PDF Oxu

Siyasət

  • 4 234

8 Mart və Azərbaycan qadını ŞƏRH

8 Mart və Azərbaycan qadını ŞƏRH

Qadınlar bayramı hər il bir çox sivil ölkələrdə ən yüksək şəkildə qeyd edilir, dünyada bu əlamətdar günün tarixi barədə çox yazılmışdır, çox bəhs olunmuşdur, ancaq səmimi etiraf etmək lazımdır ki, hələ də dünya ölkələrinin əksəriyyətində qadınların problemləri həll olunmayıbdır... Düşüncəmə görə, bu o zaman baş verə bilər ki, dünyada münaqişələrə, müharibələrə, hər cür dini, irqi, milli ayrımçılıqlara, qadın zorakılıqlara son verilsin...

8 Mart – bu günün mahiyyəti nədir, nə üçün məhz 8 Mart !

Bu günün tarixinə nəzər salaq. Hələ XIX əsrin sonlarında bu günün çox böyük tarixi olmuşdur. Bəşər tarixində əlamətdar günlərin hamısının bir mənası, hansısa hadisə ilə bağlılığı olmuşdur və vardır. Çünki, bu günümüzdə həm dünyada və eləcə də ölkəmizdə hansısa əlamətdar, yaxud da tarixi hadisələrin qeyd edildiyi günlər mövcuddur. “8 Mart günü”nün dünyada, o cümlədən Azərbaycanda “Beynəlxalq Qadınlar Günü” kimi qeyd olunmasına gəldikdə isə bir az yaxın tarixə qayıtmalı olacağıq.

Tarixdə 8 Mart günü alman mənşəli Klara Setkinin adı ilə bağlıdır və belə də qəbul olunub. Kimdir Klara Setkin? Klara Setkinə qədər hadisələr necə olub, nə baş vermişdir ki, bu gün meydana gəlmiş və hətta Beynəlxalq səviyyədə indi bütün dünyada qeyd olunur?

Bu günlə bağlı tarixdə bir çox versiyalar var. Amma nəticə etibarilə qadınlarla bağlı olaraq qadınların azadlığı, kişilərlə bərabərhüquqlu olması kimi mühüm məsələ fikrimizcə, bu əlamətdar günün əsasını təşkil etmişdir. Əslən alman olan Klara Setkin qadınların hüquqlarının qorunması, söz azadlığı, ailədə, cəmiyyətdə kişilərlə bərabərhüquqlu olması tələbləri ilə çıxışlar edirdi. Qadınların azadlıq hərəkatı, onların iş saatlarında qısalmalar, əmək haqqlarının vaxtında verilməsi və eyni zamanda qadın əməyini dəyərləndirmək, onları qiymətləndirmək kimi məsələlər həmişə gündəmdə olmuşdur. Sadaladığımız bu məsələlər müxtəlif illərdə dünyanın bir çox ölkəsində qabardılmışdır. Məsələn, 1908-ci ildə Amerikada, 1910-cu ildə Almaniyada qadınların etiraz nümayişləri və 160 qadının yandırılaraq məhv edilməsi) tarixə düşmüşdür. Təbii ki, qadın hüquqları uğrunda mübarizə yalnız qeyd olunan ölkələrlə məhdudlaşmır ərazi baxımıdan onlara yaxın ölkələr də (Avstriya-Macarıstan, Danimarka və İsveçrədə) bu aksiyanı dəstəkləmişlər. Belə düşünürəm ki, əgər həyat rəvan olsa idi qadınlar belə nümayişlərə əl atmazdılar. Artıq iki əsrə yaxındır ki, hər il dünyanın bir çox ölkələrində “8 Mart Beynəlxalq Qadınlar günü”nü dövlət səviyyəsində qeyd edirlər. Bu qarşı cins tərəfindən hədiyyəli, güllü-çiçəkli qeyd olunan “8 Mart” bayram görək Azərbaycan qadınına necə başa gəlib?

Bəs Azərbaycan qadınlarının azadlığı, başına gələn və gətirilən hadisələr hansılar olmuşdur? Hələ 1905-1907, 1915, 1948-53 və nəhayət 1988-1992-ci illərdə Azərbaycan qadınının həyatında hansı faciələr, hansı ziddiyyətli məqamlar olmuşdur? Tarixi kitablardan, internetdən və s.-dən dünyada qadınlarla bağlı hadisələri oxuyuruq. Böyük tarixi arxivə malik olan Azərbaycan qadınının başına gətirilən faciələr heç də amerikalı, alman, icveç qadınlarının faciələrindən geri qalmayıb.

Tarixdən də məlumdur ki, Azərbaycan qadını vətənini, elini-obasını sevən, ailəsinə, milli mentalitetinə hörmət edən, igid sərkərdələr, mərd oğullar dünyaya gətirən Şərqin ən nüfuzlu qadınıdır. Mübaliğəsiz desək, bəlkə də Azərbaycan qadını dünya qadınları içərisində ən sədaqətli, ən zəhmətkeş, vətənpərvər və ailə dəyərlərini daima uca tutan qadındır. Azərbaycan qadını üçün öz ailəsi, əzizləri, övladları qədər həmişə yanaşı yaşadıqları xalqın, qonşuların dəyərləri də uca tutulmuş, qiymətləndirilmişdir. Azərbaycan qadını həmişə sülhü, mehribançılığı, birgəyaşayışı, bəşəri dəyərləri dəstəkləmişdir. Ancaq tarixin digər həqiqətləri də vardır. Yaxın yüz ilin tarixinə nəzər yetirsək yüksək nailiyyətlərlə bərabər Azərbaycan qadınının həm də ağır və acılı günlərinin də şahidi oluruq.

Ona görə də etiraf edək ki, bütövlükdə ötən əsrdə Azərbaycan qadınının həyatı heç də rəvan olmayıbdır. Keçən əsrdə Azərbaycan qadını hissə-hissə müsibətlərə düçar olmuşlar, dörd mərhələdə ermənilər tərəfindən qadınlarımızın, qızlarımızın və körpə qız övladlarımızın başına olmazın müsibətlərini açılmışdı. Neçə dəfə deportasiyalara, soyqırımlara, qaçqınlığa düçar olmuşdular. Nə qədər ziyalı, bacarıqlı qadın və qızlarımızı bu müsibətlər zamanı məhv etdilər. Kəndləri, şəhərləri yandırıb talan edəndə, vəhşicəsinə onları güllələyəndə Azərbaycan qadınının harayını heç bir ölkə eşitmədi, hansısa etiraz səsini ucaltmadı. Avropada Klara Setkin 1910-cu ildə mübarizəyə qalxmışdı. Lakin Azərbaycan qadınının, qızının işgəncələrə, qətllərə məruz qalması 1905-ci illərdən başlamışdı. Söhbət burada həmin illərdə Azərbaycan qadınına əməkhaqqının az verilməsindən, iş saatının azaldılması və s. deyil, konkert olaraq öldürülməsi, məhv edilməsindən gedir.

Qərb və postsovet ölkələrində XX əsr yeniliklər, sakitlik, sabitlik dövrü kimi tarixdə qeyd olunmaqla yanaşı, bu əsrdə həm də insan hüquqlarının, qadın hüquq və azadlıqlarının qorunması əsri kimi qeyd edilir. Lakin məhz bu əsrin əvvəllərindən başlayaraq Azərbaycan qadını ən qəddar haqsızlıqlarla üzləşirdi. Bu faciələrin təməlində erməni təbliğatı, erməni qadınının azərbaycanlılara qarşı apardığı nifrət hissinin aşılanmasıyla baş verirdi...

İllər ötdü, böyük siyasət və zamanın hökmü nəticəsində torpaqlarımız işğaldan azad edildi. Bu mübarizədə Azərbaycan qadınının şücaətinin həddi-hüdudu varmı? Qarabağın erməni terrorçuları tərəfindən işğalı, daha sonra qəhrəman oğullarımızın mübarizəsi ilə azad olunması zamanı məhz müharibədə həkim, ziyalı, jurnalist, tibb bacısı olan Azərbaycan qadınları qəhrəmancasına həlak oldular. Düzdür, belə bir deyim var: həyat davam edir, lakin tarixdə bu insanlar öz misilsiz qəhrəmanlıqları ilə qaldılar. Ən son, hansı ki, dünyaya səs salan Xocalı faciəmiz – Ermənilər və onların havadarları yüzlərlə qadın və qızlarımızı xüsusi amansızlıqla qətlə yetirdilər, nəsilləri yer üzündən sildilər. Bəs həmin qətliamlarda dünya ölkələri Azərbaycan qadınını müdafiə etdimi, heç düşündümü, bu haqda hansısa məsələni, hüququn müdafiəsi tələbini irəli sürdümü? Təbii ki, yox! Lakin biz həm də onu etiraf etməliyik ki, bütün bu ağrı, bu acı məhz geridə qaldı, indi Azərbaycan qadını tam azad şəkildə öz həyatını davam etdirməkdədir.

Ulu Öndər Heydər Əliyevin iki dəfə Azərbaycan Dövlətinə rəhbərliyi dövründə Azərbaycan qadınına, onun ziyalısına, təsərrüfatda çalışan əmək qadınlarına, gənc qızlarımıza dərin hörmət və ehtiramının tarixdə özünəməxsus yeri olmuşdur. İkinci dəfə hakimiyyətə gəldikdən sonra H.Əliyev müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin qadınını, onun əməyini, fəaliyyətini düşünərək 14 yanvar 1998-ci il tarixdə Qadın Problemləri üzrə Dövlət Komitəsi haqqında Fərman imzaladı. Çünki müstəqilliyini bərpa etmiş, suverenliyini qazanmış, öz müqəddəratını həll etməyə qadir olan Azərbaycan dövlətinin vətəndaşı, qadını üçün bu fərman zəruri olaraq lazım idi. H.Əliyev çox uzaqgörən, milli-mənəvi dəyərlərimizə hörmət edən, tariximizin keşmişi və bu gününə dərindən bələd olan Dahi şəxsiyyətdir. Bu baxımdan Azərbaycan qadınının fəaliyyətində qabaqcıl elm xadimlərini, həkimləri, müəllimləri, sadə əməkçi qadınları həmişə önə çəkmiş və mükafatlandırmışdır.

H.Əliyevin qadınlar haqqında verdiyi qərarı Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin ailə və uşaqlarla əlaqəsinin labüdlüyünü nəzərə alaraq 2006-cı il 6 fevral tarixli “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” Fərmanını imzaladı.

Yaradılmış bu komitənin işi və fəaliyyəti bu gün artıq çox böyük işlər görür. Azərbaycan Dövlətinin Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın başçılığı, bilavasitə rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı çoxlu sayda əhəmiyyətli işlər görülür. Mehriban Əliyeva ölkəmizin paytaxtında, eləcə də bütün bölgələrində qadınlarımızın həyat fəaliyyəti, onların yaşayış tərzi, çatışmazlıqları, xəstə və aztəminatlı ailələrin vəziyyəti ilə daima maraqlanır və dövlət səviyyəsində lazımi tədbirlərin görülməsinə şəxsən nəzarət edir.

Yeri gəlmişkən, 2025-ci il “11 Fevral 2025-ci il “Azərbaycan: Elmdə qadın və qızlar dünya paytaxtı ili” elan olunub. Bu əlamətdar qərar Azərbaycan qadınına, onun elmdə göstərdiyi nailiyyətlərinə olan diqqət və qayğıdan xəbər verir. Hər il Ölkə başçısı Cənab İlham Əliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik müraciəti edir. Və bu bayram ölkəmizin hər yerində qeyd edilir, müəssisələrdə əməkdə fərqlənən qadınlara mükafatlar verilir. Bunlar qadınlarımızda ctimul yaradır.

Bu gün artıq Azərbaycan qadınının işğalda olan torpaqları yoxdur. Məhz qürurlu, başı uca Azərbaycan qadınının qəhrəman oğul övladları 44 gün içərisində Prezidentimizin rəhbərliyi və Şanlı Ordumuzun əsgər və zabitlərinin şücaəti nəticəsində düşmənlərimizdən: ermənilərdən təmizləndi. Biz bir Xalq kimi qalib gəldik və Azərbaycan qadınının necə oğullar dünyaya gətirdiyini sübut etdik. A. Düma Qafqaz bölgəsi üçün belə demişdir: “Qafqazda bir xalq var: Azərbaycan xalqı”.

Sonda keçən əsrdəki bütün faciələri üstələyən məğrur Azərbaycan Qadını bu gün 8 Mart Qadınlar bayramını öz azad, müstəqil, suverenliyini rəsmən təsdiq etmiş ölkəsində bayram edə bilər. Əziz Azərbaycan Qadını bayramın mübarək!!!

Xanımağa İsmayılova

YAP Yasamal rayon təşkilatının fəalı, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin elmi işçisi

Digər xəbərlər