Müstəqillik qazandıqdan sonra Azərbaycan xalqı ziddiyyətli dövr yaşamış, çətinliklə qazanılmış müstəqilliyin müdafiəsində mərdliklə dayanmışdır. O zaman hakimiyyətdə olan səriştəsiz, bacarıqsız qüvvələr ölkəni uçuruma doğru sürükləmişdirlər. Belə bir vəziyyətdə dövlətçiliyinin itirilməsi təhlükəsi qarşısında qalmış Azərbaycan xalqı dövlət rəhbərliyi təcrübəsinə və siyasi nüfuza malik olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışını təkidlə tələb etdi. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə yaranmış son dərəcə gərgin vəziyyət qısa bir zaman məsafəsində normallaşdırıldı, sağlam qüvvələrin köməyi ilə qardaş qırğınının, Azərbaycan dövlətinin parçalanmasının qarşısını aldı. Cəmiyyət həyatının bütün sahələrində yeni münasibətlərə yol açmaq, islahatların əsaslarını yaratmaq üçün tədbirlər həyata keçirilməyə başlanıldı.
1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandıqdan sonra ölkəmizin dünya miqyasındakı nüfuzu daha da artdı. Azərbaycan üçün həyati əhəmiyyəti olan bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların əldə edilməsində müstəsna rol oynadı. Ulu Öndər Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirərək, Azərbaycan həqiqətlərini, dövlətin mövqeyini dünyaya çatdırdı, bununla da, ölkəmizə diqqət və maraq gücləndi. Azərbaycanın siyasi-iqtisadi əlaqələri genişləndi, mühüm müqavilə və sazişlər imzalandı. Qısa bir zamanda, Ulu Öndərin müdrik siyasəti nəticəsində, ölkədə ictimai-siyasi sabitlik yaradıldı, qanunçuluğun bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı.
"OMON"- ÇULARI BAĞIŞLANMAQ İMKANİ YARADAN XÜSUSİ FƏRMAN
Azərbaycan dövlətçiliyinə və müstəqilliyimizə qarşı yönəlmiş dövlət çevrilişi cəhdindən 30 il ötür. Bir qrup xəyanətkar insan ətrafına topladığı qeyri-qanuni silahlı birləşmələr vasitəsilə müstəqilliyimizə qəsd etməyə cəhd göstərmişdi. Ölkədə yaradılmış ciddi nizam-intizama tabe olmaq istəməyən dağıdıcı qüvvələr Azərbaycanın beynəlxalq aləmdə getdikcə artan nüfuzundan təşvişə düşərək, xarici himayədarlarının təhriki ilə dövlət çevrilişinə cəhd etmişdilər.
Azərbaycanda dövlət çevrilişinə cəhd mart hadisələri 1995-ci ilin mart ayının 12-dən 13-nə keçən gecə ölkənin ən ucqar nöqtəsində - Qazaxda və Ağstafada başladı. Həmin gün "OMON"-un Ağstafa və Qazax rayonunda yerləşən bölməsi tərəfindən dövlət idarələrinə silahlı hücum təşkil edildi. Hər iki rayonda dövlət əleyhinə faktiki qiyam baş verdi. Lakin mart ayının 15-də Azərbaycan Ordusunun bölmələri tərəfindən qiyam yatırıldı.
16-17 mart tarixində isə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadovun rəhbərliyi ilə Bakıda çevrilişə cəhd göstərmək istəyirlər. Hələ martın 14-də daxili işlər naziri "OMON"-un buraxılması və onun üzvlərinin 3 gün ərzində silahı təhvil verməsi barədə əmr imzalamışdı. Əmrə görə, silahı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Bundan 2 gün sonra, yəni silahlı qarşıdurma ərəfəsində Ulu Öndər Heydər Əliyev "OMON"-çuları bağışlanmaq imkanı yaradan xüsusi Fərman imzalayır. Lakin XTPD-nin başçısı Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə qeyri-qanuni silahlı dəstələri ilə dövlət başçısı qarşısında müəyyən şərtlər qoydular.
HAKİMİYYƏTİ ƏLƏ KEÇİRMƏK HƏRİSLİYİ
Onu da bildirək ki, Ümummilli Liderimiz, Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci il martın 15-də televiziya və radio ilə xalqa müraciətində Surət Hüseynovun, Rövşən və Mahir Cavadov qardaşlarının, onlarla həmrəy olan radikal müxalifət nümayəndələrinin dövlət çevrilişi cəhdini pisləyərək, qeyri-qanuni silahlı qruplaşmalara qanunsuz əməllərindən əl çəkmələri barədə dəfələrlə xəbərdarlıq etmişdi, onları əfv edəcəyini bildirmişdi. Hətta Cavadov qardaşlarının atası Bəxtiyar Cavadovla da söhbət aparmış, ona oğlanlarını vətəndaş müharibəsi və silahlı qarşıdurma yaratmaqdan çəkindirməyi tövsiyə etmişdi.
Dövlət çevrilişinə cəhd edən qeyri-qanuni silahlı birləşmələrin rəhbəri Rövşən Cavadov və onun ətrafı hakimiyyəti silah gücünə, qeyri-konstitusion yolla ələ keçirməkdə tam israrlı idi. Onlar ağsaqqalları, ziyalıları, hətta yaşlı atalarını da dinləmədilər. R.Cavadovun böyük iddiası vardı: dövlət başçısı olmaq. Cəmiyyətdə dövlət çevrilişinə cəhd göstərənlərə qarşı şiddətli nifrət yaranmışdı. Xalq kütlələri bütün bu hoqqabazlıqlara, xəyanətkar və cinayətkar əməllərə son qoyulmasını tələb edirdi. R.Cavadovun adamlarının, eyni zamanda, proseslərdən faydalanmaq arzusuna düşən dağıdıcı müxalifət partiyalarının nümayəndələrinin xalq arasında apardığı təbliğat işləri isə, heç bir nəticə vermirdi. Əksinə, belələri ictimaiyyətin qınağına tuş gəlir və ağır ifadələrlə təhqir olunmaqdan belə yan keçə bilmirdilər.
Onların hakimiyyət hərisliyi nəticəsində, qardaş qanı töküldü. Cavadov qardaşlarının hakimiyyəti qeyri - konstitusion yolla ələ keçirmək cəhdləri 22 hərbçi, 7 mülki şəxs, 1 polis və 8 XTPD əməkdaşının ölümünə səbəb olmuşdu. Hadisə nəticəsində, 105 nəfər yaralanmışdı. XTPD rəhbəri Rövşən Cavadov isə aldığı güllə yarasından DİN-in hospitalında vəfat etmişdi.
MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTÇİLİIYİ BİR DAHA SİNAQDAN ÇIXDI
Belə ağır zamanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev vətəndaş qarşıdurmasına səbəb ola biləcək hadisənin qarşısını aldı və ölkədə davam edən hakimiyyət böhranına, anarxiya və özbaşınalığa son qoydu. Həmin hadisələr, bir daha göstərdi ki, Azərbaycan xalqı və onun ordusu ölkə daxilində qarşıdurma yaratmaq istəyənləri dəstəkləmir və onları müdafiə etmir.
Törədilən dövlət cinayətləri Azərbaycana müəyyən zərbələr vursa da, qan tökülsə də, müstəqil Azərbaycan dövlətçiliyini bir daha sınaqdan çıxardı. Onun möhkəm, qüdrətli olduğunu göstərdi, qanunsuz zor işlətməyin mənasızlığını sübut etdi. Bütün bunlar xalqın müdrikliyinin, milli həmrəyliyinin, inamının, dövlətçiliyə hörmət və ehtiramının güclü olduğunu, Azərbaycan Respublikasının demokratik əsaslarının möhkəmliyini, konstitusiya və qanunlardan kənar fəaliyyətin yolverilməzliyini nümayiş etdirdi.
MART HADİSƏLƏRİNDƏN ÖTƏN 30 İL
Bu hadisələrdən keçən 30 ildə Azərbaycan müstəqil dövlət kimi daha da inkişaf etdi, əlaqələri genişləndi və mövqeləri möhkəmləndi. Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyindəki zəngin təcrübəsi, xalqına, Vətəninə, millətinə olan sonsuz məhəbbəti, qətiyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanda ictimai-siyasi sabitlik qorunub-saxlanıldı. Bu gün ölkəmiz Cənubi Qafqaz regionun lider dövlətinə və güc mərkəzinə çevrilib.
Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin müdrik və uzaqgörən siyasəti müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır, dövlətimiz durmadan yüksəlir, inkişaf edir və yeni uğurlar qazanır. Dövlət başçısının uğurlu daxili və xarici siyasəti, müasir yanaşmalar, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrində yeni nailiyyətlərin qazanılmasına səbəb olub. Dövlət başçısının həyata keçirdiyi güclü ordu strategiyasının məntiqi nəticəsi olaraq, Azərbaycan Ordusu hərb tarixində yeni səhifə olan 44 günlük Vətən müharibəsində Azərbaycanın gücünü dünyaya göstərə bildi. Müzəffər Ali Baş Komandanın əmrinə əsasən, ordumuz döyüş meydanında müharibə qanunlarına əməl etməklə, hərb tarixinə yeni səhifə yazdı.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.
Nəzakət ƏLƏDDİNQIZI