Azərbaycan cəmiyyətində qadınların yeri və rolu tarixən diqqəti cəlb edən məqamlara sahib olub. Həm keçmişimizdə, həm də müasir dövrdə Azərbaycan qadınları cəmiyyətin müxtəlif sahələrində – siyasətdən tutmuş mədəniyyətə, təhsildən səhiyyəyə qədər hər sahədə fəal mövqelərdən çıxış etmişlər. Azərbaycan qadını, xüsusilə müstəqil dövrdə, həm iqtisadi, həm də sosial sahələrdə böyük uğurlar qazanmışdır. Müstəqil Azərbaycanda qadınların siyasi iştirakını artırmaq, onların iş həyatında və ictimai fəaliyyətlərində daha aktiv olmalarını dəstəkləmək məqsədilə müxtəlif qanunvericilik aktları qəbul olunur və proqramlar tətbiq edilib.
Ulu Öndər Heydər Əliyev müstəqillik illərində qadın hüquqlarının müdafiəsi üçün bir çox hüquqi-normativ aktlar təsdiqləyib, çoxsaylı fərman və sərəncamlar imzalayıb. Azərbaycan Respublikasının Konstitusiyası heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Məhz Ümummilli Liderin təşəbbüsü ilə hazırlanan bu ali hüquqi sənəddə qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq edilib. Beləliklə, demokratik cəmiyyət quruculuğunda qadınların fəal iştirakı ilə bağlı hüquqi baza yaradılıb, bu faktorlar bütün sferalarda gender siyasətinin inkişafına töhfə verib.
Ulu Öndərin müəyyən etdiyi uğurlu gender siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində ölkəmizdə qadın hüquqlarının müdafiəsi və gender bərabərliyinin təminatı ilə bağlı böyük uğurlar əldə olunub. Dövlət başçısının 2006-cı il 6 fevral tarixli Fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Qadınlarla bağlı işlərin daha mütəşəkkil və ardıcıl şəkildə aparılması, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması sahəsində hüquqi bazanın təkmilləşdirilməsi üçün 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul edilib.
Prezident İlham Əliyevin Azərbaycan qadınlarına ünvanladığı 5 mart 2025-ci il tarixli məktubunda qeyd edib:“Müqəddəs ailə dəyərlərimizə dərin sədaqət nümayiş etdirən qadınlarımız ölkəmizin ictimai həyatında böyük nüfuza malikdirlər. Əminəm ki, onlar gənc nəslin Vətənə və milli ideallara bağlılıq ruhunda yetişməsi üçün bundan sonra da qüvvələrini əsirgəməyəcək, həmçinin ictimai-mənəvi mühitimizi yeni töhfələrlə zənginləşdirəcəklər”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın gender siyasətinin inkişafı istiqamətində həyata keçirdiyi uğurlu fəaliyyət xüsusilə vurğulanmalıdır. Birinci xanım hər zaman qadınların yüksək intellektual potensialını nümayiş etdirir və onların cəmiyyətin müxtəlif sahələrində daha fəal iştirakını təşviq edir. O, qadınların hüquq və azadlıqlarının genişləndirilməsi, eyni zamanda onların sosial-iqtisadi sferalarda daha güclü rol oynaması üçün zəruri tədbirlər həyata keçirir.
Qadınlarımız daim milli-mənəvi dəyərlərə sadiq qalaraq ölkəmizin sosial-iqtisadi həyatında, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrində mühüm rol oynayırlar. Xanımlar, həmçinin dövlət idarəçiliyi, hüquq və qanunvericilik sistemində uğurla təmsil olunur, müdafiə və ordu sahəsində mühüm xidmətlər göstərirlər. Azərbaycan Ordusunda yüzlərlə qadın cəsarətlə xidmət edərək Vətən qarşısında vəzifələrini şərəflə yerinə yetirirlər.
Təqdirəlayiq haldır ki, Azərbaycan qadınları mübarizliyi, zəngin mənəvi-intellektual potensialı və dövlətçiliyə sədaqəti ilə fərqlənir, ölkənin inkişafına mühüm töhfə verirlər. Xanımların mənəvi gücü və əldə etdikləri böyük nailiyyətlər yeni nəsillərə ilham verərək, onlara motivasiya və ruhlanıdırıcı bir qaynaq olur. Qadınlarla bağlı məsələlərin həlli üçün bir çox qanunların qəbul olunması, fərman və sərəncamların imzalanması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənədlərin ölkəmizdə tətbiq olunması qadın hüquqlarının reallaşması və təminatı istiqamətində dinamik inkişafın əldə olunmasına təkan vermişdir.
Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri