“Azərbaycanda müxtəlif beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Ötən ilin noyabr ayında uğurla baş tutan COP29 iqlim konfansından sonra bu günlərdə ölkəmiz daha bir mühüm tədbirə ev sahibliyi edir. Belə ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” XII Qlobal Bakı Forumu keçirilir. Forumun mövzusu son zamanlar xüsusilə aktual olan məsələləri əhatə edir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, ənənəvi qaydada keçirilən Qlobal Bakı Forumu dünyanı birləşdirən səmərəli platforma kimi dəyərləndirlir və onun adı Davos Dünya İqtisadi Forumu, Münxen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə çəkilir. Bu tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Prezident İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edirər.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində dərin məzmunlu çıxışında Forumun qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan birinə çevrildiyini vurğulayıb. Forumun Nizami Gəncəvinin adını daşıyan beynəlxalq mərkəz tərəfindən təşkil olunması da diqqətçəkən məqamdır. Bu, həm də dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətin, ehtiramın ifadəsi anlamında qəbul olunur. Nizami Gəncəvi əsərlərində humanizm, xeyirxahlıq kimi bəşəri səciyyə daşıyan dəyərlər aşılamağa çalışıb və bunu bədii lövhələrdə dolğun və təsirli formada əks etdirib. Onun yaradıcılığı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir. Təqdirəlayiq haldır ki, xalqımız əsrlər ötdükdən sonra da böyük Nizaminin irsini unutmur, özünün tarixdən gələn ənənələrini və dəyərlərini qoruyaraq yaşadır.
Müzakirələrə çıxarılan məsələlərin aktuallığı baxımından budəfəki forum da istisna deyil. XII Qlobal Bakı Forumunda qlobal aktual problemlər, çoxtərəfli diplomatiya, çoxqütblü dünya nizamı, BMT-nin gələcək paktı, postmünaqişə dövründə bərpa-quruculuq işləri və orta güclərin yeni dünya düzənində rolu kimi vacib mövzular müzakirə olunmaqdadır. Tədbir beynəlxalq liderləri bir araya gətirərək yeni çağırışların müzakirəsinə şərait yaradıb. Prezident İlham Əliyev çıxışında regionda və dünyada cərəyan edən proseslərlə bağlı fikirlərini ifadə edib. ən vacib məqamlardan biri də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasıdır. Dövlətimizin başçısı bununla bağlı bildirib: “Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə biz onları yenidən tikirik. Hər bir şey yerlə-yeksan olunubdur və bu, kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi. 65 məscid dağıdılıb və nəinki azərbaycanlıların, o cümlədən bütün dünya müsəlmanlarının hisslərini təhqir etmək üçün orada donuz və mal saxlayıblar. Biz bunu yaddan çıxarmayacağıq. Biz 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə nəzər salmalıyıq. Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub”. Cənab Prezident Azərbaycana qarşı bəzi beynəlxalq dairələr tərəfindən aparılan qarayaxma kampaniyasına toxunaraq bu kampaniyaların heç bir nəticə vermədiyini diqqətə çatdırıb.
“Bu mühüm beynəlxalq tədbir sülh, təhlükəsizlik və dayanıqlı inkişaf mövzularında qlobal dialoqa və əməkdaşlığa töhfə verməyi hədəfləyir. Müxtəlif regionlardan iştirakçıların qatılması forumun genişmiqyaslı təsirini və beynəlxalq arenada əhəmiyyətini, ölkəmizin beynəlxalq dialoqa verdiyi töhfəni və multilateralizmə sadiqliyini bir daha nümayiş etdirir. Bu, həm də Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş, sülh və sabitlik naminə təşəbbüslərə ev sahibliyi edən bir ölkə kimi rolunu gücləndirəcək”,- deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.