Ukrayna ilə bağlı məsələlər, xüsusən də münaqişənin həlli ilə əlaqədar son müzakirələr bir çox həqiqətləri ortaya çıxarmış oldu. Ələlxüsus da, məhz Avropanın sanki iç üzü açılmış oldu və indi avropalıların bir növ, hesab vermək məcburiyyətində qalacaqları ilə əlaqədar kompleksi var və qorxularının da əsaslı səbəbləri mövcuddur.
Rusiya və Ukrayna arasındakı münaqişə fonunda kimin dəstəklənəcəyi ilə bağlı fikir ayrılığı “NATO-nun ürəyinə zərbə” ola bilər
Rusiya və Ukrayna arasındakı münaqişə fonunda kimin dəstəklənəcəyi ilə bağlı fikir ayrılığı avropalıları daha çox düşündürür. Hətta elə zənn edilir ki, məhz bu və digər istiqamətdə dəstəyə görə Avropa “zərbə” də ala bilər. Bəzi siyasətçilər və politoloqlar bu məsələyə daha həssas yanaşırlar və daha kəskin şəkildə bunu izah edirlər. Məsələn, NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş komandanı admiral Ceyms Stavridis deyir ki, Rusiya və Ukrayna arasındakı münaqişə fonunda kimin dəstəklənəcəyi ilə bağlı fikir ayrılığı “NATO-nun ürəyinə zərbə” ola bilər. Onun sözlərinə görə, belə fikir ayrılığı hətta blokun mövcudluğunu belə dayandıra bilər. Admiral açıq şəkildə xəbərdarlıq da edir və CNN telekanalının efirində bildirir ki, haqqında qeyd olunan blok yaxın zamanda Avropa ölkələrinin hərbi ittifaqına, Avropa Müqaviləsi Təşkilatına belə transformasiya da edə bilər.“Biz yəqin ki, NATO-nun son günlərini görürük”, deyə fikirlərini, qənaətini gizlətməyən Stavridis yaranan narahatlığın da səbəblərini izah etməyə çalışıb. ABŞ Prezidenti Donald Trampın müdafiə xərclərini ÜDM-in 5 faizinə çatdırmaq tələbi ilə bağlı alyansın Avropa üzvləri arasında narahatlığının məhz Ağ Evin Ukrayna Prezidenti Vladimir Zelenski ilə mübahisəsi nəticəsində artdığını da keçmiş komandan açıq şəkildə bildirib. NATO-nun Avropadakı silahlı qüvvələrinin keçmiş komandanı admiral Ceyms Stavridis əmindir ki, hazırda NATO müttəfiqləri üçün ən çətin sual kimi dəstəkləmək lazım olması ilə bağlı sualdır. O, aydın şəkildə bəyan edir ki, Avropa liderləri ABŞ-a tərəfdaş kimi etibar edilə biləcəyini artıq şübhə altına almağa başlayıblar. Eyni zamanda məsələnin ciddiliyini də nəzərə alaraq qeyd edib ki, Avropanın müdafiə məsələlərinə bundan sonra ciddi yanaşmaq lazımdır və bu mənada da çıxış edərək, Avropa silahlı qüvvələrinə NATO-dan kənar komandanlıq strukturu yaratmaq barədə düşünmək çağırışı da edib. Deməli, artıq hesablaşmaqla bağlı Avropanın qorxu kompleksi özünü göstərir və məhz Alyansın Avropadakı silahlı qüvvələrinin keçmiş komandanının fikirləri bunu bir daha təsdiq edir.
Trampın hərbi yardımı dayandırmaqla bağlı hədəsi həqiqətən də böyük rezonans doğurub
Etiraf etmək lazımdır ki, Zelenski ilə mübahisə və Trampın Ukraynaya hərbi yardımı dayandırmaqla bağlı hədəsi həqiqətən də böyük rezonans doğurub. Məhz Avropada yenidən hər mənada ABŞ-dan müstəqillik tələbləri səsləndirilməsi də təsadüfi deyil. Fransa prezidenti Emmanuel Makronun özünün belə ABŞ-la münasibətlərdə çox böyük qorxu kompleksi keçirdiyi artıq özünü göstərir. "Bu gün etməli olduğumuz məhz transformasiya olunan gücə çevrilməkdir, çünki biz əvvəlki deyilik. Biz bazarıq, biz dinc yerik, amma bir az amorfuq. Biz kifayət qədər qabaqcadan plan qurmuruq. Avropa risk, ambisiya və güc zövqünü yenidən kəşf etməlidir. Bu, pis söz deyil", deyə bəyan edən Fransa prezidenti bununla özünün və bütövlükdə Avropanın qorxu kompleksi keçirdiyini növbəti dəfə ifşa etmiş olub.Əlbəttə ki, Makronun sözlərinə məhəl qoymamaq da olar. Çünki o, hər zaman belə ifadələr səsləndirir və ağlına gələni də deyir. Xatırladığımız kimi, hətta Trampın 2019-cu ildə ilk prezidentliyi dövründə “NATO-nun beyin ölümü” ifadəsi də Makrona məxsus idi. O, bu ifadəsi ilə bir növ dırnaqarası da olsa, “tarixə düşmüş” oldu. Məsələ burasındadır ki, Trampın əvvəlki dövrü ilə indikini qətiyyən müqaisə belə etmək mümkün deyil. Görünən odur ki, bu dəfə ABŞ lideri daha “qaynar” şəkildə yanaşma sərgiləyir. Elə Makron da bunu yaxşı başa düşür və əgər bundan əvvəlki dövrdə qorxu keçirirdisə, indi bu qorxu kompleksi daha ciddi şəkildə nəzərə çarpır.
Tramp və Zelenski arasındakı “çəkişmə” kollektiv Qərbin dağılmasının başlanğıcı ola bilər
Bu gün NATO-nun və bütün Avroatlantik birliyin dağılmasından yalnız Makron kimi qorxaqlar danışmırlar və belələri kifayət qədərdir. Məsələn, Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Hoisgen ABŞ vitse-prezidentinin tədbirdəki çıxışına cavab olaraq, transatlantik alyansın öldüyünü deyir və forumu da “Avropanın kabusu” adlandırır. Eyni zamanda Bloomberg nəşri də bəyan edir ki, transatlantik alyans artıq əvvəlki formada mövcud deyil. “The Washington Post” isə yazır ki, Vaşinqtonun Ukrayna münaqişəsi ilə bağlı siyasətindəki dəyişikliklər Avropa üçün “qamçı” sayılır. Sözügedən nəşr “Oval Ofisdəki dava-dalaşın” ardınca eyni zamanda qeyd edir ki, Tramp və Zelenski arasındakı çəkişmə kollektiv Qərbin dağılmasının başlanğıcı ola bilər. Bax elə bunun özü də qorxu kompleksinin olduğunun təsdiqidir.Təbii ki, biz Qərb mediasının sevdiyi bir şeyi, mübaliğəni də müşahidə edirik. Trampın impulsivliyini, qeyri-sabitliyini və gözlənilməz addımlar atmağa meylli olduğunu bilərək, onun həm Kiyev, həm də Avropa ilə münasibətlərinin tamaşanın gedişində bir neçə dəfə dəyişəcəyini də güman etmək olar. Bununla belə, həm Zelenskidən, həm də Avropa liderlərindən Trampın nə istədiyini də çox yaxşı başa düşürük. Biz Avropa liderlərinin Ukraynanı sona qədər müdafiə etmək niyyətlərini də gördük və hətta Tramp ciddi şəkildə ondan qurtulmağa qərar versə belə bu niyyətdən əl çəkməmək fikri də əsassız deyil. Çünki həqiqətən də, Trampın son hərəkətləri “Avro-Atlantik birliyi” bir qədər sarsıda bilər və kollektiv Qərbin “memarlığının” əsaslarına da bəzi düzəlişlərə səbəb olar. Deməli, Avropanın qorxu kompleksi heç də səbəbsiz deyil.
