PDF Oxu

Siyasət

  • 1 129

XII Qlobal Bakı Forumu – hədəf dialoq və əməkdaşlıqdır

image

Azərbaycan paytaxtı daha bir qlobal və mühüm beynəlxalq tədbirə uğurla ev sahibliyi etdi. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 13-də Azərbaycanın paytaxtında XII Qlobal Bakı Forumu keçirilib. Əvvəlki forumlarda olduğu kimi, bu tədbirdə də dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Builki Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əks etdirir: “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”.

Budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak ediblər.

Xatırladaq ki, bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bu Forumun təşkilindəki rolunu da yüksək qiymətləndirib. O,həmçinin ötən ilin noyabrında Azərbaycanda keçirilmiş COP29 tədbirində də Mərkəzin fəal iştirak etdiyini qeyd edib. Ən əsas məqamlardan biri də odur ki, bu tədbir çərçivəsində 16 panel müzakirəsinin keçirilməsi və Mərkəzin öz pavilyonu ilə COP29-a töhfə verməsi Forumun qlobal səviyyədə artan nüfuzunun göstəricisidir.

“Bakı Forumu ildən-ilə inkişaf edir. Bir çox fərqli coğrafiyadan, müxtəlif insanları bir araya gətirmək, onların biliklərini, təcrübələrini, istəklərini bölüşmək olduqca əhəmiyyətlidir. Bu yolla biz regionumuzun çox vacib problemlərinin həlli yollarını tapa bilərik. bölgədə uzunmüddətli, davamlı sülhə necə nail olduğunuzu görmək və eşitmək çox vacibdir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik edirəm ki, son illər ərzində çox əla işlər aparmışdır və belə bir mühüm beynəlxalq tədbiri təşkil edir.” Bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib.

SİTAT: “Biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Orada qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur. Biz dörd il ərzində Qoşulmama Hərəkatında sədrlik etdik, təşkilatda 120 ölkə var. Biz COVID dövründə müxtəlif vəziyyətlərdə üzv dövlətlərə dəstək verirdik. Humanitar və maliyyə yardımına gəldikdə, 80-dən artıq ölkəyə kömək etdik.”

Dövlətimizin başçısı daha sonra qeyd edib: “Eyni zamanda, biz Avropadakı tərəfdaşlar ilə fəal əlaqələri saxlayırdıq. Bütün bunlar bir növ Qlobal Cənub ilə Qlobal Şimal arasında körpülərin salınmasına bənzəyirdi. COP29-da olan işlər, onun Azərbaycanda keçirilməsi qərarı düşünürük ki, çox məsuliyyətli, ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi. Mən bir daha qeyd etmək istəyirəm ki, ölkədə nəinki enerji təchizatı çatışmazlığı yoxdur, əksinə, bu gün ölkəmiz onlarla ölkələrə enerji ixrac edir, 12 ölkəyə təbii qaz ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir və təsadüfi deyil ki, ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır”.

XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunub.

Bəli, Azərbaycanın COP29 kimi nüfuzlu tədbirə ev sahibliyi etməsi eyni zamanda dünya birliyinin ölkəmizə olan etimadının və dövlətimizin yaşıl enerji sahəsindəki atdığı addımların beynəlxalq arenada tanınmasının sübutudur. Prezident İlham Əliyev çıxışında Azərbaycanın zəngin təbii ehtiyatlara malik olmasına baxmayaraq, ölkəmizdə bərpaolunan enerji sahəsinə də ciddi diqqət yetirildiyini xüsusilə vurğulayıb.

Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan sülh prosesinə sadiqdir. Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi addımlar atır. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edərək sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladı. “Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq”, - deyə Prezident İlham Əliyev çıxışında bildirib. “Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar”, - deyə dövlətimizin başçısı əlavə edib.

Cənab Prezidentin çıxışının diqqətçəkən məqamlarından biri Azərbaycanın enerji siyasətinin təkcə milli deyil, həm də regional və qlobal miqyasda mühüm təsirlərə malik olması idi. Prezident İlham Əliyev Forumdakı çıxışında xüsusilə qeyd etdi ki, Azərbaycan bu gün 12 Avropa ölkəsi də daxil olmaqla, 10-dan çox ölkənin enerji təhlükəsizliyinə töhfə verir. Xüsusilə, Avropa İttifaqının Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi və enerji marşrutlarının diversifikasiyası fonunda Bakı mühüm geosiyasi aktora çevrilib.

Bununla yanaşı, ölkə rəhbəri Azərbaycanın yeni enerji layihələrinə – yaşıl enerji ixracına, Xəzər-Qara dəniz marşrutuna və yeni enerji kabelinə xüsusi diqqət çəkdi. Bu təşəbbüslər Avropanın enerji təhlükəsizliyini möhkəmləndirmək üçün strateji əhəmiyyət daşıyır və Azərbaycanın bu sahədə əsas oyunçulardan biri kimi rolunu təsdiqləyir.

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri

Digər xəbərlər