PDF Oxu

Siyasət

  • 1 105

Azərbaycan-Şimali Makedoniya əlaqələrində yeni mərhələ

image

Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafına təkan verəcək. Hazırda ölkələrimiz müxatəlif sahələrdə əməkdaşlıq edir. Səfər çərçivəsində dövlət başçılarının görüşü keçirilib, aktual müzakirələr aparılıb və prezidentlər mətbuata bəyanatlar veriblər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatında qeyd edib: “Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur”.

Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Enerji sahəsində əməkdaşlıq isə münasibətlərimizdə önəmli yer tutur. Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu gün Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və onlardan 10-u Avropa ölkəsidir. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı ediyi kimi, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz edib. Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Həmçinin Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Azərbaycan qazı artıq keçən ilin sonlarında Şimali Makedoniyanın bazarına çatdırılıb. Bu ildən isə müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcək.
Bütövlükdə isə, Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə verəcək.

Elçin Quliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Digər xəbərlər