2026-cı il iyunun 1-də Bakı Ekspo Mərkəzində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək ölkəmizin enerji sektorunda əldə etdiyi nailiyyətləri, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək inkişaf perspektivlərini diqqətə çatdırdı. Dövlət başçısının çıxışı Azərbaycanın enerji siyasətinin uğurlu nəticələrini və beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev vurğuladı ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyub. İlk dəfə təşkil olunan bu sərgi Azərbaycanın dünya enerji xəritəsində öz yerini tutmasına, xarici investorların ölkəmizə marağının artmasına və beynəlxalq enerji əməkdaşlığının genişlənməsinə mühüm töhfə verib. İllər keçdikcə sərgi daha da genişlənərək bu gün Bakı Enerji Həftəsi adı altında dünyanın nüfuzlu enerji platformalarından birinə çevrilib.
Azərbaycanın müasir enerji inkişafının təməli isə 1994-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi” ilə qoyuldu. Həmin tarixi saziş ölkənin neft strategiyasının başlanğıcı olmaqla yanaşı, iqtisadi müstəqilliyin möhkəmlənməsinə və Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasına yol açdı. Sonrakı illərdə həyata keçirilən irimiqyaslı enerji layihələri ölkəmizi regionun aparıcı enerji mərkəzinə çevirdi.
Çıxışında Prezident İlham Əliyev enerji təhlükəsizliyi məsələsinə də xüsusi diqqət yetirdi. O qeyd etdi ki, hazırda enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Azərbaycan etibarlı tərəfdaş kimi uzun illərdir ki, beynəlxalq bazarlara fasiləsiz enerji tədarükü həyata keçirir və tərəfdaş ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu siyasət ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır.
Dövlət başçısı çıxışında Azərbaycanın zəngin qaz ehtiyatlarına da toxunaraq bildirdi ki, mövcud qaz ehtiyatlarımız ən azı növbəti yüz il ərzində həm ölkəmizin, həm də tərəfdaşlarımızın tələbatını ödəməyə kifayət edəcəkdir. Bu, Azərbaycanın uzunmüddətli perspektivdə də qlobal enerji bazarında mühüm oyunçu olaraq qalacağını göstərir. Eyni zamanda, ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, bərpaolunan enerji sahəsinə də böyük sərmayələr yatıraraq enerji balansının şaxələndirilməsi istiqamətində ardıcıl addımlar atır.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan Cənub Qaz Dəhlizi XXI əsrin ən mühüm enerji layihələrindən biridir. Bu strateji layihə və onun genişləndirilmiş marşrutları vasitəsilə Azərbaycanın təbii qazı hazırda 16 ölkəyə çatdırılır. Bu ölkələrin bir çoxu Azərbaycan qazını enerji təhlükəsizliyinin əsas mənbələrindən biri hesab edir. Beləliklə, Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də Avrasiyanın enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaş kimi çıxış edir.
Bakı Enerji Həftəsi çərçivəsində Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar Azərbaycanın enerji siyasətinin yalnız bu günə deyil, gələcəyə hesablandığını nümayiş etdirdi. Enerji resurslarının səmərəli idarə olunması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və yaşıl enerji gündəliyinin uğurla həyata keçirilməsi ölkəmizin qarşıdakı onilliklərdə də qlobal enerji xəritəsində mühüm mövqeyini qoruyub saxlayacağını deməyə əsas verir. Bütün bunlar Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurların davamlı xarakter daşıdığını və ölkənin beynəlxalq nüfuzunun daha da artmasına xidmət etdiyini göstərir.
Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı