Əvvəllər olduğu kimi, bu il də ölkəmiz dünya miqyasında böyük əhəmiyyət kəsb edən bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. Bunlardan biri də martın 13-də fəaliyyətə başlayan “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda, qlobal siyasət və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün mühüm bir platforma olan XII Qlobal Bakı Forumudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan bu tədbir, dünya liderlərini bir araya gətirərək aktual problemlərin həlli yollarını araşdırmağa şərait yaradacaqdır.
Ölkəmizin Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək, Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətdən söz açmış, qlobal çağırışların öhdəsindən gəlmək üçün birgə səylərin vacibliyini vurğulamışdır. O, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirərək, Mərkəzin qlobal məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrildiyini qeyd etmişdir.
Bakıda keçirilən XII Qlobal Bakı Forumu dünya gündəmindəki aktual məsələlərin müzakirə edildiyi nüfuzlu beynəlxalq platformalardan biri kimi diqqət mərkəzindədir. Forumda çıxış edən dövlət başçımız, ölkəmizin COP29-un təşkilatçısı kimi qlobal yaşıl enerji gündəmindəki rolunu, enerji təhlükəsizliyi sahəsində gördüyü işləri və regional bağlantı layihələri barədə mühüm məqamları iştirakçıların diqqətinə çatdırmışdır.
Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu Forumun təşkilindəki rolunu da yüksək qiymətləndirmişdir. O,həmçinin ötən ilin noyabrında Azərbaycanda keçirilmiş COP29 tədbirində də Mərkəzin fəal iştirak etdiyini qeyd etmişdir.
Bu tədbir çərçivəsində 16 panel müzakirəsinin keçirilməsi və Mərkəzin öz pavilyonu ilə COP29-a töhfə verməsi Forumun qlobal səviyyədə artan nüfuzunun göstəricisidir.
Azərbaycanın COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi etməsi eyni zamanda dünya birliyinin ölkəmizə olan etimadının və dövlətimizin yaşıl enerji sahəsindəki atdığı addımların beynəlxalq arenada tanınmasının sübutudur. Prezident İlham Əliyev çıxışında Azərbaycanın zəngin təbii ehtiyatlara malik olmasına baxmayaraq, ölkəmizdə bərpaolunan enerji sahəsinə də ciddi diqqət yetirildiyini xüsusilə vurğulamışdır.
Cənab Prezident qeyd etmişdir ki, hazırda Azərbaycanın enerji istehsalı gücü 8 giqavatdır və 2030-cu ilə qədər günəş, külək və hidroenerji mənbələrindən 6,5 giqavatlıq əlavə enerji istehsalı planlaşdırılır. Beləliklə, Azərbaycanın bərpaolunan enerji istehsalı iki dəfə artacaqdır. Dövlətimiz yalnız neft və qaz ixracatçısı kimi deyil, həm də yaşıl enerji tədarükçüsü kimi beynəlxalq bazarda mövqeyini möhkəmləndirmək niyyətindədir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji təchizatında qlobal rolunun artdığını vurğulayıb. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa ölkələridir. Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa enerji təchizatçısı kimi tanıyır.
Bundan əlavə, Azərbaycan Avropaya yaşıl enerji ixracını artırmaq üçün yeni enerji kabeli layihəsi üzərində işləyir. Bu kabelin bir hissəsi Qara dənizin dibi ilə çəkiləcək, bu da ölkəmizin enerji təhlükəsizliyi və regional əməkdaşlığa verdiyi töhfəni daha da artıracaq.
Dünyada baş verən geosiyasi dəyişikliklər Azərbaycanın logistika və nəqliyyat marşrutlarında əsas tranzit mərkəzinə çevrilməsinə səbəb olub. Dövlət başçısı bildirib ki, ölkəmizdə artan yük axınını idarə edə bilmək üçün liman və dəmiryolu infrastrukturunun gücləndirilməsi istiqamətində işlər görülür.
Azərbaycanın Cənubi Qafqazda sülh və sabitliyə töhfə vermək istiqamətində səyləri də davam edir. Prezident İlham Əliyev ölkəmizin bölgədə sülhün bərqərar olunması üçün fəal çalışdığını vurğulayıb.
Cənab Prezident çıxışında Ermənistanın işğalı və təcavüzü nəticəsində xalqımızın üzləşdiyi çətinliklərdən də bəhs edib. İşğaldan azad olunmuş əraziləri ziyarət edən hər kəs erməni vandalizminin miqyasını açıq şəkildə görə bilər. Şəhərlərimiz xarabalığa çevrilib, infrastruktur yerlə-yeksan edilib,muzeylər,məktəblər, məscidlər dağıdılıb. Bunlar yalnız maddi ziyanın deyil, həm də dini və mədəni irsimizə qarşı edilən təhqirin göstəricisidir.
Azərbaycanın haqq savaşı təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də beynəlxalq hüququn müdafiəsi idi. 27 il ərzində kağız üzərində qalan BMT qətnamələrini Azərbaycan özü icra etdi. Əgər güc tətbiq olunmasaydı, bu qətnamələr hələ də həyata keçirilməmiş qalacaqdı. Bu, bizə bir daha sübut edir ki, bəzən sülh və ədalətə nail olmaq üçün güc tətbiqi qaçılmaz olur.
Keçmişin ağrılarını unutmasaq da, gələcəyə baxmalı və bölgədə davamlı sülhə nail olmalıyıq. Azərbaycan Ermənistanla sülh sazişi layihəsinin müəllifidir və prosesin irəliləməsi üçün ardıcıl addımlar atır. Əsas bəndlərin razılaşdırılması göstərir ki, bölgədə sabitlik və əməkdaşlıq üçün real imkanlar var. Lakin bunun üçün Ermənistan da üzərinə düşən öhdəlikləri yerinə yetirməli, revanşist ideyalardan imtina etməlidir. Prezident İlham Əliyev çıxışında həmçinin sülhün əldə olunması prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirən bəzi dövlət başçıları və siyasətçiləri də ciddi tənqid etdi, onların bu əməllərinin bölgədə stabilliyin bərqərar olmasına əngəl törətdiyini vurğuladı. Eyni zamanda bu təxribatların Azərbaycanın sülh uğrunda yürütdüyü siyasətin qarşısını almağa yetməyəcəyini, bundan sonra da ölkəmizin bu sahədəki uğurları ilə fərqlənəcəyini də bildirdi.
XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyevin çıxışı Azərbaycanın qlobal arenadakı mövqeyinin gücləndiyini bir daha nümayiş etdirdi. Ölkəmiz COP29-un təşkilatçısı kimi qlobal iqlim gündəmində mühüm rol oynayır, enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir və beynəlxalq nəqliyyat marşrutlarında əsas tranzit qovşağına çevrilir. Bütün bu strateji addımlar Azərbaycanın regional və beynəlxalq miqyasda gücünü artırmağa davam etdiyini göstərir,gələcəyə böyük ümidlərlə baxmağa ruhlandırır.
Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini
Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir
Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq