ dolları olub. Ötən il də artım dinamikası davam edib, Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi isə 20 milyard dolları ötüb. Bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir. Azərbaycan Cənubi Qafqazın aparıcı enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarükü edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, eləcə də siyasi əhəmiyyətə malikdir. Həm də birmənalı şəkil də qeyd etmək olar ki, layihələrin icrası Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Söz yox ki, Türkiyənin dəstəyi və köməyi sayəsində Naxçıvan Muxtar Respublikası blokada şəraitində vəziyyətdən çıxmağa və əhalinin bir sıra üzləşdiyi problemlərinin aradan qaldırılmasına nail ola bilib. Təbii ki, Naxçıvanın inkişafında, Türkiyə ilə geniş iqtisadi, sosial əlaqələrin qurulmasında Ulu Öndər Heydər Əliyevin müstəsna rolu olub. Məhz 1990-cı illərin əvvəllərində Ümummilli Lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etməyə başladıqdan sonra Naxçıvan ağır, çətin problemlərini həll etməyə müvəffəq oldu. Ulu Öndərimiz Heydər Əliyevin müdirik siyasəti və fəaliyyəti nəticəsində 1992-ci il mayın 28-də Araz çayı üzərində Türkiyənin Dilucu və Azərbaycanın Sədərək bölgələrini birləşdirən 11 aşırımlı və "Ümid", "Həsrət" adlanan körpünün tikilib istifadəyə verilməsinə nail olundu. “Ümid” körpüsünün salınması blokada şəraitində olan Naxçıvanın sosial-iqtisadi həyatı üçün əhəmiyyətli rol oynadı. “Ümid” körpüsünün açılış mərasimində çıxış edən Ulu Öndər Heydər Əliyev demişdir: “Bu gün bu qocaman Araz çayı üzərində, qədim türk dünyasında, Azərbaycan torpağında böyük bir tarixi hadisə baş verir. Türkiyə ilə Azərbaycan arasında "Ümid" körpüsü, "Həsrət" körpüsü açılır. Biz azərbaycanlılar, türklər əsrlər boyu Araz çayının o sahilində, bu sahilində dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlə görüşmək üçün, əlaqə saxlamaq üçün həsrət çəkmişik. 70 il biz bu görüşü həsrətlə gözləmişik. İndi isə bizim bu arzularımız, diləklərimiz həyata keçibdir. Naxçıvan ilə, Azərbaycan ilə Türkiyəni bağlayan nəhəng bir körpü tikilmişdir”. Mərasimdə iştirak edən Türkiyənin Baş naziri Süleyman Dəmirəl isə çıxışında körpünün salınmasının tarixi hadisə olduğunu bildirdi: “Bu gün burada cərəyan edən hadisə tək bir körpünün açılışı deyildir. Cərəyan edən əsas hadisə 70 il bir-biriylə qürbətdə, həsrətdə qalmış qardaşlarımızın yenidən görüşməsidir. Bu coşqunluğu anlaya bilmək lazımdır. Bu, bir birlik, milli coşqunluqdur... Qardaşlıq, dostluq bundan sonra daha da sıx olacaqdır. Türkiyə ilə Azərbaycan, Naxçıvan arasında əlaqələr genişlənəcək, adamlar bir-biri ilə yaxınlaşacaqdır. Bu körpü təkcə Azərbaycanı və Türkiyəni birləşdirmir, bu, Avropa ilə Asiya arasında körpüdür”.

İğdır-Naxçıvan qaz kəməri vasitəsi ilə Muxtar Respublika enerji təhlükəsizliyini uzun illər təmin edəcək

Dahi Öndərimiz Heydər Əliyevin Naxçıvanın enerji daşıyıcıları ilə yüksək səviyyədə təmin olunması istiqamətində göstərdiyi fədakarlığı, müdirik siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev uğurla davam etdirir. Martın 5-də İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi buna daha bir əyani sübut ola bilər. Qaz kəmərinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan videobağlantı formatında iştirak ediblər. Mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirdi ki, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır: “Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır və Türkiyədən başqa da 11 ölkə, onlardan 10 Avropa ölkəsi Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir. Bu gün açılışında iştirak etdiyimiz layihə Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaqdır”.

Prezident İlham Əliyev qürur hissi ilə qeyd etdi ki, bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşmasına da imkan verdi: “Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir, həm ölkələrimiz üçün, həm daha geniş coğrafiya üçün. Xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük mənası, çox böyük faydası var və təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm Türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman Türk dünyasının birləşməsinə çox böyük önəm verirdi və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmirdi. Bugünkü mərasim bir daha Türkiyə-Azərbaycan birliyini, dostluğunu, qardaşlığını göstərir, onun əyani təzahürüdür. Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək. Bütün bu işlərdə iştirak etmiş yoldaşlarımıza, dostlarımıza öz adımdan təşəkkürümü bildirirəm. İnşaat işləri qısa müddət ərzində, cəmi bir ildən bir qədər çox çəkdi və biz artıq bu gözəl mərasimdə iştirak edirik”.

İğdır-Naxçıvan qaz boru kəmərinin açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirdi ki, “Bir millət, iki dövlət” şüarı ilə formalaşan qardaşlıq münasibətlərimizdə hər sahədə böyük irəliləyişlər əldə edirik : “Ölkələrimiz arasındakı münasibətlər müdafiədən ticarətə qədər çox geniş sahədə daim inkişaf edir. Şübhəsiz ki, bu əməkdaşlıqlarımız arasında bir çox layihə ilə taclandırdığımız enerji sektoru başda yer alır. Bəzilərinin xəyal hesab etdiyi Bakı-Tbilisi-Ceyhan xam neft boru kəməri kimi, “Şahdəniz” yatağının və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərinin istismara verilməsi ilə enerji əməkdaşlığımızı daha irəliyə aparmağa nail olduq. Anadoludan keçən təbii qaz boru kəməri – TANAP vasitəsilə böyük miqdarda Azərbaycan qazının Avropaya çatdırılmasının sevincini yaşayırıq. Bu sahədə strateji və qeyri-adi layihələri həyata keçirməkdə Can Azərbaycan ilə tam uzlaşma içərisindəyik.Bu gün İlham qardaşımla birlikdə bu əməkdaşlığa yeni bir layihəni də əlavə etməkdən böyük məmnunluq duyuruq. Bir azdan açılışını edəcəyimiz İğdır-Naxçıvan təbii qaz boru kəməri enerji sahəsində daha əvvəlki strateji təşəbbüslərimizi tamamlayacaq, həmçinin Naxçıvan ilə ortaq taleyimizin bir nişanəsi olacaq. BOTAŞ tərəfindən inşa edilən 80 kilometr uzunluğunda, gündəlik 2 milyon kubmetrə qədər nəqletmə qabiliyyətinə malik bu kəmər xüsusilə Naxçıvanın təbii qaz ehtiyacının hamısını ən azı 30 il müddətində təmin edəcək. Beləliklə, Naxçıvanın enerji təhlükəsizliyini uzun illər təmin edəcək bir layihəni qardaşımla birlikdə ölkələrimizə qazandırmış oluruq”.

Bir sözlə, Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı yeni-yeni layihələrin icrası ilə daha da inkişaf edir. İğdır-Naxçıvan qaz boru kəmərinin açılışı hər iki dövlətin əlaqələrinin möhkəmlənməsinə, qarşılıqlı faydalı münasibətlərin dərinləşməsinə, əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına təkan verəcək.

Eldar İbrahimov

YAP İdarə Heyətinin üzvü,

Milli Məclisin İntizam komissiyasının sədri

Digər xəbərlər