PDF Oxu

Siyasət

  • 393

Azərbaycandan sülh mesajları TƏHLİL

image

Prezident İlham Əliyev: "İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur"

Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu artıq 12-ci ildir ki, ölkəmizdə uğurla təşkil olunur. Cənubi Qafqazda güclü dövlət, Avrasiya geostrateji məkanında həyata keçirilən çox mühüm qlobal layihələrin əsas təşəbbüskarı kimi tanınan Azərbaycan dünyanın qlobal məsələlərin müzakirə edildiyi və problemlərdən çıxış yolunun tapıldığı siyasi mərkəzə çevrilib. Azərbaycanda keçirilən bu cür qlobal miqyaslı tədbirlərdə iştirak etmək üçün gələn qonaqlar ölkəmizin inkişafını, sosial-iqtisadi tərəqqisini əyani olaraq görürlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də XII Qlobal Bakı Forumu zamanı "Euronews" televiziyasına müsahibə verərkən ona ünvanlanan "Builki tədbirin nəticələri ilə bağlı gözləntiləriniz nədən ibarətdir?" sualını cavablandıraraq "Ümid edirəm ki, iştirakçılar ənənəvi olaraq qlobal gündəlikdə duran məsələlər barədə öz mövqelərini, fikirlərini və yanaşmalarını bölüşəcəklər, xüsusilə bu gün beynəlxalq arenada vəziyyətin kəskin şəkildə dəyişdiyi bir vaxtda. Bu Forumun iştirakçılarının adları onun potensialını əks etdirir", - deyə bildirib. "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusuna həsr olunan budəfəki Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, Nobel mükafatı laureatları, alimlər və ekspertlər iştirak edirdi.

Tədbirin təşkilatçısı olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-da böyük mütəfəkkirin Vətəni Gəncədə keçirilmiş xüsusi toplantıda təsis edilib. Hazırda Mərkəz qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq təsisata çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Rəsmi Bakı öz baxışları ilə dünyanın tanınmış siyasi liderlərinə mühüm ismarışlar verə bilir.

"QLOBAL TRANSFORMASİYANIN İLKİN MƏRHƏLƏSİNDƏYİK"

Qeyd etdiyimiz kimi, builki Forumun mövzusu "Dünya düzəninin yenidən düşünülməsi" idi. "Sizcə, bizim hamımızın qlobal səviyyədə üzləşdiyi əsas çağırışlar nədən ibarətdir?", - sualını Azərbaycan Prezidenti belə cavablandırıb: "Bu gün hər kəs tərəfindən bölüşülən fikir odur ki, hazırda yeni qaydaların müəyyənləşdirilməsi prosesi baş verir. Bildiyimiz dünya nizamı artıq mövcud deyil. Hələ ki, beynəlxalq ictimaiyyət tərəfindən istifadə olunacaq qarşılıqlı əlaqə konfiqurasiyası heç kəsə bəlli deyil. Buna dair fərqli fikirlər var. Lakin aydın olan odur ki, birincisi, hər bir ölkə özünün daxili işlərinə və daxili imkanlarına daha çox diqqət ayırmalı, hər hansı bir yardıma və hətta beynəlxalq hüquqa arxalanmamalıdır. Beynəlxalq hüququn selektiv tətbiqinin qurbanı olan Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var.

İkincisi, gələcək üçün vacib məsələlərdən biri odur ki, ölkələr beynəlxalq təsisatlar çərçivəsində fəaliyyətə deyil, ikitərəfli münasibətlərə daha çox əhəmiyyət verəcəklər. Çünki bu gün bəzi beynəlxalq təşkilatlar ya öz zəifliyini nümayiş etdirir və ya tamamilə iflic vəziyyətindədir. Əlbəttə, biz hələ ki, qlobal transformasiyanın ilkin mərhələsindəyik və bir çox məsələ hadisələrin gedişatından asılı olacaq".

"ƏTRAFIMIZDA BAŞ VERƏN BÖHRANLARDAN REGİONUMUZUN QORUNMASI VACİB MƏSƏLƏDİR"

Forumda səsləndirilən çağırışlar gələcəklə bağlı ümidlərin yaranmasına və bunların reallıqda öz əksini tapmasına xidmət etməlidir. Müasir Azərbaycan təkcə sivilizasiyalararası dialoqa deyil, əməkdaşlıqlar üçün də mühüm platformadır. Bakının son zamanlar bir sıra önəmli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın dünyada strateji tərəfdaşlığın inkişafında oynadığı roldan xəbər verir. Qarşıdurmalar, dünyanı təhdid edən təhlükələrin qarşısını almaq üçün birgə fəaliyyətin olması dövrümüz üçün zəruridir. Müsahibəsində dövlət başçımız dünyada çoxsaylı geosiyasi dəyişikliklərin şahidi olduğumuz dövrdə, xüsusilə də regionda baş verən dəyişikliklərlə bağlı mövqeyini ifadə edərkən bildirib ki, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir: "Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq".

Müsahibə verərkən "O zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi sovet hakimiyyətindən asılı vəziyyətdə idik" – deyən Prezident qeyd edib ki, ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi: "Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik".

"BİZİM ERMƏNİSTANLA SÜLH MÜQAVİLƏMİZ YOXDUR"

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləridir ki, bu gün ölkəmiz böyük imicə sahibdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır. Belə ki, ölkəmiz çox vacib beynəlxalq forumlara və tədbirlərə ev sahibliyi edərək, qlobal və regional sabitliyə töhfəsini verir. Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan sülh prosesinə sadiqdir. Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi alımlar atır. Müstəqillik tariximizə yeni səhifə yazan Qarabağ Zəfərimizin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış edərək sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladı. Öz tarixi Qələbəsi sayəsində regionda yeni reallığın müəllifi olan Azərbaycan, eyni zamanda, regionun aparıcı qüvvəsidir.

Azərbaycan regionda əbədi sülhün bərqərar olmasına töhfələr verir. Azərbaycanın dünyada sülhün bərqərar olmasına töhfə vermək niyyətini ifadə etməklə yanaşı, sülhün təşviqində böyük rol oynayır.

"Gələcəyə baxışınıza gəldikdə, bu qlobal sabitliyin yekunda haraya gedəcəyini görürsünüz? Sizcə, biz buna nail olacağıq?" sualına cavab olaraq dövlətimizin başçısı bu məsələdə o qədər də nikbin olmadığını bildirib: "Mən realist olmağa üstünlük verirəm. Növbəti aylar və ya hətta illərdə sabitliyə nail olacağımızı düşünmürəm. Rusiya-Ukrayna müharibəsindən söhbət gedirsə, hətta müharibə dayansa belə, müharibənin yenidən başlamayacağına dair heç bir zəmanət yoxdur. Bir vaxtlar demək olar ki, otuz il ərzində bizdə - Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşması var idi. Bu razılaşmaya 1994-cü ilin yazında nail olunmuşdur. Lakin bu, müharibənin sona çatması demək deyildi. Sadəcə, transformasiya baş vermişdir və müharibə yalnız sülh sazişi imzalananda bitir. Hətta indiki dövrdə, İkinci Qarabağ müharibəsinin bitməsindən beş il keçməsinə baxmayaraq, bizim Ermənistanla sülh müqaviləmiz yoxdur. Bəli, sakitlikdir, itkilər yoxdur və bu da bugünkü vəziyyətin böyük üstünlüyüdür. Lakin sülh sazişi imzalanana qədər burada sabitlik olmayacaq".

AZƏRBAYCANIN DÜNYADA SÜLHYARATMA PROSESİNDƏ FƏAL İŞTİRAKI

Sülh bugünki dünyanın, zamanın tələbinə çevrilib. Son vaxtlar qlobal və regional güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər sistemində davam edən gərginliklər, məhz sülhün bərqərar olunmasını tələb edir. Sülh əlbəttə ki, dövlətlərin bir-biri ilə münasibətlərində anlaşma və qarşılıqlı münasibətlər fonunda yaranır və dərinləşir. Müharibələr, zorakılıq, dini zəmində qarşıdurmalar, kəskin münaqişələrin yaranması sülhün pozulmasına rəvac verir. Bütün dünyada və bölgədə gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik şəkildə inkişafı, müstəqil, çoxşaxəli və milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi Qafqaz regionunun inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib. Bu baxımdan, müasir dövrdə Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə təsir göstərmək imkanı qazanaraq, sülhsevər siyasətini həyata keçirir. Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş və milli maraqlara söykənən xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycan dünyada sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslərlə çıxış edir, sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Qlobal Bakı Forumu kimi, tədbirlərin ölkəmizdə təşkili sülh şəraitinin formalaşmasında əhəmiyyətlidir. Prezident İlham Əliyevin bildirdiyi kimi, belə çoxsaylı qonaqların iştirak etdiyi toplantılar hadisələri müvafiq şəkildə qiymətləndirmək, fikirləri, narahatlıqları və ya gözləntiləri bölüşmək üçün vacibdir: "Mənim çıxışıma nəzər salsanız görərsiniz ki, mən baş verənlərlə bağlı çox nikbin əhvali-ruhiyyədəyəm. Çıxışımda dediyim kimi, biz ABŞ-ın əvvəlki administrasiyası və Azərbaycan arasında münasibətlərin pisləşməsindən məyusluq hissi keçirmişdik. Onların mövqeyi bizim milli maraqlarımıza ədalətsiz yanaşmadan ibarət idi. Buna görə biz Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq. Lakin qonşu zalda bəzi insanlar var ki, onlar nikbin olmaq əvəzinə daha çox məyusdurlar. Bu da təbiidir, çünki hər bir ölkənin öz maraqları var. Hər bir siyasətçinin öz baxışları var. Mən ümid edirəm ki, burada, bu Forumda ideyaların toqquşması baş verəcək və bu da forumu uğurlu edəcək".

Zümrüd BAYRAMOVA

Digər xəbərlər