“Müasir Azərbaycan və Gürcüstan strateji tərəfdaş ölkələrdir. Ölkələrimiz arasında münasibətlər bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edir. Biz hər zaman – həm kədərli, həm də sevincli anlarımızda birlikdəyik”. SİA xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya Tbilisidə Azərbaycan səfirliyi və Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) birgə təşkilatçılığı ilə təşkil olunan iftar mərasimində söyləyib.Onun sözlərinə görə, mədəniyyət və təhsil də daxil olmaqla bütün istiqamətlər üzrə əlaqələr yüksək səviyyədədir və elə bir sahə yoxdur ki, sıx əməkdaşlıq edilməsin. Bu isə illər ərzində formalaşan dostluq və əməkdaşlıq ənənəsinin bariz nümunəsidir.Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iki ölkə arasında iqtisadi əlaqələrin dinamik inkişaf etdiyini vurğulayıb.Bildirib ki, Gürcüstanda Azərbaycan kapitalı olan şirkətlərin sayı 5 mindən çoxdur. Azərbaycanda da Gürcüstan kapitalı olan şirkətlərin sayı artıq 1000-ə yaxındır. Bu, hər iki dövlətdə biznes sahəsində yaradılan müsbət şəraitin göstəricisidir. Diplomat deyib ki, Azərbaycan dövləti tərəfindən Gürcüstan iqtisadiyyatına yatırılan sərmayələrin həcmi təxminən 4 milyard dollara yaxınlaşır.Gürcüstanda həyata keçirilən sosial layihələrin ümumi maliyyə həcmi milyonlarla ölçülür və bu istiqamətdə əməkdaşlıq davam edəcək.Sonra AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov, Gürcüstanın Dini məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Faiq Nəbiyev və başqaları çıxış edərək Ramazan ayının məziyyətləri, faydaları barədə danışıb, müsəlmanları bayram münasibətilə təbrik ediblər.Tədbirdə Türkiyə, İran, Qazaxıstan, Türkmənistan, Səudiyyə Ərəbistanının səfirləri və diplomatları, Azərbaycan və Türk şirkətlərinin nümayəndələri, soydaşlarımız iştirak ediblər.