Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə səfəri Azərbaycanla Balkan regionu arasında münasibətlərin inkişafını yenidən gündəmə gətirdi. Balkanlar tarixən vacib və dünyanın ən dinamik regionlardan biri olub. Bu bölgə quru və dəniz geosiyasəti nəzəriyyələrinə daxildir və olduqca strateji coğrafiyada yerləşir.
Şərqdən Qara dəniz, cənubdan Egey və İon dənizi, qərbdən Adriatik dənizi və şimaldan Mərkəzi Avropa ilə əhatə olunub. İkinci Dünya Müharibəsindən sonra Balkanlarda sərhədlər və bəzi ölkələrin torpaqları əhəmiyyətli dərəcədə dəyişdi. Bu mənada Cənubi Qafqazla Balkan regionu arasında oxşarlıqlar mövcuddur. Azərbaycan da müstəqillik əldə etdikdən sonra Balkan ölkələri ilə yüksək səviyyəli münasibətlər qurub. Belə ki, Serbiya, Bosniya, Albaniya, Xorvatiya, Makedoniya və Bolqarıstanla çox sıx, səmərəli əlaqələr mövcuddur. Prezident İlham Əliyevin bu ölkələrə çoxsaylı səfərləri baş tutub. Davos forumu çərçivəsində dövlət başçımızın Balkan ölkələrinin rəsmiləri ilə keçirdiyi görüşlər effektiv nəticələr verməkdədir.
Şimali Makedoniyaya gəlincə, ölkələrimiz arasında diplomatik münasibətlər 30 il əvvəl qurulub. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Şimali Makedoniya Prezidenti 2015, 2016, 2017 və 2018-ci illərdə Azərbaycana işgüzar səfər etmişdir. Bu ölkə eyni zamanda ötən il Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin iqlim konfransı – COP29-da da təmsil olundu və Prezident İlham Əliyevin konfrans çərçivəsində makedoniyalı həmkarı Qordana Silyanovska-Davkova ilə görüşü oldu.
Budəfəki səfər zamanı isə gələcək əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdi. Cənab Prezident bir daha bəyan etdi ki, rəsmi Bakı və Skopye ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparır. Dinamik xarakter alan siyasi dialoq iqtisadi əməkdaşlığa da təsir etməkdədir. Belə ki, qarşılıqlı səfərlər iqtisadi sahədə də dinamikanı təmin edəcək. Tərəflər bu dinamikanın artırılmasında maraqlıdır. Xüsusilə enerji sahəsində əməkdaşlıq prioritet təşkil edir. Belə ki, ötən ilin sonunda Azərbaycan qazı Şimali Makedoniyanın bazarına çatdırılıb. Prezidentlərin bəyanatından aydın oldu ki, gələcəkdə lazım olan həcmdə qaz təchizatının artırılması da mümkündür. Bu kontekstdə Azərbaycan Prezidenti diqqəti 3 il əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsinə yönəltdi. Azərbaycan qazının bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin etdiyini vurğuladı.
“Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir” – bu fikirləri isə Makedoniya Prezidenti səsləndirdi. İki ölkə arasında imzalanan əməkdaşlığa dair bəyannamənin isə qaz təchizatı ilə yanaşı iqtisadi əməkdaşlıq üçün də yeni imkanlar yaratdığını söyləməyə əsas verir.
Qeyd edək ki, 2022-ci il Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişi imzalanıb. Həmçinin Bolqarıstanın Hökumətlərarası Sazişə qoşulma prosedurunun başlanması barədə razılığa gəlinib. Bu əməkdaşlıq coğrafiyasının genişlənməsi rəsmi Bakının həmişə olduğu kimi enerji təşəbbüskarlığına beynəlxalq dəstəyin artdığını göstərir.
Nigar Məmmədova
Milli Məclisin deputatı