Azərbaycanın bugünkü xarici siyasətinin bütün istiqamətləri hamıya məlumdur. Heç kəsə sirr deyil ki, dövlətimiz və dövlət başçımız Heydər Əliyev siyasi kursunu davam etdirərək, bu kursun əsas tərkib hissələrindən olan xarici siyasətdə konkret mövqe nümayiş etdirir. Bu gün Azərbaycanın xarici siyasəti region ölkələri arasında ən uğurlu siyasətdir. Çünki bu siyasət müstəqil Azərbaycana təkcə regionumuzda və postsovet məkanında deyil, eləcə də bütün dünyada özünəməxsus nüfuz qazandırmışdır.
Ölkəmizin atan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Balkan yarımadası ölkələri ilə yaxın təmasların qurulmasıdır. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda Şimali Makedoniyaya təyin olunub. Qeyd edək ki,2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir.
Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib.
Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın11 mart 2025-ci il tarixində Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı azərbaycanlı həmkarı İlham Əliyevlə apardığı müzakirələri də bu səpkidə dəyərləndirilə bilər.Görüş zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsi, müxtəlif sahələrdə münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılmışdır.
Prezident İlham Əliyev bu əlaqələrin inkişafı haqqında mətbuata verdiyi Bəyanatda bildirmişdir ki, “Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq”.
Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də əhəmiyyətli ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev vacib daha bir məqama toxunaraq qeyd etdi ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlayıb. Keçən ilin sonlarından etibarən Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb. Bu il artıq müntəzəm olaraq Azərbaycan Şimali Makedoniya bazarını təbii qazla təmin edəcək və gələcəkdə ölkəmiz lazım olan həcmdə qaz təchizatını artıra bilər. Azərbaycan artıq 12 ölkəyə təbii qaz ixrac edir və bunların 10-u Avropa ölkəsidir.
Görünən odur ki, Şimali Makedoniya Azərbaycanın enerji sektorundakı təcrübəsindən yararlanmaqda maraqlıdır. Prezident Qordana Silyanovska-Davkovanın qeyd etdiyi kimi, Azərbaycan həm geosiyasi səhnədə səmərəli fəaliyyəti ilə seçilərək diqqət çəkir, həm də Şimali Makedoniya kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından son dərəcə maraqlı tərəfdaşa çevrilir.
Bununla yanaşı, kənd təsərrüfatı, informasiya texnologiyaları və alternativ enerji sahələrində də əməkdaşlıq perspektivləri mövcuddur.Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 2013-cü ildə imzalanıb. Bu gün isə yeni layihələrin həyata keçirilməsi gündəmdədir.
Hər iki xalqın zəngin tarixi və mədəni irsi əlaqələri daha da gücləndirir. Təhsil sahəsində əməkdaşlıq çərçivəsində azərbaycanlı tələbələrin Şimali Makedoniyada təhsil alma imkanlarının genişləndirilməsi və akademik mübadilələrin təşviq edilməsi müzakirə olunur. Azərbaycan Şimali Makedoniya vətəndaşları üçün cəlbedici turizm məkanıdır və Makedoniyanın tarixi və təbii gözəllikləri azərbaycanlı turistlər üçün maraq kəsb edir.
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri mühüm məqamlarla yadda qaldı. Bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan həm iqtisadi imkanlarına, həm də beynəlxalq düzəndə yürütdüyü siyasətə görə etibarlı tərəfdaş ölkədir.
Gündüz Bayramov
YAP Samux rayon təşkiulatının sədri