Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında “Azərbaycan Bayrağı” ordenli, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, 44 günlük Vətən müharibəsində şəhid olan Nurlan Mustafayevin ömür yolundan bəhs edən “Vətənə bağlı ömür” adlı sənədli filminin təqdimatı keçirilib.Əvvəlcə Yasamal rayonu ərazisində yerləşən Şəhidlər Xatirə Kompleksi ziyarət edilib, şəhidlərin xatirələri ehtiramla anılıb.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
“Vətənə bağlı ömür” adlı sənədli filmin ssenari müəllifi Mehriban Sadıqova filmin ərsəyə gəlməsindən danışıb. O, “Gün TV” Media Qrupunun hazırladığı filmlə Nurlan Mustafayevin timsalında bütün şəhidlərin xatirəsinin yad olunduğunu deyib, qəhrəman oğulların şərəfli həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb.
Tədbirdə çıxış edən YAP Veteranlar Şurasının üzvü, məhşur “91-lər”dən biri Şahlar Əsgərov Azərbaycan Ordusunun Vətən müharibəsində keçdiyi şərəfli yoldan danışıb, şəhidlərimizin qəhrəmanlıq salnaməsində silinməz iz buraxdığını söyləyib.
Şəhidin anası Rahilə Ramazanova şəhid anası olmaqdan qürur duyduğunu deyib, övladı ilə bağlı xatirələrini bölüşüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Nurlan Hamet oğlu Mustafayev şəhadətindən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.