PDF Oxu

Siyasət

  • 1 730

CƏNAB İLHAM ƏLİYEV - XXI əsr dövlət başçılarına liderlik örnəyi... ŞƏRH

image

Güclü ölkənin güclü, qətiyyətli lideri də güclü olur. Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: "Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir". Dövlətimizin başçısı İlham Əliyevin istər yerli televiziya kanallarına və mətbuatına, istər xarici mteleviziya kanallarına və mətbuatına, istəsə də xalqa müraciətlərində səsləndirdiyi hər bir bəyanatda 30 ilə yaxın müddətdə dünya dövlətlərinin siyasi iradə ortaya qoymamalarının yol açdığı sual doğuran və dəqiq cavabını axtaran məqamlar öz əksini tapıb. Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən «həqiqətə həqiqət gözü ilə baxaq» çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər.

Prezident Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində öz mövqeyini birmənalı şəkildə bildirərək demişdir: «Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik».

Bu yerdə rusiyalı hərbi ekspert, «Milli müdafiə» jurnalının baş redaktoru İqor Korotçenkonun Azərbaycan Prezidenti İlham Əliyevin dünya miqyasında siyasət adamı olduğunu vurğulayıb: «Rusiyalı izləyicilər, siyasi ekspertlər İlham Əliyevin çıxışını erməni rəqibi Nikol Paşinyanla müqayisə edərkən gördülər ki, Azərbaycan Prezidenti erməni həmkarından bir baş yox, deyərdim iki baş yuxarıda idi. Bu rəy İlham Əliyevin dünya miqyasında siyasətçi olmasından ibarətdir. Bunu qəbul etmək lazımdır. Dünən milyonlarla rusiyalı İlham Əliyevin çıxışını izlədi və ona qarşı bir daha simpatiya oyandı. Xüsusi ilə də onun çıxışındakı yüksək dəqiqlikli arqumentlər, tezislərin ardıcıllığı, münaqişənin yenidən alovlanmasının əsas səbəblərinin ifadə olunması rusiyalı izləyici üçün hərbi əməliyyatlar və ümumilikdə münaqişə haqqında ətraflı məlumat oldu. Bu xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın əmin olmayan çıxışı fonunda daha çox hiss olunurdu. İlham Əliyev Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların bərpa olunmasına gətirib çıxaran əsas səbəbləri ardıcıl olaraq dilə gətirdi. Bu çox mühüm məsələ idi. O bildirdi ki, İrəvanın qeyri-konstruktiv mövqeyi, danışıqlar prosesini uzatmaq arzusu və uzun müddətdir ki, Paşinyanın törətdiyi təxribatlar nəhayət geniş miqyaslı müharibəyə gətirib çıxarıb».

Bəli, 44 günlük Vətən Müharibəsi bir daha Prezident İlham Əliyev cənablarının dünya miqyasında LİDER siyasətçi olduğunu bir daha göstərdi. Və dəmir yumruğa çevrilən 44 günlük Vətən Müharibəsinin Qələbə sevincimizi nümayiş etdirən ZƏFƏR PARADIMIZ bunun sübutudur. Dövlətimizin başçısı İlham Əliyevin Laçının azad edilməsi ilə bağlı xalqa müraciətində qeyd etdiyi kimi, hər kəs gücümüzü, qüdrətimizi, iradəmizi gördü. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Bu, birlik, güc yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar atacağıq, ordumuzu daha da gücləndirəcəyik. İradəmiz də, təcrübəmiz də var. Dövlət başçımızın dediyi kimi: «İndi bütün ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq, qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik. Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq, şanlı Qələbə kimi!»

Bu Qələbə eyni zamanda, göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində deyildi və bütün xalqımız, o torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri, hər kəs bir arzu ilə yaşayıb və bu arzu həyata keçirildi. Prezident İlham Əliyev Azərbaycan xalqını 2020-ci ilin qalib xalqı etdi. 21 il öncə deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Bu gün Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olan, dünyadakı nüfuzu durmadan artan, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilən ölkəmiz müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir. Bax, budur uğurlu siyasət!

Ümumiyyətlə, Aəzərbacan Prezidenti İlham Əliyevin siyasi fəaliyyəti ilə bağlı keçirilən bütün sorğuların nəticələri həmişə yüksək rəqəmlərlə müşahidə olunur. Bütün bunlar nəyi ifadə edir? Hər şeydən əvvəl Prezident İlham Əliyevin məhz 21 illik fəaliyyətinə görə Azərbaycanda yeganə lider olduğunu sübutudur. Bu xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının qələbsidir. Çünki bizim yumruğumuz bizim birliyimizdir. Məhz bu siyasətin nəticəsində biz Qələbə qazandıq. Haqq, ədalət, Azərbaycanımızın bütövlüyü bərp olundu. Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev Şuşada, Cıdır düzündə çıxışı zamanı dediyi kimi: «Xalqımız bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu»,-deyərək bildirib ki, “Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu».

Çünki dövlət başçısı xalqın dəstəyinə, xalqın da liderinə böyük inamı olduğu üçün 44 gün ərzində 30 illik həsrətə son qoyuldu. Qalib Liderimiz bütün çıxışlarında, müsahibələrində dönə-dönə bildirir ki, xalqın dəstəyi mənə güc verir, iradəmi möhkəmləndirir: «Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq».

Bəli, bu Azərbaycan Prezidenti İlham Əliyev Cənablarının əsl siyasətidir. Bu "Böyük Ermənistan" xülyasına, "24 aprel" stereotipinin ağ yalanlarına 44 gün ərzində son qoyulan Qalib Liderimizin diplomatik siyasətidir. Bu xalq-dövlət birliyinin, inamının, Ali Baş Komandanın, Azərbaycan Prezidentinin “Dəmir yumruq” siyasətinin, xalq-iqtidar-ordu birliyinin həqiqətidir. Və bu qələbədə bütün şəhidlərimizin, Xocalı soyqırımı, 31 mart soyqırımı şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının dediyi kimi: “Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir, Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız”.

Buna baxmayaraq, qalib Azərbaycan bölgənin gələcək rifahı naminə Ermənistana sülh sazişi imzalamağı təklif etdi. Lakin qarşı tərəf ona uzanan sülh əlini qəbul etməyərək, müxtəlif bəhanələrlə prosesi uzadıb. Ancaq Azərbaycanın sülh çağırışına adekvat reaksiya verilməməsinin acı nəticələrini artıq Ermənistan və qanunsuz rejim bir daha gördü. Şanlı Ordumuzun 2023-cü il sentyabrın 20-də növbəti qələbəyə imza atdı. Belə ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının «Dəmir Yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitləri Azərbaycanın Qarabağ iqtisadi rayonunda keçirdiyi daha bir böyük missiyanı uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. 1988-ci ildən Azərbaycanın Qarabağ bölgəsində kök salmış sepatizm yuvası elə dövlətimizin öz gücü hesabına 2023-cü il sentyabrın 20-də cəmi 23 saat 43 dəqiqəyə darmadağın edildi. Onların kökü Azərbaycan torpaqlarından birdəfəlik kəsildi. Bununla da illərlə işğala, təcavüzə, terrora məruz qaldığı halda heç bir beynəlxalq təşkilatın həll edə bilmədiyi, daha doğrusu, görməzdən gəldiyi haqsızlığa, ədalətsizliyə Azərbaycan hərbi gücü ilə qalib gəldi. Ölkəmizin ərazi bütövlüyü suverenliyi tam təmin edildi. Qarabağ və Şərqi Zəngəzurun hər qarışında Azərbaycanın üçrəngli bayrağı qaldırıldı. Xankəndidə də Azərbaycan bayrağı dalğalandı.

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirdi ki, Azərbaycan hər zaman regionumuzda sülh və əməkdaşlığın tərəfdarı olsa da, Ermənistan bunun əksini nümayiş etdirib. Dövlətimizin başçısı bizə xor baxanlara da xəbərdarlıq edərək deyib: “Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq! Heç kim bizimlə diktat və ultimatum dili ilə danışa bilməz! Bunu heç kim unutmasın! Onu da unutmasın ki, Qarabağ Azərbaycandır!”.

Bax, budur, həqiqət! Və bu gün qalib lider Prezident İlham Əliyev irəli sürdüyü şərtlər qəbul edilir və Paşinyan və Ermənistan yeni reallıqları qəbul etməli, həmin reallıqlarla barışmalıdır. Çünki Azərbaycan qalib ölkədir və hər zaman Azərbaycan diktə edən tərəfdir! Hər kəs bu həqiqəti bilməli və görməlidir.

Bu gün bir daha böyük qürur və fəxarətlə deyirəm: Cənab İlham Əliyev xalqımızın alternativsiz lideri, yeganə inam ünvanıdır, xilaskardır, qəhrəmandır. Və Ulu Öndənimiz Heydər Əliyevin söylədiyi kimi: «İlham Əliyev həm biliyinə, həm iş təcrübəsinə, həm ağlına, həm də insani keyfiyyətlərinə görə Azərbaycanın siyasi səhnəsində görkəmli bir adamdır».

Bir sözlə, Prezident İlham Əliyevin adı xalqımız, dövlətimiz var olduqca, əsrlər boyu tarixdə ən böyük Xilaskar, Qəhrəman kimi anılacaqdır!

ZƏRİFƏ QULİYEVA,

YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri

Digər xəbərlər