Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində dünyada söz sahibinə və güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib. Dövlət başçısının yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırıb. Son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.
Martın 13-də Bakıda, “Gülüstan” sarayında “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunun öz işinə başlaması Azərbaycanın müasir dünyadakı yeri və rolunu əks etdirir. Təbii ki, ölkəmizdə belə bir mötəbər Forumun keçirilməsi hər şeydən öncə dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir. Bakı şəhərinin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Forumun paytaxtımızda keçirilməsi göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir.
Qlobal Bakı Forumu bu gün dünyada böyük maraq kəsb edir və digər beynəlxalq forumlardan miqyasına, məzmununa görə ciddi şəkildə fərqlənir. Forumda 400-dən çox qonaq iştirak edib.
Forumun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev Forumun önəmindən bəhs edərkən vurğulamışdır: “Bu gün söyləmək istərdim ki, biz Mərkəzin bütün üzvlərinə, onun İdarə Heyətinə, həmsədrləri - xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Serageldinə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliyyətinə görə minnətdarıq. Mən, həmçinin söyləmək istəyirəm ki, biz Beynəlxalq Mərkəzin üzvlərinin Azərbaycanda ötən ilin noyabrında keçirilmiş COP29 tədbirində fəal iştirakını görməkdən çox məmnun olduq. Mərkəzin bəzi üzvləri Məşvərət Komitəsində iştirak edirdilər. Mərkəz 16 panel müzakirəsi keçirdi. Əslində, onlara ev sahibliyi etdi, onları təşkil etdi və öz pavilyonu ilə daha çox panel müzakirələrdə iştirak etdi. Bir sözlə, həqiqətən, bu, COP29-un uğuruna böyük töhfə idi. Bu, ötən il Azərbaycanda əsas beynəlxalq tədbir idi”.
Biz həqiqətən çox fərəhlənirik ki, təxminən 200 ölkənin yekdil qərarı ilə seçildik. Bu, bizə olan hörmətin, etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə fəaliyyətimizə verilən qiymət idi. Baxmayaraq ki, biz faydalı qazıntılarla zənginik, gündəliyimizdə bərpaolunan enerjiyə diqqət yetirilir. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bizim bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, biz bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq.
Forumda Ermənistan-Azərbaycan münasibətlərinə toxunan dövlətimizin başçısı vurğulayıb ki, biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri və Ermənistanın təcavüzünün məhz bizə verdiyi ziyanı bilirik. Biz azad olunmuş ərazilərimizdə görürük ki, barbarlığın səviyyəsi nə yerdədir. Bütün şəhərlər, kəndlər yerlə-yeksan olunub və onlar bizim kəndlərimizə, şəhərlərimizə, bizim dinimizə və tarixi irsimizə qarşı bilərəkdən belə hərəkətlər etmişlər. 65 məscidi dağıtmışdılar. Ölkə Prezidenti bu çağırışı səsləndirdi ki, biz Cənubi Qafqazda sülh qurmalıyıq. Azərbaycan sülh prosesinə bağlıdır və əslində, həmin sülh müqaviləsinin müəllifidir. Bu müqavilə Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb.
Prezident İlham Əliyev Bakı Forumunun iştirakçılarını dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlərdən də bəhs etdi. Vurğuladı ki, biz beynəlxalq hüquq əsasında öz ləyaqətimiz üçün mübarizə apardıq. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri 27 il kağız üzərində qaldı. Əgər biz öz torpaqlarımızı güc vasitəsilə azad etməsəydik, növbəti 27 il də belə qalacaqdı. Bəzən sülhə nail olmaq, ədaləti bərpa etmək üçün gücdən istifadə etməlisiniz. Biz görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir. Bəzi ölkələr öz resurslarını hərbi potensialının, infrastrukturunun gücləndirilməsi üçün sərf edir. Biz bunu ən azı 20 ildir edirik. 2005-ci ildən etibarən güclü ordu yaratdıq. O ordu əraziləri azad etdi, separatçılığa son qoydu və beləliklə, ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub. Bu, nəinki Azərbaycan xalqının güclü iradəsinin təzahürüdür, o cümlədən bu, beynəlxalq ədaləti nümayiş etdirir.
Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı bir daha dövlətimizin regional və qlobal tərəqqiyə böyük töhfələr verdiyini sübut etdi. Bu çıxış həm də onu göstərdi ki, Azərbaycan dövləti güclənməkdə, beynəlxalq aləmdəki nüfuzunu artırmaqda davam edir və heç bir qüvvə bu prosesin qarşısını ala bilməz.
Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri