"Azərbaycanın dövlət siyasətində hazırda prioritet məsələlərdən birini Zəngəzur dəhlizinin açılması təşkil edir. Bu həm Naxçıvanla quru əlaqəsinin bərpa olunması baxımından, həm də Türk dünyasının birliyi baxımından olduqca vacibdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Politoloq bildirib ki, digər bir tərəfdən isə Zəngəzur əsrlər boyu Azərbaycan torpağı olub və indi həmin ərazilərdən ən azından nəqliyyat yolu olaraq istifadə etmək bizim haqqımızdır: "Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələ Azərbaycanla Ermənistan arasında aparılan sülh sazişi ilə bağlı sazişin mətnindən çıxarılsa da, bu məsələ bizim üçün prioritet təşkil edir və davamlı şəkildə müzakirə olunur. Bizim bu məsələ ilə bağlı mövqeyimiz qətidir və birmənalıdır.Zəngəzur dəhlizinin açılması Ermənistanın 10 noyabr üçtərəfli bəyanatla və daha sonra 11 yanvarda aparılan danışıqlarda üzərinə götürdüyü öhdəlikdir. Rəsmi İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli və Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etməlidir.Bizim irəli sürdüyümüz tələblər beynəlxalq hüquqa əsaslanır və bölgədə uzunmüddətli sabitliyin təmin olunması üçün vacibdir. Əslində Ermənistan özü də bu dəhlizin açılmasının vacibliyini dərk edir. Çünki Zəngəzur dəhlizinin açılması Ermənistanın beynəlxalq nəqliyyat və iqtisadi layihələrdə iştirak imkanlarını formalaşdıra və qarşılıqlı əməkdaşlıq perspektivləri yarada bilər. Başqa sözlə desək, Zəngəzur dəhlizi Ermənistanın regionda iqtisadi təcridinə son qoya bilər. Ancaq Ermənistanın müstəqil qərar qəbul etmək imkanının olmaması, bir tərəfdən Fransa, digər tərəfdən isə İrandan gələn sifarişlərin əsirinə düşməsi onu bu layihənin gerçəkləşməsi üçün real addımlar atmaqdan çəkindirir. Halbuki, post-münaqişə şəraitində ölkələr arasında nəqliyyat əlaqələrinin bərpası sırf iqtisadi səmərə ilə yanaşı, həm də mühüm etimad quruculuğu rolunu oynaya və sülh yaratmaq üçün effektiv alət ola bilər. Odur ki, Ermənistan tərəfindən Zəngəzur dəhlizi ilə bağlı müsbət addımların atılmaması, həm də bu ölkənin sülh istəməməsi kimi qəbul olunmalıdır".
Müəllif: Söylü Ağazadə