Azərbaycanda fəaliyyət göstərən siyasi partiya nümayəndələri, politoloq və siyasi şərhçilər, habelə internet televiziya kanallarının rəhbərləri, qəzet redaktorları və digər jurnalistlər Xankəndi, Xocalı və Əsgəranda olublar. SİA xəbər verir ki, səfər iştirakçıları əvvəlcə Əsgəran qala-kompleksi ilə tanış olub, kompleks haqqında geniş məlumat əldə ediblər.İştirakçılar səfər çərçivəsində müxtəlif məkanlarla yanaşı, Xocalı şəhərində inşa edilən Xocalı Soyqırımı Memorialında aparılan işlərlə yaxından tanış olublar.
Səfər iştirakçıları həmçinin Xocalının Ballıca kəndində tikilən fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülmüş işlərlə tanış olmaq imkanını əldə ediblər.Daha sonra səfər iştirakçıları Xankəndi şəhərində 2023-cü il noyabrın 8-də Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildiyi Zəfər meydanını ziyarət ediblər.Səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev ötən dövr ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı surətdə təşviq olunan həmrəylik mühitinin strateji əhəmiyyəti və mövcud istiqamətdə görülmüş işlər haqqında məlumat verib.O qeyd edib ki, Xankəndi şəhərində Zəfər meydanında ölkənin bütün əsas siyasi partiyalarının bir yerdə toplanması da Azərbaycanın siyasi tarixində əlamətdar hadisə kimi dəyərləndirilməlidir:"Müharibə dövründə olduğu kimi hər zaman vətənpərvər qüvvələri birləşdirən əsas amil milli maraqlar və dövlətçilik mövqeyidir".