Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibəti ilə tədbir keçirilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirdə əvvəlcə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin hörmətlə yad edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“8 Mart-Beynəlxalq Qadınlar Günü”nə həsr olunmuş video çarx nümayiş etdirilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Ölkəmizdə dövlət - qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Bu gün dövlət qadın siyasətinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb. Ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan qadınları mühüm dövlət qurumlarında, parlament və bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, ölkə idmanının inkişafına böyük töhfələr verirlər. Birinci vitse-prezident Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimiz, dövlətçiliyimiz naminə, xalqın rifahı üçün gördükləri işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Onların hərtərəfli parlaq fəaliyyətləri, xeyirxahlıq missiyaları, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördükləri işlər əsl örnəkdir. 8 Mart-Beynəlxalq Qadınlar Günü həm də torpaqlarımızın işğaldan azad edilməsi zamanı şəhid olmuş qadınlarımızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların ömür-gün yoldaşlarının, Vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarının bayramıdır. Artıq Azərbaycan qadını beynəlxalq qadınlar bayramını daha qürurlu qeyd edir. Çünki onun Vətən üçün sağlam ruhda böyüdüb boya-başa çatdırdığı övladları 30 ilə yaxın düşmən işğalına son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfərlərlə ölkəmiz və xalqımızın başını uca etdi. Bu gün biz şəhidlərimizə, qazilərimizə nə qədər borcluyuqsa, bir o qədər də onları əsl qəhrəman kimi böyüdən analara borcluyuq.
YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov vurğulayıb ki, tariximizin mürəkkəb ictimai-siyasi proseslərində cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilən Azərbaycan qadını fəallığı ilə seçilmişdir. Gözəllik örnəyinə çevrilən Azərbaycan qadını ən çətin məqamlarda belə ayıq-sayıqlığı, çevikliyi və düzgün qərar qəbul etmək bacarığı ilə hamını heyrətləndirib. Tariximizin ayrı-ayrı dövrlərində yaşayıb fəaliyyət göstərmiş qadınlar müdrikliyi və işgüzarlığı ilə keçmişimizə parlaq səhifələr yazıblar. Sözünün bütövlüyü, ictimai fəallığı, zəhməti, isməti və zəkası ilə tariximizə isimlərini həkk ediblər. Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən qadın siyasəti nəticəsində Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də, digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa nail oldu. 8 Mart-Beynəlxalq Qadınlar Günü həm də torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarmızın, bütün şəhid anaları və xanımlarının, döyüşlərdə sağlamlığını itirən hərbi qulluqçuların həyat yoldaşlarının, əsgər analarının, uzun müddət ürəyi Vətən həsrəti ilə döyünən, məcburi köçkün düşmüş qadınlarımızın bayramıdır. Çünki qəhrəman analarımızın vətənpərvər ruhda böyüdüb boya-başa çatdırdığı övladları 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdilər. Çıxışının sonunda Şahlar Əsgərov bayram münasibəti ilə xanımları təbrik edib.
44 günlük Vətən müharibəsi şəhidi, leytenant Teymur Abbasovun anası Başxanım Abbasova və 44 günlük Vətən müharibəsi şəhidi, XTQ-nin kapitanı Nurlan Mustafayevin anası Rahilə Ramazanova çıxış edərək bidiriblər ki, Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəslə çatdırılmasında daim fədakarlıqlar göstərmiş, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynamışdır. Ən dərin fikirləri dolğun ifadə qüdrətinə malik doğma dilimizin əsrlərin sınağından alnıaçıq çıxaraq bu gün də bütün gözəlliyi və zənginliyi ilə yaşamasında onun əməyi misilsizdir. Azərbaycan qadını hər zaman milli dövlət quruculuğu işinin fəal iştirakçısı olub. Qadınlar müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyi və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər edib. Göz açıb azad gördüyü yurdunu ana qədər müqəddəs bilən, milli ideallara sadiq gənc nəsli də o, məhz öz mənəvi gücü, polad iradəsi hesabına yetişdirib, tarixin hökmü ilə ədalətin zəfər çalacağına və haqq işimizin qalib gələcəyinə həmin nəslin qəlbində sarsılmaz inam duyğusu aşılayıb. Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən dəyərli töhfəsi olan bu nəsil Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadəti ilə xalqımızın mübarizlik rəmzinə dönərək ümidləri tam doğruldub. Bu mənada, şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, xalq üçün layiqli oğullar böyüdən əsgər analarına, dövlətçiliyimizin daha möhkəmləndirilməsi naminə yüksək fədakarlıq edən qadınlara xoş arzularımızı yetirir, onları 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirik. Sonda şəhid ailələri, qazilər və müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olunub.
Sonda çıxış edən “Mətbuat pr.37A” ünvanı üzrə (Yasamal rayon icra Hakimiyyəti) ərazi partiya təşkilatının sədri Təravət Muradova bildirib ki, milliliklə müasirliyin vəhdətini yüksək mənəviyyatının ayrılmaz tərkib hissəsinə çevirən Azərbaycan xanımları yeni tarixi şəraitdə geniş sosial-mədəni fəaliyyətləri sayəsində böyük ictimai nüfuz qazanmış və cəmiyyət həyatına həmişə bir dinamizm qatmışlar. Onlar adlarını uca tutduqları maarifpərvər sələflərinin yolunu şərəflə davam etdirmiş, müsəlman Şərqində qadınlar arasında mədəniyyətin, incəsənətin, təhsilin və elmin bir çox sahələrində ilk addımları atmaqla yenilikçi, qabaqcıl fikirli və tərəqqipərvər olduqlarını əməli surətdə sübuta yetirmişlər. Azərbaycan qadını milli dövlət quruculuğu işinin fəal iştirakçısı kimi müstəqillik illərindəki nailiyyətlərimizin zirvə nöqtəsinə yüksəlməyimiz və parlaq Qələbə sevinci yaşamağımız naminə var qüvvəsini səfərbər etmişdir. Bu gün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət qadın siyasəti dinamik şəkildə inkişaf edir.
Çıxışların sonunda “70 illik yubiley” münasibətilə və Partiyada ictimai-siyasi fəaliyyətinə görə YAP Yasamal rayonu “B.Vahabzadə küç.9” (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutu) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Rəvan Mehdiyevaya Fəxri Fərman və hədiyyə təqdim olunub.
Tədbirdə iştirak edən şəhid anaları və xanımlara hədiyyələr təqdim edilib.
Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Sonda xatirə şəkli çəkdirilib.