Xalqımızın milli-mənəvi irsini özündə təcəssüm etdirən Novruz yeni günün, yeni arzuların, milli ruh və duyğuların bayramıdır. Novruz fəlsəfəsi cəmiyyətdaxili münasibətləri tənzimləyən, insanlar arasında səmimiyyəti, dialoqu önə çəkən yüksək dəyərləri ehtiva edir. Dünyada milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutub. Uzun illər aparılan tədqiqatlar zamanı aydın olub ki, qədim köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinəsini qoruyub-saxlaya bilmişdir. Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr yaşayaraq, əsrimizə və yeni yüzilliyə qədər gəlib çatmışdır.
Hər il müsəlman dünyasının həvəslə qarşıladığı və yola saldığı Novruz bayramı xalqın tarixi kökünü və adət-ənənələrini özündə yaşadır.
Novruz bayramı təbiətlə - su, od, torpaq, yel ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edir. Novruz bayramı təbiətlə bağlı su, od, torpaq, yel ilə bağlı dörd əsas arxaik xüsusiyyətləri özündə saxlamaqla yanaşı, cəmiyyətdə humanist insani münasibətlərin məntiqini ifadə edən bəşəriliyilə seçilir. Novruzaqədərki yaxın 4 həftənin 2-ci günlərini-çərşənbələri ulularımız Su, Od, Yel və Torpaq Çərşənbəsi adlandırmışlar. Bu dörd çərşənbənin qeyd olunmasının arxasında böyük həqiqətlər dayanır. Xalqımız üçün əziz olan bu bayramı - əbədiyaşarlıq rəmzi olan Novruz bayramını qeyd edirik. Bu bayrama tarixi inkişaf boyunca baxdığımız zaman onun qədim mədəni köklərə və mənəvi qaynaqlara bağlı olduğunu görürük. Keçmişdə olduğu kimi, bu gün də Azərbaycanda Novruz Bahar bayramı kimi qeyd olunmaqdadır.
Bütün həyatını Azərbaycan xalqının rifahına və çiçəklənməsinə sərf etmiş Ümummilli Liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin sovet hakimiyyəti illərində Azərbaycana birinci rəhbərliyi dövründə xalqımızın yaddaşında özünə yuva qurmuş Novruz bayramı milli-mənəvi xüsusiyyətləri və dəyərləri özündə əks etdirməklə, dövlət səviyyəsində qeyd edilmiş, bununla da imperiyanın sərt qadağalarına baxmayaraq, milli bayramımız qorunaraq, nəsillərdən-nəsillərə ötürülməklə saxlanılmışdır. "Vaxt var idi ki, bu bayram bəzi səbəblərdən qadağan olunmuşdu. Ancaq həmin onillikləri biz hamımız bir yerdə yaşamışıq və hamımız da bilirik ki, heç kim bu qadağaya fikir verməyibdir və öz bayramını edibdir. Bu bayram elə bayramdır ki, özünün maddi vəziyyətindən asılı olmayaraq hər bir insan - zəngin adam da, orta yaşayan da, lap kasıb şəraitdə yaşayan insan da onu bayram edir. O illər ki, bizim bu ümumxalq bayramının keçirilməsinə imkan yox idi, hər kəsin evində mütləq səməni də, rənglənmiş yumurtalar da, plov da var idi. Ən azı bu idi, hər kəs bunu edə bilirdi", - deyə Ulu Öndər qeyd edib. Azərbaycan xalqı müstəqillik əldə etdikdən sonra, xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderimiz, Ulu Öndərimiz Heydər Əliyevin bilavasitə səyləri nəticəsində Novruz bayramı dövlət bayramı elan olunmuş, şəxsən Onun iştirakı ilə milli bayramımız ümumxalq şənlikləri çərçivəsində yüksək təmtəraqla qeyd edilmişdir.
Gecə ilə gündüzün bərabərləşdiyi ilk bahar günündə yurdumuza qədəm qoyan bu bayram insanları daim birliyə, sülhə və əmin-amanlığa çağırır. "Bu bayram bir də onunla fərqlənir və səciyyələnir ki, bu bayramda siyasi baxışlarından, siyasi dünyagörüşündən asılı olmayaraq hamı bayram edir… bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır. Ona görə də Novruz bayramını hər il böyük el bayramı kimi, hər bir insanın şəxsi bayramı kimi qeyd edərək biz istəyirik, arzu edirik və bu, Azərbaycan vətəndaşlarının əksəriyyətinin arzusudur ki, ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi, birliyi olsun. Bu ali məqsədləri, ali fikirləri ulu babalarımız bizə nəsihət ediblər. Bu bayram yaranandan onun xüsusiyyətləri insanları həmişə dostluğa, həmrəyliyə, qarşılıqlı anlaşmaya dəvət edibdir", - deyə Ulu Öndər Heydər Əliyev bildirmişdir.
Azərbaycan xalqının milli sərvəti olan muğam və aşıq sənətindən sonra, milli adət-ənənələrimizi özündə əks etdirən və öz orijinallığı ilə seçilən Novruz bayramımız 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş, 2010-cu il 23 fevralda isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi və Beynəlxalq Novruz Günü elan edilməsi milli adət-ənənələrimizin dünyəviliyini, bəşəriliyini, ona irqindən, dinindən asılı olmayaraq, bütün millətlərin maraq göstərməsini təsdiqlədi. Bu, Azərbaycanın tarixiliyini, özünəməxsusluğunun dünyada işıqlandırılmasına və irsin bəşəriliyini ifadə edən faktor kimi ortaya qoyulması ilə səciyyələndi. Beynəlxalq çərçivədə qəbul edilən Azərbaycan milli xəzinəsi dünyanı təəccübləndirmək iqtidarındadır.
Ümummilli Lider Heydər Əliyevin adət-ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunması sahəsində fəaliyyətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin göstərişi və tapşırığı əsasında hər il dövlət və milli bayramlarımız, xüsusilə, Novruz bayramımız ildən-ilə daha yüksək təmtəraqla qeyd edilir. Bu gün sevindirici və qürurverici bir haldır ki, xalqımız Novruz bayramını işğaldan azad olunan ərazilərimizdə, əzəli torpaqlarımızda qeyd edir. "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm", - deyə Ulu Öndər bildirmişdir. Artıq Ulu Öndər Heydər Əliyevin söylədiyi fikirlər bir həqiqətə çevrildi. Tonqallarımız əzəli torpaqlarımızda qalanır, el-obamız bayramı qaşılayır. Qəlblərdə sevgi, torpaqda atəş yaşanır. Bu gün artıq bütöv Azərbaycanda Novruz bayramı dövlət səviyyəsində qeyd olunur. Azərbaycan xalqı artıq beşinci ildir ki, daha böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə bayramı qarşılayır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda – Bütöv Azərbaycanda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri