PDF Oxu

Siyasət

  • 1 313

Qlobal Bakı Forumu aparıcı beynəlxalq platformalardan birinə çevrilib

image

Azərbaycan dünya birliyinin üzləşdiyi risk və çağırışlarla bağlı bir sıra məsələlərin həlli üçün qlobal problemlərin müzakirəsi və fikir mübadiləsinin aparıldığı mərkəzə çevrilmişdir. Bu baxımdan martın 13-də ölkəmizin ev sahibliyi etdiyi XII Qlobal Bakı Forumu beynəlxalq miqyasda əhəmiyyətli bir konfrans olaraq, qlobal problemlər üzrə müzakirələrin aparılması və həlli yollarının tapılması üçün çox əlverişli platformadır. Bu dəfəki Forumun mövzusu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” oldu.

Bu gün Qlobal Bakı Forumu bir sıra mühüm məsələlərin müzakirə olunduğu aparıcı beynəlxalq Forumlardan birinə çevrilib. Forumun iştirakçılarının təmsilçilik səviyyəsi və intellektual potensialı da aparıcı beynəlxalq konfranslara uyğundur.
Prezident İlham Əliyev bundan əvvəlki Forumlarda olduğu kimi, bu dəfə də Ermənistan-Azərbaycan münaqişəsinə toxunub: “Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə biz onları yenidən tikirik. Hər bir şey yerlə-yeksan olunubdur və bu, kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi. 65 məscid dağıdılıb və nəinki azərbaycanlıların, o cümlədən bütün dünya müsəlmanlarının hisslərini təhqir etmək üçün orada donuz və mal saxlayıblar. Biz bunu yaddan çıxarmayacağıq”.
Forum zamanı dünya dövlətləri yenidən qlobal problemlərin mümkün həlli yollarını araşdıran və bu istiqamətdə Bakıdan səslənən təşəbbüslərin şahidi oldu. Aparılan müzakirələr və fikir mübadiləsi qlobal gündəlikdə əsas yer alan məsələlərin həllində yeni yanaşmaların işlənib hazırlanmasına zəmin yaratdı və Bakı Forumu regionun lider dövləti olan Azərbaycanın dünyanın siyasi-iqtisadi problemlərinin həllində söz sahibi olan dövlətə çevrilməsinin təsdiqi oldu. Bu gün Qlobal Bakı Forumunun əsas məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən fəaliyyətlərə töhfə verməkdir. Qlobal Bakı Forumu Azərbaycan üçün çox böyük əhəmiyyətə malikdir. Bakının belə Forumlara ev sahibliyi etməsi Azərbaycanın həm mədəni, həm iqtisadi, həm də siyasi baxımdan dünyada tanınmasına gətirib çıxarır. Həmçinin, bu cür qlobal əhəmiyyətli tədbirlər Azərbaycanın beynəlxalq münasibətlərdə oynadığı rola dinamika gətirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən tədbirlərə dünyanın görkəmli siyasətçiləri dəvət edilir. Bütün bunlar Azərbaycanın rolunu xeyli dərəcədə gücləndirir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil olunan Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif yüksək səviyyəli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilmişdir.

Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər