PDF Oxu

Siyasət

  • 416

Azərbaycan - Bosniya və Herseqovina: iki ölkə arasında fəal əməkdaşlıq

image

Azərbaycanın xarici siyasət kursunda Avropa ölkələri ilə sıx iqtisadi-siyasi əlaqələrin qurulması mühüm yer tutur. Avropanın enerji təhlükəsizliyində əvəzsiz mövqe qazanan Azərbaycan diplomatik gedişləri ilə dünyanın maraq dairəsindədir. Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş və iqtisadi baxımdan regionun lider dövləti kimi həm diplomatik, həm də iqtisadi danışıqlarda üstün mövqeni nümayiş etdirir. Azərbaycanın xarici siaysətində Şərqi Avropa və Balkan dövlətləri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavini və müdafiə naziri Zukan Helezi qəbulu əlaqələrin davamlığına əsaslanır. Söhbət zamanı Azərbaycan ilə Bosniya və Herseqovina arasında müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, ölkələrimizin Müdafiə nazirliklərinin və müdafiə sənayesi qurumlarının əməkdaşlığının genişləndirilməsinin önəmi vurğulanıb. Qonaq Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbənin əhəmiyyətini qeyd edib.

STRATEJİ TƏRƏFDAŞLIQ HAQQINDA BİRGƏ BƏYANNAMƏ

Bosniya və Herseqovinaya rəsmi səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin səfər çərçivəsində ölkələrimiz arasında strateji tərəfdaşlıq haqqında birgə Bəyannamənin imzalandığını qeyd edib və Azərbaycanın bu sənədin tələblərindən irəli gələn bütün işləri görməyə, əməkdaşlığa öz töhfəsini verməyə hazır olduğunu vurğuladı.

Görüşdə əməkdaşlığımızın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Azərbaycanla Bosniya və Herseqovina bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və müxtəlif beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirlər.

Azərbaycanın Balkan ölkələri ilə münasibətlərində Bosniya və Herseqovina ilə əlaqələr də mühüm yer tutur. Əhalisinin 51 faizini müsəlmanların təşkil etdiyi bu ölkə ilə münasibətlərin əsası hələ sovet dövründə qoyulub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1972-ci il oktyabrın 20-də Bakı və Sarayevo şəhərləri arasında dostluq və əməkdaşlıq sazişi imzalanıb, qardaşlaşmış şəhərlər münasibətləri qurulub. Ölkələrimiz arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Həmin il fevralın 9-da Bosniya və Herseqovina Azərbaycan Respublikasının müstəqilliyini tanıyıb. Azərbaycanın Sarayevo şəhərində diplomatik nümayəndəliyi 2011-ci il martın 1-də təsis olunub.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında siyasi dialoq daim yüksək səviyyədə olub. Bu ölkənin ali və yüksəkvəzifəli şəxsləri ölkəmizə mütəmadi səfərlər ediblər. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviç 2012-ci il oktyabrın 18-də ölkələrimiz arasındakı münasibətlərin tarixində ilk dəfə olaraq Azərbaycana rəsmi səfər edib. Olduqca zəngin proqramı olan həmin səfər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfələr verib. Bosniya və Herseqovina Azərbaycanın təşəbbüsü ilə keçirilən mötəbər beynəlxalq tədbirlərdə daim ən yüksək səviyyədə təmsil olunub. Bosniya və Herseqovina IX Qlobal Bakı Forumunda, Cənub Qaz Dəhlizi Məşvərət Şurası toplantılarında və Azərbaycanın ev sahibliyi etdiyi digər tədbirlərdə ən yüksək səviyyədə təmsil olunub.

Bosniya və Herseqovina ölkəmizə qarşı hər zaman xüsusi münasibəti ilə seçilib. Strateji tərəfdaşlıq haqqında mühüm sənədin imzalanması əməkdaşlıq münasibətlərini yeni səviyyəyə yüksəldib. Bəyannamədə iki ölkə arasında neft və qaz sahəsində əməkdaşlıq, Bosniya və Herseqovinanın Orta Dəhlizdə iştirakı məsələləri əksini tapıb. Azərbaycan Bosniya və Herseqovinaya investisiya qoyuluşunu genişləndirməyi nəzərdə tutur.

Bəyannamədə tərəflər dövlətlərimizin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəklərini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpasının regionda davamlı sülh, təhlükəsizlik və sabitliyin bərqərar olmasına xidmət edəcəyinə əminliklərini, həm ikitərəfli əsasda, həm də beynəlxalq arenada qarşılıqlı maraq doğuran sahələrdə ölkələrimiz arasında əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə münasibətlərin yüksəltməsinə yönəlmiş strateji tərəfdaşlıqlarını və bu strateji tərəfdaşlığın 4 əsas istiqamət - siyasi, iqtisadiyyat və ticarət, müdafiə və təhlükəsizlik, elm, təhsil və mədəniyyət üzrə həyata keçiriləcəyini bəyan ediblər.

ETİBARLI DOSTLUQ NÜMUNƏSİ

Azərbaycan Bosniya və Herseqovina üçün yaxşı dost olmaqla yanaşı həm də mühüm ölkədir. Azərbaycan müxtəlif vaxtlarda Bosniya və Herseqovinaya humanitar yardım etməklə etibarlı dostluq nümunəsi göstərib. Belə ki, 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş təbii fəlakət nəticəsində sel daşqınlarından zərər çəkmiş insanlar üçün Azərbaycan tərəfindən 336 min ABŞ dolları dəyərində humanitar yardım göndərilib. Koronavirusla mübarizəyə dəstək məqsədilə Azərbaycandan Bosniya və Herseqovinaya 2020-ci ildə 244 min dollar dəyərində tibbi və gigiyenik məhsullardan ibarət humanitar yardım, 588 min dollar məbləğində humanitar məqsədli maliyyə yardımı edilib. Azərbaycan 2021-ci ildə Bosniya və Herseqovinaya 160 min dollar dəyərində 40 min doza “AstraZeneca” peyvəndi göndərib.

Bütün bu müddət ərzində Azərbaycan həmin ölkənin bir neçə şəhərində mühüm lazımi infrastruktur layihələri həyata keçirib. Ölkələrimiz arasındakı münasibətlərdən söz açarkən Bosniya və Herseqovinanın Vətən müharibəsində Azərbaycana fəal dəstəyini xüsusi vurğulamaq lazımdır. Vətən müharibəsi zamanı bu ölkənin ali və yüksək səviyyəli nümayəndələri Azərbaycana dəstək ifadə edən bəyanatlarla çıxış edərək, ölkəmizin haqlı mövqeyini dəstəkləyiblər.

Bu gün Azərbaycan Avropanın yeni enerji xəritəsini formalaşdıran ölkə kimi səciyyələndirilir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın Avropa bazarlarına daha çox həcmlərdə mavi yanacaq çıxartmağa qətiyyətli siyasi iradəsi də ortadadır. Ölkələrimiz arasında mövcud olan əlaqələr ikitərəfli münasibətlərin uğurlu inkişafına əsaslanır.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər