PDF Oxu

Siyasət

  • 1 363

Azərbaycan- Şimali Makedoniya əməkdaşlığında yeni hədəflər

Azərbaycan- Şimali Makedoniya əməkdaşlığında yeni hədəflər

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir"

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamız təkcə regional məsələlərdə deyil, bütövlükdə qlobal miqyasda baş verən proseslərə mühüm təsir etmək imkanlarına malikdir.

Bu gün Azərbaycan özünün beynəlxalq və iktərəfli əməkdaşlıq coğrafiyasını genişləndirməkdədir. Ölkəmizin artan nüfuzu fonunda xarici siyasətin əsas istiqamətlərindən biri də Balkan yarımadası ölkələri ilə yaxın təmasların qurulmasıdır. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri və qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı aparılan müzakirələr əlaqələrin dərinləşməsinə söykənir. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Qədim tarixə malik olan makedoniyalılar müxtəlif imperiyaların tərkibində yaşasalar da, milli düşüncələrini itirməyərək, 1990-cı illərdə dünyada baş verən geosiyasi dəyişiklərdən istifadə edərək müstəqilliklərini qazandılar. Yuqoslaviyanın dağılması ilə müstəqillik əldə edən Şimali Makedoniya ilə Azərbaycanın yeni tarixində bənzər məqamlar çoxdur. Hər iki dövlət imperialist siyasətin qurbanı olmuş və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanaraq inkişaf mərhələsinə qədəm qoymuşlar.

Bu gün Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi xarici siyasətin prioritet istiqamətlərindən biridir.

"GƏLƏCƏKDƏ BİZ LAZIM OLAN HƏCMDƏ QAZ TƏCHİZATINI ARTIRA BİLƏRİK"

Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. "Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib: "Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır".

Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan idmançıları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində beynəlxalq yarışlarda iştirak edərkən yüksək qonaqpərvərliklə qarşılanıblar. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd etmək lazımdır ki, 2000-ci ildə Şimali Makedoniya və Azərbaycan parlamentlərarası işçi qrupu yaradıb və bu qrup hazırda uğurla fəaliyyət göstərir.

"İki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür",- deyə Prezident bildirib.

"ENERGETİKA SAHƏSİNDƏ İKİTƏRƏFLİ FORMATDA ƏMƏKDAŞLIQ BİZİM ÜÇÜN ÇOX ÖNƏMLİDİR"

Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Bu gün Yunanıstanın təbii qaza olan tələbatının 18 faizini Azərbaycan ödəyir. Cari ildə Yunanıstana 1,2 milyard kubmetr təbii qazın ixrac edilməsi nəzərdə tutulub. Energetika Nazirliyinin açıqlamasına əsasən, 2028-ci ildə "Ümid" və "Abşeron" yataqlarından böyük həcmdə təbii qazın hasil edilərək dünya bazarına çıxarılması gözlənilir. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir. Bundan başqa, 2027-ci ilin sonunadək Azərbaycan yaşıl enerji layihələri çərçivəsində 1862 MVt külək və günəş elektrik enerjisi istehsal etməyi planlaşdırıb ki, bu da 1 milyard kubmetr "mavi yanacağa" qənaət etməyə imkan verəcək.

Bu gün Avropanın 4 ölkəsində - Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Təsadüfi deyil ki, bu dövlətlərin başçıları Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edirlər. Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir. Bu baxımdan, 2023-cü ildə Prezident İlham Əliyevin Bosniya və Herseqovinaya, həmin ilin dekabrında Serbiyaya rəsmi səfərləri, cari ilin yanvarında Davos İqtisadi Forumunda Xorvatiyanın Baş naziri ilə görüşü qarşılıqlı əməkdaşlığın inkişafı üçün böyük əsaslar yaradıb. "Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq", - deyə dövlət başçımız qeyd edib.

"GƏLƏCƏKDƏ ƏLDƏ OLUNAN BÜTÜN RAZILAŞMALAR BİZİ DAHA DA YAXINLAŞDIRACAQ"

Azərbaycan və Şimali Makedoniya arasında iqtisadi-ticarət əlaqələrinin enerji, turizm və digər sahələrində inkişaf etdirilməsi zəruridir. Hazırda Azərbaycanda Şimali Makedoniya investisiyalı 5 kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-nün fəaliyyəti aktivdir. İki dövlət arasında imzalanan "Sərmayələrin təşviqi və qarşılıqlı qorunması" haqqında saziş də hazırda icra olunur.

Bütün bunları nəzərə alaraq əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək. "İqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq", - deyə Prezident bildirib.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynaması Avropa İttifaqı dövlətlərinin maraqlarını təmin edir.

Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur.

Şimali Makedoniyanın Prezidenti bəyanatla çıxışında bildirib ki, coğrafi mövqeyimizə görə biz Balkanlarda, Avropanın mərkəzində, bir sıra marşrutların kəsişməsində yerləşirik: "Bu, Avropaya və dünyaya açıq olan hər bir ölkə üçün olduqca vacibdir. Sonuncu dəfə ölkənizdə olarkən bu fikri söyləmişdim və bu gün də təkrar bəyan etmək istəyirəm ki, biz bir-birimizdən bir çox şey öyrənə bilərik və bu səfər dərin dostluğun təməli olacaqdır. Mən təkcə Dövlət Neft Şirkəti ilə müqaviləni nəzərdə tutmuram. Hesab edirəm ki, gələcəkdə əldə olunan bütün razılaşmalar bizi daha da yaxınlaşdıracaq". Prezident Qordana Silyanovska-Davkovanın onu da qeyd edib ki, Azərbaycan həm geosiyasi səhnədə səmərəli fəaliyyəti ilə seçilərək diqqət çəkir, həm də Şimali Makedoniya kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından son dərəcə maraqlı tərəfdaşa çevrilir. Bütün bunlar isə deməyə əsas verir ki, Azərbaycan dünən olduğu kimi, bu gün də beynəlxalq aləmdə etibarlı tərəfdaşlığını daha da möhkəmlətmək üçün ayrı-ayrı dövlətlərlə münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət verir.

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovanın Azərbaycana səfəri mühüm məqamlarla yadda qaldı. Bu, bir daha təsdiq etdi ki, Azərbaycan həm iqtisadi imkanlarına, həm də beynəlxalq aləmdə yürütdüyü siyasətə görə etibarlı ölkədir. Bu etimada dövlətimiz Prezident İlham Əliyevin bütün məsələlərdə beynəlxalq hüquqa və sülhə yönəlik dəyişməz siyasəti ilə nail olub.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər