PDF Oxu

Siyasət

  • 1 017

2024-cü il ölkə iqtisadiyyatı üçün uğurlu olub

image

2024-cü il üzrə qeydə alınan sosial-iqtisadi göstəricilər onu deməyə əsas verir ki, ötən il mühüm makroiqtisadi parametrlərin reallaşdırılması baxımından ölkə iqtisadiyyatı üçün uğurlu il olmuşdur. Belə ki, universal makroiqtisadi göstəricilərə nəzər yetirsək görərik ki, Ümumi Daxili Məhsulda (ÜDM) qeyd alınmış 4.1 faizlik artım dinamikası əsasən qeyri-neft ÜDM-indəki artım hesabına baş vermişdir. Qeyri-neft qaz ÜDM-nin qabaqlayıcı artımı demək olar ki, milli iqtisadiyyatın artımının drayveri kimi çıxış etmişdir. Bununla yanaşı əhalinin hər nəfərinə düşən ÜDMdə müşahidə edilmiş artım 2022/2023-cü illərin dinamikası ilə müqayisədə xeyli çox olmuşdur ki, bunu da müsbət hal kimi dəyərləndirmək olar.

Şübhəsiz ki, ötən ilin mühüm iqtisadi göstəricilərindən biri kimi qeyri-neft qaz sənayesində qeydə alınmış 7.3 faizlik artımı xüsusilə göstərmək lazımdır. Bu göstərici ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft qaz sektorunun inkişaf etdirilməsi ilə bağlı ölkə Prezidentinin hökümət qarşısında qoyduğu hədəflərə doğru mühüm addımların atıldığının açıq təzahürüdür. Eyni zamanda ən mühüm makroiqtisadi parametrlərdən biri olan pərakəndə ticarət dövriyyəsində 2024-cü ildə qeyd olunan artım dinamikası 2022/2023-cü illərdəki artımın təsadüfi olmadığını və bu tendensiyanın ardıcıllığını göstərmiş olur. Bununla yanaşı, makroiqtisadi təhlili reallaşdırarkən dövlət büdcəsinin gəlir və xərclərindəki artımı da görməmək, zənnimcə, mümkün deyil. Bu isə öz növbəsində bir tərəfdən büdcə siyasətinin adekvatlılığını, digər tərəfdən isə büdcə mexanizmləri vasitəsilə iqtisadiyyata müvafiq təkanverici impulsların mövcudluğunu göstərir. Heç şübhəsiz ki, son illər qeyd olunan müsbət iqtisadi dinamikanın əsas səbəblərindən biri ölkə Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində insan faktorunun, sosial amilin dayanmasıdır. 2024-cü il bu baxımdan ölkədə ardıcıl şəkildə reallaşdırılan sosial zərflərin makroiqtisadi göstəricilərdə əks olunması ili kimi yadda qaldı.
Ölkədə həyata keçirilən aktiv məşğulluq siyasəti, ünvanlı sosial yardımla bağlı əldə olunan pozitiv göstəricilər, əmək bazarının inkişaf etdirilməsinə yönəlik müvafiq tədbirlər, sözsüz ki, sosial-iqtisadi göstəricilərə xeyli dərəcədə həlledici təsirlər göstərmişdir. Bununla yanaşı, 2025-ci ilin əvvəlindən reallaşdırılmasına start verilən növbəti, 5-ci sosial zərf, şübhəsiz ki, bu tədbirlərin ardıcıl və dayanıqlı olmasını səciyyələndirir. Eyni zamanda, növbəti sosial zərfin həyata keçirilməsi daxili bazarın stimullaşdırılmasına və əhalinin geniş kateqoriyalarının sosial müdafiəsinə şərait formalaşdırır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkədə müşahidə edilən sosial-iqtisadi dinamika müsbət xətt üzrə inkişaf etməkdədir.

Samir Vəliyev
Milli Məclisin deputatı

Digər xəbərlər