Dostluq və qardaşlığa söykənən Azərbaycan Türkiyə münasibətləri bu gün daha yüksək bir mərhələdədir. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra dövlətlərarası əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi diqqət yetirilib. "Bir millət, iki dövlət", - deyən Ulu Öndər Heydər Əliyevin dövlətlərarası yaratdığı qardaşlıq münasibətləri bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Əlbəttə ki, son illərdə Azərbaycan-Türkiyə münasibətləri ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə qədər yüksəlməsi mövcud əlaqələrin möhkəmliyinə, sarsılmazlığına əsaslanır.
Martın 5-də Azərbaycan-Türkiyə qardaşlığı, strateji tərəfdaşlığı üçün daha bir mühüm hadisə baş verib. Həmin gün Ankarada İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər. Hər iki dövlət başçısı mərasimdə çıxış ediblər. Sonra videobağlantı formatında İğdır-Naxçıvan qaz kəmərinin açılışı olub.
“Bu gün Türkiyə-Azərbaycan dostluq, qardaşlıq tarixində önəmli bir gündür. İqdır-Naxçıvan qaz xəttinin açılışı qeyd edilir.” Bu sözləri Prezident İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında çıxışında bildirib. Dövlətimizin başçısı deyib: “Burada qeyd edildiyi kimi, Naxçıvanda hörmətli Prezidentlə birlikdə bir il yarım bundan əvvəl biz bu qaz xəttinin təməlini qoyduq və artıq bu gözəl tədbirdə iştirak edirik”.
Prezident İlham Əliyev daha sonra bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru kəmərləri layihələri nəinki ölkələrimiz birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Dövlətimizin başçısı qeyd edib ki, bu gün Azərbaycanda Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bizim birgə həyata keçirdiyimiz enerji layihələrimiz, eyni zamanda, nəqliyyat layihələrinin reallaşdırılmasına da imkan verdi.
“Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu çox gözəl üstünlüklər təmin edir. Həm ölkələrimiz üçün, həm də daha geniş coğrafiya üçün, xüsusilə Türk dünyasını birləşdirmək üçün bu nəqliyyat xəttinin çox böyük mənası var, çox böyük faydası var. Təbii olaraq, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün Türk dünyasına böyük bir töhfədir”, - deyə dövlətimizin başçısı əlavə edib.
“Ən çətin günlərində Azərbaycan necə Türkiyənin yanında oldusa, Türkiyə də Azərbaycanın çətin günündə onun yanında olacaq.” Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində deyib. O, Türkiyə ilə Azərbaycanın ortaq layihələrinin davamlı olacağını bildirib. Türkiyə Prezidenti həmçinin qeyd edib ki, iki ölkə hər zaman sülhün tərəfdarı olub: “Türkiyə ilə Azərbaycan sülh və rifahın tərəfindədir. Bölgədə sadəcə, sülh istəyirik və bu istiqamətdə daim addım atmışıq. Bundan sonra da sülhə yönəlik layihələri birlikdə həyata keçirməkdə qərarlıyıq".
Bəli, bu gün dünyada və regionda baş verən hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb. Beynəlxalq aləmdə böyük nüfuz sahibi olan Türkiyə-Azərbaycan birliyi sarsılmazdır. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarının birində bunu gözəl ifadə edib. SİTAT: "İftixar hissi ilə qeyd etmək istərdim ki, dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Əcdadlarımızın mənəvi mirası olan qardaşlığımız, birliyimiz və həmrəyliyimiz xalqlarımız üçün əsas yol istiqaməti, bölgə və dünya üçün mühüm təhlükəsizlik və sabitlik amilidir."
Əlbəttdə, Türkiyə-Azərbaycan əlaqələrini ən yüksək müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsi əhəmiyyətli rola malikdir. Şuşa Bəyannaməsinin imzalanması Azərbaycanın müstəqillik tarixinə əbədi həkk olundu və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir dövrün başlanğıcını qoydu:"Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə ucalmış əlaqələrimizin həyatın bütün sahələrində, istər siyasət, iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, təhsil, hərbi və digər sahələrdə özünü göstərməsi bizi çox sevindirir. Əminəm ki, "Bir millət iki dövlət" şüarını rəhbər tutan ölkələrimiz arasında müttəfiqlik münasibətləri birgə səylərimizlə bundan sonra da yüksələn xətlə və uğurla inkişaf etməyə davam edəcəkdir", - deyə Prezident bildirib.
Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə, eləcə də Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanır. Əminliklə bildirək ki, Azərbaycanla Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi və dərinləşdirilməsi perspektivləri, o cümlədən, tərəflərin siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsi münasibətlərin inkişafında əhəmiyyət kəsb edir. Bəyannamədə qeyd olunduğu kimi, öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən qardaş dövlətlər regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər.
Daha bir önəmli fakta diqqət çəkək. Bildiyimiz kimi, 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələ ölkənin cənub-şərqində böyük fəlakətlərə yol açdı. Əsrin faciəsi adlandırılan bu zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Azərbaycanın Türkiyəyə göstərdiyi yardım qardaşlıq və dostluq münasibətlərinin ən gözəl nümunəsi idi.
Türkiyə Respublikasının Kahramanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirdi.
Azərbaycan zəlzələdən zərər çəkən əhaliyə dərhal humanitar yardım göndərdi, Fövqəladə Hallar Nazirliyi vasitəsilə axtarış-xilasetmə əməliyyatlarına qatıldı. Yalnız təcili yardımlarla kifayətlənməyən dövlətimiz bölgənin uzunmüddətli bərpasına da mühüm töhfələr verdi.
Bu dəstəyin ən mühüm nümunələrindən biri Kahramanmaraş vilayətində inşa edilən "Azərbaycan" məhəlləsi oldu. Bu məhəllənin tikintisi Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilib və bütün xərclər Azərbaycan dövləti tərəfindən qarşılanıb. Məhəllədə Kahramanmaraşda zəlzələ səbəbindən evsiz qalan ailələr üçün 1000-dən çox mənzil inşa olunub. Layihə təkcə yaşayış və ticarət obyektləri ilə məhdudlaşmır. Burada, həmçinin məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi, məscid və digər sosial obyektlər də tikilir. Burada inşa edilən məktəbə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı verilib. Yaşayış massivinə "Azərbaycan" məhəlləsi adının verilməsi isə iki qardaş ölkə arasında bağları daha da gücləndirir. Məhəllənin girişində Azərbaycan və Türkiyə bayraqları yanaşı dalğalanır və mərkəzdə Azərbaycan-Türkiyə dostluğunu simvolizə edən abidə ucaldılıb.
İki qardaş ölkə arasındakı münasibətlərə nəzərə salanda bir önəmli məqam da diqqəti cəlb edir. Bu da ondan ibarətdir ki, həm Azərbaycan, həm də Türkiyə Türk Dövlətləri Təşkilatının fəaliyyətində və güclənməsində fəal iştirak edirlər. Türk dünyası özündə 7 dövləti və bir neçə ərazini birləşdirir. Bu dövlətlər dil, mədəniyyət və tarix baxımından bir-biri ilə sıx əlaqəlidir. Türkiyə və Azərbaycan Türk dünyasında liderlik edən əsas ölkələrdir. 2009-cu ildə yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (sonradan Türk Dövlətləri Təşkilatına çevrilib) türk dövlətləri arasında əməkdaşlığın inkişafına və birliyin möhkəmlənməsinə xidmət edir.
Beləliklə, bütün görülən bu işlər, həyata keçirilən mühüm layihələr tam əminlik yaradır ki, Azərbaycan ilə Türkiyə arasında olan bağlar, qardaşlıq və birlik bütün sahələr üzrə bundan sonra da uğurla inkişaf edəcək, genişlənəcək.
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri