PDF Oxu

Siyasət

  • 1 186

İğdır-Naxçıvan qaz kəmərinin açılışı Naxçıvanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək

image

Dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi atılan növbəti uğurlu addımla diqqətdədir. Dövlət başçısı İlham Əliyevin martın 5-də Türkiyəyə işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak etmələri hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin tarixi dostluqdan strateji tərəfdaşlığa doğru atdıqları addımların xronologiyasına diqqət yetirdikdə möhkəm təməlin, qarşılıqlı etimadın münasibətlərin inkişafında böyük rol oynadığı daha aydın şəkildə görünür. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkədir. Həmin dövrdən etibarən ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə dərin əməkdaşlıq əlaqələri qurulub və uğurla davam edir. 1990-cı illərin sonlarından başlayaraq, xüsusən də müstəqilliyimizin bərpasının ilk illərində Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək göstərdi.

Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan Türkiyə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyini xüsusilə keçmiş Qarabağ münaqişəsi zamanı açıq şəkildə nümayiş etdirdi. Ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafını şərtləndirən mühüm amillərdən biri hər iki dövlətin məhz ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasət həyata keçirmələri, daim sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edərək hədəflərə nail olmaq üçün birgə addımların atılmasının vacibliyini bildirmələridir. Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində hər iki ölkənin dövlət başçılarının qardaşlıq, dostluq münasibətləri daim əhəmiyyətli rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” çağırışları bütün dövrlərdə bu münasibətlərin inkişafında yol xəritəsidir. Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan-Türkiyə qardaşlığının rəsmi şəkildə təsdiqi olan Şuşa Bəyannaməsinin mahiyyətində də məhz bu kəlamlar əsas yer tutdu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Millət vəkili qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənir. 2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard dollar olub. Ötən il artım dinamikası davam edib. Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi isə 20 milyard dolları keçib. Bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir. Azərbaycan Cənubi Qafqazda ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarük edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir. Çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı tarixində önəmli bir gün kimi dəyərləndirilən İğdır-Naxçıvan qaz xəttinin açılışı iki ölkənin birgə reallaşdırdığı enerji layihələrinin tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır. Türkiyədən başqa 10-u Avropa ölkəsi olmaqla 11 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.
Vüqar Rəhimzadə vurğulayıb ki, davamlı şəkildə güclənən qardaşlıq bağları və strateji müttəfiqlik əlaqələrinin inkişafı ölkələrimiz qarşısında duran problemlərin uğurla həllinə imkan yaradır. Bu birliyin mühüm nəticələrindən biri də illərdir Ermənistanın yaratdığı blokada şəraitində yaşamağa məcbur olan Naxçıvan Muxtar Respublikasının enerji təminatının daha etibarlı səviyyəyə çatdırılmasıdır. Azərbaycan və Türkiyə liderlərinin uzaqgörən siyasətinin nəticəsi kimi ərsəyə gələn İğdır-Naxçıvan qaz kəməri məhz bu məqsədə xidmət edir. İki dost və qardaş ölkələrin videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi mərasimində iştirakı bu birliyin enerji sektorunda yol açdığı uğurların davamlılığından xəbər verir. 2018-ci ilin iyun ayında TANAP istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihəni növbəti layihələrin müjdəçisi kimi dəyərləndirmişdi. İğdır-Naxçıvan qaz kəməri muxtar respublikanın təbii qaz təminatını tam qarşılayacaq və bir mənbədən asılılığını aradan qaldırmaq baxımından mühüm rol oynayacaq. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında da bu məqamı xüsusi vurğuladı. Qeyd etdi ki, İğdır-Naxçıvan qaz xəttinin açılışı Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq.

Vüqar Rəhimzadə bildirib ki, iki dost, qardaş ölkənin birgə həyata keçirdikləri enerji layihələri nəqliyyat layihələrinin də reallaşmasına imkan yaratdı. Belə ki, əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirildi. Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz, həm də daha geniş coğrafiya üçün mühüm üstünlükləri təmin edir. Xüsusilə türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük faydası vardır. Prezident İlham Əliyev vurğuladı ki, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman türk dünyasının birləşməsinə çox böyük önəm verir və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmir.
Milli Məclisin deputatı qeyd edib ki, İğdır-Naxçıvan qaz kəmərinin açılışı mərasimi bir daha Türkiyə-Azərbaycan birliyinin, dostluğunun, qardaşlığının əyani təzahürüdür. “Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək” söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, inşaat işləri qısa müddətdə başa çatdı və artıq bu gözəl mərasimdə iştirak edirik.
Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb. Bildirib ki, tarixi Zəfərimizdən sonra dünya istər Azərbaycan-Türkiyə, istərsə də digər türk dövlətləri arasında əlaqələrin daha sıx birləşdiyinin şahididir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev ötən il prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində Azərbaycanın xarici siyasət uğurlarından, beynəlxalq təşkilatlarla əlaqələrimizdən geniş bəhs edərək bu çağırışı etdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılışı mərasimində iki qardaş ölkənin dostluğunu möhkəmləndirən məqamlardan bəhs edərək bildirdi ki, Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh, əməkdaşlıq, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik.

Digər xəbərlər