Bu gün hər bir Azərbaycan qadını, anası xoşbəxtdir, qürurludur. Yetişdirdikləri övladlar 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi, torpaq həsrətinə son qoydu, vaxtilə itirilmiş qürurumuzu özümüzə qaytardı. Bu gün analarımız Beynəlxalq Qadınlar Gününü qələbə sevinci ilə qeyd edirlər. Şəhid anaları, bacıları, bütün qadınlarımız üçün ən böyük bayram hədiyyəsi qəhrəman oğullarımızın yazdığı tarix, torpaqlarımızı işğaldan azad edib düşməni diz çökdürməsi, müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin olunması yolunda canlarından keçən şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmamasıdır.
Hər bir bayram keçilən yola qısa nəzər salmağa bir çağırışdır. Azərbaycan qadınları cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Milli əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz, dilimizin saflığı məhz analarımızın müdrikliyi sayəsində çətin və mürəkkəb dövrlərin sınağından çıxa bilib. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar Azərbaycan qadınının mədəni və intellektual potensialından xəbər verir. Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan Üummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uğurla fəaliyyət göstərir. Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Azərbaycanın tanıdılması, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Onun təşəbbüsü ilə keçirilən tədbirlər həm də Azərbaycan gənclərinin potensialından xəbər verir.
Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Prezident İlham Əliyevin dövlət siyasətində müəyyən etdiyi prioritet istiqamətlərdəndir. 2006-cı ildə qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuşdur. Bu qanunların qəbul edilməsi insanların təfəkküründə yeni düşüncə tərzinin formalaşmasına təkan verərək bir çox stereotiplərin qırılmasına səbəb oldu.
Bu gün qalib, bütövləşən Azərbaycanımız yeni-yeni hədəflərə doğru inamla addımlayır. Qadınlarımız bu hədəflərə töhfələrini vermək üçün səylərini daha da artırırlar.
Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri