Cənubi Qafqazda tarixi Azərbaycan torpaqlarına böyük bir planın tərkib hissəsi kimi yerləşdirilmiş ermənilər azərbaycanlılara qarşı düşmənçilik siyasətini heç zaman gizlətməyiblər. Tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımlarla gerçəkləşdiriblər.
Bəli, bu faciələrdən biri də 107 il bundan əvvəl, 1918-ci ilin martında daşnak-bolşevik silahlı dəstələri tərəfindən xalqımıza qarşı reallaşdırılan kütləvi qırğınlar idi. Azğınlaşan erməni millətçiləri Bakı da daxil olmaqla quberniyanın bütün ərazilərində minlərlə əliyalın, dinc sakinə divan tutdular. Yaşayış məntəqələri, mədəniyyət ocaqları, məscid və məzarlıqlar yerlə-yeksan edildi. Gözü qana susayanlar bununla kifayətləndilərmi? Əlbəttə ki, yox. Onların insanlığa sığmayan əməlləri , Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də vandalizm aktları, etnik təmizləmələrlə nəticələndi. Azərbaycanlılara qarşı törədilən cinayətlərin ən qanlı səhifələrindən olan 31 mart soyqırımı bəşər tarixinin ən dəhşətli səhifələrindən biri, misligörülməmiş vandalizm aktıdır. Bu, erməni toplumunun Azərbaycan ziyalılarına, Azərbaycan Demokratik Respublikasının yaradıcılarına qarşı nemesis əməliyyatı idi.
Bu gün Azərbaycan xalqı həmin o soyqırımın unudulmaması, tarixi keçmişimizin gələcək nəsillərə ötürülməsi üçün bütün səylərini səfərbər edib. Çünki biz bir millət olaraq “Hər cinayətin layiqli cəzası olmalıdır” ideologiyası ilə tariximizi nə unuduruq, nə də unutdururuq. Təbii ki, bu da cinayətkar ünsürlərin beynəlxalq aləmdə ifşa edilməsi məsələsini aktuallaşdırır. Bu istiqamətdə Azərbaycan dövləti kifayət qədər addımlar atıb.
Yaxın keçmişə nəzər salsaq, görərik ki, 1919-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən martın 31-nin "Ümumilli matəm günü" kimi qeyd edilməsi faciəyə verilən ilk siyasi qiymət idi. Azərbaycan Xalq Cümhuriyyətinin təşəbbüsü ilə bu cinayətlərin araşdırılması üçün yaradılan Fövqəladə İstintaq Komissiyasının aşkarladığı faktlar əslində dünyaya çatdırılması üçün vacib sübutlar idi. Amma Xalq Cümhuriyyətinin süqutu bu soyqırımın hüquqi cavab almasını əngəllədi. Proses dayandırıldı və baş verənlərin yekun təhqiq edilməsinin qarşısı alındı.
Hadisədən 1 əsrə yaxın vaxt keçdi. Düz 80 ildən sonra - 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında bu faciəyə adekvat siyasi qiymət verildi. 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Heç şübhəsiz ki, Ulu Öndərin məlum hadisəyə bu fərmanla reaksiya verməsi, həm soyqırımın ictimailəşdirilməsinə, həm də Azərbaycan xalqının tarixi keçmişinə, bu gününə və gələcəyinə hesablanan uzaqgörən siyasətin nəticəsi idi. Bu fərman təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda yaşayan soydaşlarımızın 31 Mart soyqırımını "anım günü" olaraq qeyd etmələri ilə nəticələnir.
Azərbaycan xalqı, Azərbaycan hakimiyyəti Erməni vandallarının xalqımıza qarşı törətdiyi amansız soyqırımının ictimailəşdirilməsi istiqamətində bu gün də susmur. Bu hadisələr məhz Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyev tərəfindən beynəlxalq platformalardan dünyaya çatdırılır.Ölkə başçısının 2018-ci il yanvarın 18-də imzaladığı "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncamı da erməni-bolşevik silahlı dəstələrinin törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılmasına hesablanan növbəti düşünülmüş addım idi. Ötən illər ərzində Quba şəhərində kütləvi məzarlıqların aşkar olunması deməyə əsas verir ki, erməni millətçilərinin törətdikləri faciələrin coğrafiyası daha genişdir. Və bu miqyas sonrakı mərhələdə 20 Yanvar, Xocalı Soyqırımı kimi digər vandalizm aktlarında daha da genişləndi. O zaman da biz dünyadan bu hadisələrə düzgün hüquqi qiymətin verilməsini istədik və gözlədik. Amma səbr kasamız 30 il sonra Ali Baş Komandanın "əks-hücum əməliyyatı" əmrini verməsi ilə daşdı. BMT-nin illərlə kağız üzərində reallaşdıra bilmədiyi qətnamələri 44 günə reallaşdıran Azərbaycan höküməti, Ordusu və Xalqı keçmişini unutmur, unutmayacaq da! Çünki keçmişini dananlar bu gün azərbaycanlılara qarşı törətdikləri əməllərə görə hüquq qarşısında boynu bükük şəkildə imdad diləyir, bir-birlərini sataraq cavab verirlər!
Bu TARİXDİR! Azərbaycanlıların qürür və məğrurluq tarixi!
O tarix ki, Ali Baş Komandanın Dəmir yumruğu, müzəffər Azərbaycan Ordusunun şücaəti ilə qızıl hərflərlə ədəbiyyata və əbədiyyata yazıldı!.
Aytən Qurbanova
YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi