Dünya ölkələri ilə qarşılıqlı əlaqələr quran Azərbaycan Albaniya ilə də dost, qardaş ölkələr olaraq əməkdaşlığa diqqət yetirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşündə ikitərəfli münasibətlərə toxunaraq, Azərbaycan ilə Albaniya arasında dostluq əlaqələrinin mövcud olduğunu vurğulayıb.
Beynəlxalq hüquq normalarına, qarşılıqlı inam və etimada, faydalı əməkdaşlığa əsaslanaraq, xarici siyasətini həyata keçirən Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Albaniya ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin daha bir təzahürüdür.
Azərbaycan ilə Albaniya arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji, turizm və digər sahələri əhatə edir. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb. Enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən dövlət başçımız, Azərbaycanın Albaniyanın qazlaşdırılması layihəsində iştirakına toxunub.
Söhbət zamanı əməkdaşlığın perspektivləri və ikitərəfli gündəliyə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AZƏRBAYCAN VƏ ALBANİYA TAP LAYİHƏSİNİN ÜZVLƏRİDİR
Qonaq Azərbaycan ilə Albaniya arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi-ticari, enerji, turizm və digər sahələrdə də əməkdaşlığın uğurla davam etdirildiyini deyib və bu xüsusda TAP layihəsinin əhəmiyyətinə toxunub. Azərbaycanın Albaniyanın qazlaşdırılması istiqamətində həyata keçirdiyi layihədən məmnunluğunu ifadə edib. Son illərdə bu əməkdaşlıq həm siyasi, həm də iqtisadi sahədə dinamik şəkildə inkişaf edib. Əməkdaşlığın əsasını təşkil edən mühüm amil enerji sahəsinin inkişafı məsələləridir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir. Albaniya Azərbaycan tərəfinin ölkənin enerji infrastrukturunda aktiv iştirakında maraqlıdır. Albaniyanın yüksək səviyyəli rəsmiləri Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bütün iclaslarında iştirak edib və layihənin icrasına töhfə veriblər. Albaniya TAP vasitəsilə Cənub Qaz Dəhlizinin iştirakçısıdır. TAP layihəsi üzrə Hökumətlərarası Saziş 2013-cü ilin fevral ayında Albaniya, İtaliya və Yunanıstan dövlətləri arasında imzalanmış və 2016-cı ilin mart ayından tikinti işləri başlanılmışdır. 2020-ci ilin dekabrın 31-də TAP boru kəməri vasitəsilə kommersiya qazının nəqlinə başlanılmışdı. Hər iki dövlət Cənub Qaz Dəhlizinin icrasında müstəsna rol oynayıblar. Azərbaycan ilə Albaniya arasında enerji sektorunda əməkdaşlığın nəinki ölkələrimiz, o cümlədən böyük sayda digər ölkələr, xüsusilə də Cənub Qaz Dəhlizin hissəsi olan TAP layihəsində iştirak edən ölkələr üçün əhəmiyyətlidir. Həmin boru kəməri Albaniyanın ərazisindən keçir və hazırda enerji təhlükəsizliyinin mənbəyidir. Azərbaycan və Avropa İttifaqının qaz təchizatı sahəsində fəal işini, eləcə də Aİ ilə Azərbaycan arasında imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədini nəzərə alsaq, bütün bunlar əməkdaşlıq üçün mühüm meyarlardır.
AZƏRBAYCAN QAZININ AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNƏ TÖHFƏSİ
Müasir dünyamızda Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Albaniyanın qazlaşdırılması layihəsi ilə bağlı işlər cədvələ uyğun gedir. Həm Albaniya, həm də Azərbaycan ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. 2021-ci ildə Albaniya Azərbaycanın 79-cu xarici ticarət tərəfdaşı olub. Həmin ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 4,95 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 0,66 milyon dollar, ixracın həcmi 4,29 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə müsbət 3,63 milyon dollar olub. 2022-ci ilin yanvar-sentyabr aylarında Albaniya Azərbaycanın 86-cı xarici ticarət tərəfdaşı olub. Ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 1,45 milyon ABŞ dolları, o cümlədən idxalın həcmi 1,14 milyon dollar, ixracın həcmi 0,31 milyon dollar təşkil edib, xarici ticarət saldosu isə mənfi 0,83 milyon dollar olub.
COP29 - İQLİM GÜNDƏLİYİ İLƏ ƏLAQƏDAR VACIB QƏRARLAR
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməklə daha bir tarixi uğura imza atdı.
COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Tədbirdə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olunub. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur. Bir çox beynəlxalq tədbirlərə, yarışlara uğurla ev sahibliyi edən Azərbaycan zəngin təcrübəsindən, təşkilatçılıq bacarığından yiyələnərək daha bir beynəlxalq tədbiri keçirməyə müvəffəq oldu. COP29 iqlim danışıqları üzrə tarixi nəticələrin əldə edilməsi, mühüm təşəbbüslərin dəstəklənməsi kimi qlobal əhəmiyyəti ilə diqqətdədir. COP29 yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Görüşdə COP29-un Azərbaycanda uğurla keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıran Bayram Beqay bu tədbir çərçivəsində aparılan danışıqlar prosesində ciddi nailiyyətlər əldə edildiyini və iqlim gündəliyi ilə əlaqədar vacib qərarların qəbul olunduğunu vurğulayıb. Dövlətimizin başçısı COP29-a hazırlıq üçün ölkəmizin qısa vaxtı olmasına baxmayaraq, bütün təşkilati işlərin yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. Prezident İlham Əliyev də öz növbəsində COP29-da iqlim gündəliyi ilə əlaqədar olduqca mühüm qərarların qəbul edildiyini məmnunluqla xatırladib.
Görüşdə XII Qlobal Bakı Forumunun beynəlxalq gündəlikdə duran məsələlərin müzakirəsi baxımından əhəmiyyətinə də toxunulub.
Bu gün sevindirici haldır ki, Albaniya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təmələ əsaslanır.
Zümrüd BAYRAMOVA