Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 32-ci ildönümü və 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdən öncə ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olunub.
Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə - şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Açılış nitqi ilə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ümummilli lider Heydər Əliyev ideyalarını uğurla davam edən ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıb. Dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaratdığını bildirib. Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək. E. Allahverdiyev bütün sahələrdə öz elmi, zəkası, əməyi ilə fədakarlıqlar göstərən xanımları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıb.
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov nitq söyləyərək, xalqımızın yaxın keçmişini unutmadığını və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin düşdüyü çox ağır vəziyyətdən nicat tapdığını vurğulayıb. Xalqımızın ulu öndər Heydər Əliyevə olan böyük inam və etimadından, ona bəslənilən güvənindən bəhs edib. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaradılması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və inkişafına rəvac verib. Ötən müddət ərzində istər partiyamız, istərsə də onun rayon təşkilatları, xüsusilə YAP Binəqədi rayon təşkilatı uğurla inkişaf etməyə başlayıb.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxışında qeyd edib ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Öz əməlində ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsas hissəsini və prioritet istiqamətini təşkil edir.
Millət vəkili Azay Quliyev Yeni Azərbaycan Partiyasının təsis olunmasından, həmçinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının ilk iclaslarından bəhs edib. O, ümummilli lider Heydər Əliyevin siyasi strategiyası və cənab prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının da əvəzsiz rolu olduğunu söyləyib. Bu gün Azərbaycanın dünyada söz sahibi bir ölkə olduğunu, bütün sahələr üzrə dinamik və məqsədyönlü uğurlara imza atdığını qeyd edərək, bütün bunları iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi adlandırıb.
Tədbirdə yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbir iştirakçılarını salamlayaraq, əlamətdar günlər münasibəti ilə təbrik edib. YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışaraq, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd edib. O, partiyanın sosial bazasının daha da möhkəmlənməsinin ulu öndər Heydər Əliyev ideyalarına etimadın və dövlətimzin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Rayon təşkilat sədrı, həmçinin rayon təşkilatının fəaliyyətinə nəzər salıb. Bildirib ki, rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib.
Çıxışlardan sonra rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup fəal Fəxri fərman və hədiyyələr ilə təltif olunublar. Partiya sıralarına yeni üzv qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim edilib. Tədbir bədii hissə ilə davam etdirilib. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.