Azərbaycanın enerji siyasəti son illərdə ölkənin beynəlxalq nüfuzunun güclənməsində, iqtisadi inkişafının sürətlənməsində və regional əməkdaşlığın genişlənməsində mühüm rol oynamışdır. Bu baxımdan Bakı şəhərində keçirilən Xəzər Neft və Qaz Sərgisi və Bakı Enerji Həftəsi xüsusi əhəmiyyət daşıyır. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmilərini, enerji şirkətlərinin nümayəndələrini, investorları və ekspertləri bir araya gətirən bu mötəbər tədbir Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurları nümayiş etdirməklə yanaşı, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün də mühüm platforma rolunu oynayır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra enerji sektorunun inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən etmişdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin enerji tarixində yeni mərhələnin əsasını qoymuşdur. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan beynəlxalq enerji bazarının etibarlı tərəfdaşlarından biri kimi tanınır.
Xəzər Neft və Qaz Sərgisi dünyanın aparıcı enerji şirkətlərinin iştirakı ilə keçirilmiş və burada neft, qaz, bərpa olunan enerji, yaşıl texnologiyalar, enerji təhlükəsizliyi və yeni investisiya imkanları ilə bağlı məsələlər müzakirə edilmişdir. Sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilmiş, yeni əməkdaşlıq perspektivləri nəzərdən keçirilmişdir. Bu tədbir bir daha göstərmişdir ki, Azərbaycan yalnız enerji resurslarının ixracatçısı deyil, həm də enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaşdır. Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin enerji strategiyasının əsas istiqamətləri barədə ətraflı məlumat vermişdir. Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan uzun illər ərzində özünü etibarlı enerji tərəfdaşı kimi təsdiq etmişdir. Prezident çıxışında vurğulamışdır: “Azərbaycan enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayır. Bu gün bir çox ölkələrin enerji təhlükəsizliyi Azərbaycanla sıx bağlıdır və ölkəmiz bütün öhdəliklərini uğurla yerinə yetirir”.
Ölkə başçısı Cənub Qaz Dəhlizinin əhəmiyyətinə xüsusi diqqət yetirmişdir. Bildirmişdir ki, bu layihə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyətə malikdir. Dövlət başçısının sözlərinə görə, Azərbaycan qazı hazırda bir sıra Avropa ölkələrinin enerji balansında mühüm yer tutur və gələcəkdə ixrac coğrafiyasının daha da genişləndirilməsi nəzərdə tutulur. Prezident çıxışında Azərbaycanın bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələrdən də bəhs etmişdir. O qeyd etmişdir ki, ölkə yalnız ənənəvi enerji resursları ilə deyil, həm də yaşıl enerji potensialı ilə beynəlxalq enerji bazarında mühüm mövqeyə malikdir.
Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yaşıl enerji layihələrinin əhəmiyyətini də qeyd etmişdir. İşğaldan azad edilmiş ərazilərin “yaşıl enerji zonası” elan olunması Azərbaycanın dayanıqlı inkişaf strategiyasının mühüm hissəsidir. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forum və panel müzakirələrində qlobal enerji bazarında baş verən dəyişikliklər, enerji keçidi, karbon emissiyalarının azaldılması və yeni texnologiyaların tətbiqi məsələləri diqqət mərkəzində olmuşdur. Nəticə etibarilə, Xəzər Neft və Qaz Sərgisi və Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji sistemində artan rolunu bir daha nümayiş etdirmişdir. Tədbir çərçivəsində aparılan müzakirələr, imzalanan əməkdaşlıq sənədləri və əldə olunan razılaşmalar ölkənin enerji sektorunun gələcək inkişafı üçün yeni imkanlar açmışdır.
Vəli Sərxanlı
YAP Culfa rayon təşkilatının fəalı