Azərbaycanın sürətli inkişafı və beynəlxalq aləmdə mövqeyi Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Cənab İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra yalnız dövlətimizin maraqlarına xidmət edən siyasət həyata keçirməkdə böyük uğurlar əldə edib. Bu müddət ərzində Azərbaycan dövlətinin bütün sahələrdə maraqları təmin edilmiş, qətiyyətli və ardıcıl addımlar atılmışdır.
Prezident İlham Əliyevin mükəmməl dövlətçilik təcrübəsi və liderliyi sayəsində Azərbaycanın dinamik inkişafı təmin edilmiş, beynəlxalq arenada ölkəmiz yüksək nüfuza malik regional lider olaraq mövqeyini möhkəmləndirmişdir. Qlobal geosiyasi gərginliyin artdığı bir dövrdə Azərbaycan dünya siyasətində mühüm qərarların qəbul edildiyi və bəşəriyyətin qarşılaşdığı problemlərin müzakirə edildiyi məkana çevrilib.
Azərbaycan enerji resursları, iqtisadi potensialı və nəqliyyat-kommunikasiya qovşaqları ilə beynəlxalq güclərin diqqətini cəlb edir. Azərbaycanın beynəlxalq nüfuzu gündən-günə artır. Dünya səviyyəsində keçirilən tədbirlərdə Azərbaycanın aktiv iştirakını və rolunu görmək mümkündür. Qoşulmama Hərəkatına 4 il sədrlik etməsi, Birləşmiş Millətlər Təşkilatının COP-29 sammitini Bakıda keçirməsi və Nizami Gəncəvi adına Qlobal Forumda nümayəndə heyətinin iştirakı Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin güclənməsini təsdiq edir.
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumu çərçivəsində “Euronews” televiziyasına verdiyi müsahibədə Azərbaycanın mövqeyini bir daha ifadə edib. O, müharibələr və qlobal gərginliklərlə bağlı məsələlərə münasibət bildirərək, Azərbaycanın suverenliyinə və müstəqilliyinə verdiyi önəmi vurğulayıb. Dövlətimizin başçısı qeyd edib ki, hər bir ölkə öz taleyinə sahib olmalıdır: “Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq”.
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Ermənistanın təcavüzünün aradan qaldırılması Azərbaycanın inkişafına daha da əlavə imkanlar yaratmışdır. Azərbaycanın gələcəyi bu günündən daha firavan olacaqdır.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri