Azərbaycan bu gün öz tarixinin daha bir qanlı səhifəsini yad edir. 31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ... 31 mart -Azərbaycanda erməni vəhşiləri tərəfindən qanlı soyqırımın unudulmaz tarixlərindən biridir. Bu tarix həmiş iyrənc maskaları ilə dünyaya “biz günahkar deyilik, günah türklərdədir” deyə bağıran daşnak sözçülərinin son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu yazıldığı unudulmayan o tarixdir ki, erməni vəhşiliyini, erməni zülmünü və erməni qaniçənliyini bir daha üzə çıxarır və xatırladır ki, ey azərbaycanlılar, ulu babaları, nənələri qanında boğulmuş millət, unutma ki, unudulmayasan!
Bu da real faktdır ki, 31 Mart soyqırımı mənfur erməni birləşmələrinin öz niyyətlərini - azərbaycanlıları yer üzündən silmə niyyətlərinin bariz nümunəsidir. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə edib. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər.
Bax, bu tarixi hadisələr heç vəxt unudulmamalıdır və unudulmur da! Və bu hadisələrdə nə qədər olursa-olsun, millətimiz heç vaxt yıxılmadı, xalq olaraq hər zaman bir olduq, birlikdə güclü olduq. Ulu öndər Heydər Əliyevin də qeyd etdiyi kimi, tarixi hadisələrə biganə yanaşmasın, faciələrdən nəticə çıxarmağı bacarsın.
Qeyd edim ki, sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzaladıyıb. Fərmanda 1918-ci ildə baş verən soyqırımı hadisəsinə siyasi-hüquqi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Bununla yanaşı, Prezident İlham Əliyev “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib.
Artıq bu gün bütün dünya ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan, Qalib Lider İlham Əliyev tarixi hadisələrə «Dəmir Yumru» siyasəti ilə erməni faşistlərinin və ona dəstəy olanların iç üzünü Vətən müharibəsində bir daha gördü. 44 günlük Vətən müharibəsində Gəncə və Bərdə şəhərlərinə atılan bombalar nəticəsində 54 nəfər həyatını itirdi, 195 nəfər isə yaralandı. Ermənilər dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan istifadə etməklə vandal, nasist simalarını bütün dünyaya bir daha nümayiş etdirdilər.
Ali Baş Komandanımız bütün dünyaya sübut etdi ki, məhz erməni kimi, insanlıq xüsusiyyətlərindən uzaq bir düşmən tərəfindən uzun müddət işğal altında qalan torpaqlarımızın azad edilməsinin yeganə yolu müharibədir. 44 günlük bu Vətən müharibəsi və qazanılmış qələbə Azərbaycan tarixinin ən parlaq səhifələri kimi milli yaddaşımızda əbədi olaraq qalacaqdır. Prezident, Ali Baş Komandan İlham Əliyev cənablarının söylədiyi kimi: «Mən bir daha deyirəm və hər dəfə də deyəcəyəm, bizim Qələbəmiz təkcə Ermənistan dövləti üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini məhv etdik».
Artıq beş ildir ki, xalqımız bəşər tarixində ən qanlı cinayətlərdən biri olan 31 MART soyqırımı günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad etməklə yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı tarixi Qələbənin sevincini yaşayır. Ancaq bu tarixi – 31 Mart soyqırımını, erməni vəhşiliyini, erməni zülmünü və erməni qaniçənliyini unutmayaq. Çünki 31 Mart soyqırımında ulu babaları, nənələri qanında boğulmuş millət bu zülmi unutmamalıdır ki, unudulmayasan! Artıq bu gün ərazi bütövlüyü və suverenliyi bərpa edilən Azərbaycan var. Artıq hər birimiz Böyük Qayıdışa doğru gedirik. Əbədi torpaqlarımız düşmən işğalından azad olunmaqla, soyqırım qubanlarının da ruhu şad olmuşdur. Düşmən isə bütün müvafiq qanunlar qarşısında törətdiyi cinayətlərinə görə cavab verəcək, mütləq cavab verəcək. Buna heç kimin şübhəsi olmasın.
Allah soyqırımı qurbanlarının ruhunu şad etsin!
ZƏRİFƏ QULİYEVA,
YAP Veteranlar Şurasının üzvü, «Modern ailə və inkişaf» İctimai Birliyinin sədri