"İranda reformist və mühafizəkar olan hökumət fraksiyaları arasında siyasi gərginlik son həftələrdə daha da artıb. Bunu şərtləndirən başlıca amillər İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və fundamentalistlərin ABŞ-la danışıqlara qarşı sərt mövqeyi və Məsud Pezeşkianın seçki zamanı verdiyi vədlərdir". Bu sözləri SİA-ya açıqlamasında siyasi-ekspert Elmir Səftərov deyib.Onun sözlərinə görə, siyasi mühitdəki problemləri qabardan birinci məsələ Ali Rəhbər Əli Xamenei ilə Prezident Məsud Pezeşkian arasında ABŞ-la danışıqlarla bağlı fikir ayrılıqlarıdır: "Belə ki, Ə.Xamneyi ABŞ-a qarşı düşmənçilik siyasətinin davam etdirilməsində maraqlı görünür, çünki rejimin ideoloji legitimliyi ABŞ-a qarşı düşmənçilik üzərində qurulub. Əgər danışıqlarda irəliləyişlər əldə edilsə, böyük düşmən obrazında göstərilən ABŞ kartı İran dərin dövlətinin əlindən çıxacaq. Digər tərəfdən, məsul idarəçi olan M.Pezeşkian hökuməti öz ideologiyasına uyğun olaraq islahatlar həyata keçirmək barədə öz seçicilərinə vədlər verib. Bəllidir ki, daxili iqtisadi sabitliyi təmin etmək üçün xarici aktorlarla da siyasi dialoq olduqca vacibdir. Prezident də buna görə çox yaxşı bilir ki, danışıqlar aparılmadan və İrana qarşı sanksiyalar aradan qaldırılmadan ölkə iqtisadiyyatını dövlət və xalq üçün əlverişli vəziyyət gətirmək mürəkkəb məsələdir. Məsud Pezeşkian əsas siyasi-iqtisadi güclərdən biri olan ABŞ-la danışıqların başlanılmasının tərəfdarı kimi ölkənin iqtisadi blokadadan çıxmasına çalışır. Hakimiyyətin ən yüksək səviyyəsindəki bu və ya digər fikir ayrılıqları isə avtoritar rejimlərin mümkün süqutunun əlamətlərindən biri olan idarəçilikdə uçurumun dərinləşməsinə işarədir. İrandakı hakimiyyət böhranını artıran digər məqamlardan biri də islahatçıların Prezident Məsud Pezeşkiana seçki kampaniyası dövründə verdiyi vədləri xatırladaraq təzyiqlər göstərməsidir. Bu baxımdan prezidentin istefaya çağırılması, Pezeşkian hökumətindəki kadrların uzaqlaşdırılması da İrandakı siyasi ab-havanı daha da pisləşdirir".
Müəllif: Ziya Hikmətoğlu