Amerika “çətirindən” heç vaxt əl çəkmək niyyətində olmayan Avropa ölkələri üçün alternativ variant yoxdur
Heç də şübhə yoxdur ki, ABŞ və onun prezidentinin qətiyyən NATO-dan çıxmaq kimi bir fikri, niyyəti ola bilməz. Bunun ən azı iki səbəbi məlumdur. Birincisi, NATO ABŞ-ın Avropa üzərində nəzarəti üçün ən təsirli vasitədir və ağlı başında olan heç bir prezident bundan qətiyyən “əl çəkməz”. Hətta buna imkan belə verilməz və şəraitin yaranmasının da qarşısı dərhal alınar. İkincisi isə, NATO ABŞ üçün nəhəng silah bazarıdır, çünki Alyansa üzv olan ölkələr Amerika silahlarını almağa borcludurlar. Yəni NATO-dan çıxmaq həm də, yeri gəlmişkən, Donald Trampın əhəmiyyətli təsiri altında olan Amerika hərbi-sənaye kompleksi üçün nəhəng maliyyə itkiləri deməkdir. Bu baxımdan da əksini fərz etmək heç də məntiqi səslənə bilməz.Amerika “çətirindən” heç vaxt əl çəkmək niyyətində olmayan Avropa ölkələri haqqında da eyni sözləri demək olar. Əvvəla ona görə ki, onlar üçün alternativ variant yoxdur və bu sadə həqiqəti həmin o avropalılar özləri hamıdan yaxşı bilirlər. Digər tərəfdən də, “Avropa ordusu” və buna bənzər cəfəngiyyatlar haqqında ancaq söz və bəyanatlarda nəyə isə oxşaya bilər. Bu barədə danışmaq asandır, amma reallıqda bunların ərsəyə gəlməsi böyük çətinliklər vəd edir. Çünki sözdə deyilənlər sıfırdan yaradılmalıdır və bu, çox vaxt aparan, ələlxüsus da çox baha başa gələndir. Həm də bir çox avropalı siyasətçilər sadəcə olaraq, ümid edirlər ki, Tramp nə zamansa hakimiyyətdən gedəcək və ondan sonra da hakimiyyətə guya istədikləri bir adam gələcək. Bu ümidlərin, hətta xəyalların yaranması özü də bəsit bir düşüncənin zəiflikdən, qorxu kompleksindən yarandığı qənaətinə əsas verir. Deməli, bütün reallıqlar Avropada əmələ gələn qorxu kompleksini təsdiqləyir.Avropalılar bilirlər ki, Amerikanın “kölgəsindən” məhrum olduqları təqdirdə böyük “itgilər” verməli olarlar. Başa da düşürlər ki, ABŞ NATO-dan çıxsa, İngiltərə və Fransa təşkilata rəhbərlik edib, ondan öz imperialist məqsədləri üçün istifadə edə bilər və bunun da acı nəticələri barədə proqnozları elə afrikalılardan soruşsalar yetər. Həm də məhz “ABŞ-ın yoxluğu” fonunda “Rusiya təhlükəsi”nin nə demək olduğunu da avropalılar yaxşı başa düşürlər. Təbii ki, bunlar ancaq hipotetik mülahizələrdir. Vaşinqton NATO-dan çıxmaq və Avropanı “azad etmək” niyyətində deyil. Əksinə, indi Avropa daha böyük diqqət mərkəzindədir və avropalılar elə bunun qorxusu altındadırlar. Hətta qorxurlar ki, bu vaxta qədər olduğu kimi yox, daha bundan sonra “birlik” üçün öz “ciblərindən” ödəməli olarlar. Həm də elə Ukrayna üçün də “ödəməli” olacaqları qorxusu da var. Belə çıxır ki, Avropa “hesablaşmaq” qorxusu altındadır və qorxu kompleksi də buna görədir...
Müəllif: İnam Hacıyev