PDF Oxu

Siyasət

  • 920

Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi aktuallığını qoruyur

image

Xarici siyasətində ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu istiqamətdə atdığı addımlar göz qabağındadır. Martın 11-də Şimali Makedoniyanın Prezidenti Qordana Silyanovska-Davkova dövlətimizin başçısı İlham Əliyevin dəvəti ilə ölkəmizə rəsmi səfərə gəldi. Bu, Qordana Silyanovska-Davkovanın Azərbaycana ikinci səfəridir. Prezidentlər mətbuata bəyanatlarında əlaqələrin inkişafı üçün mövcud imkanlardan bəhs edərək prioritetləri açıqladılar.

Azərbaycan enerji sahəsində xüsusilə qaz və neft ixracı ilə tanınır, bu sahə Şimali Makedoniya üçün bir çox imkanlar yaradır. Eyni zamanda, Azərbaycanın enerji bazarlarına çıxışını daha da genişləndirmək və Şimali Makedoniya ilə bu sahədə əməkdaşlıq qurmaq niyyəti ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur. Dövlət başçısı mətbuata bəyanatında bildirdi ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Çünki bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq əhatə dairəsi, qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə hər zaman böyük diqqətlə yanaşılır. Energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq çox önəmlidir. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.
Nəqliyyat sahəsinə gəldikdə, Azərbaycanın Bakı-Tbilisi-Qars dəmir yolu və digər regional nəqliyyat layihələri Şimali Makedoniya üçün strateji əhəmiyyət kəsb edə bilər. Bu, həm də Cənubi Qafqaz ilə Balkan regionu arasında daha sıx iqtisadi əlaqələrin qurulmasına şərait yaradır. İki ölkənin nəqliyyat infrastrukturunu birləşdirmək onlar üçün daha geniş bazarlara çıxış imkanı yaradacaq. Şimali Makedoniyanın Prezidenti vurğuladı ki, bu günədək iqtisadiyyat sahəsində əhəmiyyətli addımlar atılmamışdır. Coğrafi mövqeyimizə görə biz Balkanlarda, Avropanın mərkəzində, bir sıra marşrutların kəsişməsində yerləşirik. Bu, Avropaya və dünyaya açıq olan hər bir ölkə üçün olduqca vacibdir. Onu da bildirdi ki, Azərbaycan nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir: “Mən cənab Prezidentə söylədiyim məsələləri bir daha vurğulayıram ki, biz irəliyə doğru addımın atılmasını gözləyirik və əməkdaşlığa dair bəyannaməyə və ya razılaşmaya imza atacağıq. Bu, o demək deyil ki, biz yalnız qaz təchizatında Azərbaycandan yardım alacağıq, o cümlədən iqtisadi əməkdaşlıq üçün də imkanlar yaranacaq”.
Azərbaycan və Şimali Makedoniya arasında əməkdaşlıq yalnız iqtisadi sahələrlə məhdudlaşmır, həm də siyasi və regional məsələlərdə sıx əməkdaşlıq etməyi hədəfləyir. Görüşlərdə regional təhlükəsizlik məsələləri də müzakirə olundu. Hər iki Prezident, regional sabitliyin təmin olunmasının vacibliyini vurğulayaraq, bu sahədə bir-birini dəstəkləyəcəklərini bəyan etdilər.
Azərbaycanın sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları daim beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Daim ədalətin, beynəlxalq hüququn yanında olan ölkəmiz sabitliyi tərəqqinin, inkişafın əsası kimi qəbul edir. Ölkəmizin iştirakçısı, təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri ölkələri, xalqları birləşdirir, yeni əməkdaşlıq formatlarının yaradılmasına yol açır. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsi bütün dövrlərdə aktuallığını qoruyur.

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri

Digər xəbərlər